Azərbaycan, İran və Rusiya arasında Tranzitin Asanlaşdırılması üzrə Anlaşma Memorandumu imzalanıb.
Üç ölkə bununla Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizindəki iştirakını gücləndirmək üçün yeni alətlərə yiyələnir.
Azərbaycan Şimal-Cənub dəhlizinin həmtəsisçilərindən olan Rusiya, İran və Hindistan arasındakı ticarətdə, bu ticarətin Avropa ilə arteriyasının yaradılmasında orta həlqə kimi faydalanmaq imkanlarına malikdir, yəni böyük tranzit əhəmiyyəti daşıyır.
İqtisadi tabloda Azərbaycanın Rusiya və İran arasında tranzit rolu oynaması onun üçün doğulacaq qazancları inkişaf etdirir. Azərbaycanın bundan sonra əldə edəcəyi iqtisadi dividendləri belə təsnif edə bilərik:
1. Sərbəst ticarətin təşviqi sürətlənəcək;
2. Ticarət infrastrukturu modernləşdiriləcək;
3. Milli iqtisadiyyatın digər müstəvidə diversifikasiyası və beynəlxalq aləmə inteqrasiyası asanlaşacaq;
4. Hindistan kimi nəhəng dövlətin regionda, o cümlədən Azərbaycanda iqtisadi maraqları artacaq;
5. Rusiya-Azərbaycan-İran arasında enerji dəhlizinin yaradılması dəyər qazanacaq.
Azərbaycanın planında, böyük ehtimal ki, reallaşdırılacaq Zəngəzur dəhlizinin Şimal-Cənub nəqliyyat koridoruna, eləcə də Şərq-Qərb dəhlizinə inteqrasiya edilməsi məsələsi yer alır, amma hələlik mövcud razılaşmaların icra edilməsi ümdə məsələdir.
Hələlik Rusiya, Azərbaycan və İran dəmiryolları şəbəkəsinin tam birləşdirilməsi baş tutmayıb, çünki İran ərazisində Rəşt-Astara dəmiryolunun tikintisi yubanır.
Rəşt-Astara dəmiryolunun tikintisi yekunlaşsa və o işə düşsə, İranın cənubundakı Fars körfəzi limanları ilə şimalda Xəzər dənizinin sahilindəki Rəşt limanı arasında arteriya təmin ediləcək.
Lakin bəzi gecikmələr göstərir ki, Şimal-Cənub dəhlizinə əsaslanan əməkdaşlıqdan maksimum fayda əldə etmək üçün əlavə güclü stimullar tələb olunur.
Bu stimul üçün siyasi iradə mövcuddur, belə ki, Şimal-Cənub dəhlizinin iqtisadi layihə kimi əsas funksiyasının yerinə yetirilməsində Bakı da, Tehran da, Moskva da qərarlıdır, çünki bu marşrut regional və qlobal səviyyədəki ticarəti asanlaşdıran münbit platformadır.
Layihənin trafiki təkcə iqtisadi parametrlərlə yeni prioritetlər yaratmır, eyni zamanda siyasi və təhlükəsizlik çağırışları ortalığa çıxarır.
Bəzi yubanmalar inteqrasiyaların intensivləşdirilməsi zamanı meydana çıxa biləcək çətinliklər və imkanların təhlükəsizlik mühiti ilə əlaqələndirilməsi səbəbinə söykənə bilər.
Azərbaycanın Şimal-Cənub marşrutunun vacib kəsişməsində yerləşməsi Bakıya əlavə siyasi-iqtisadi təsir imkanları qazandırır və daha böyük bazarlara çıxışını təmin edəcək.
Oxu.az
Paylaş: