Bu ilin əvəlində Ukraynaya qarşı başlatdığı təcəvüzkar müharibədən sonra Qərb ölkələri Rusiyaya qarşı sanksiya təzyiqini əhəmiyyətli dərəcədə artırdı. Şimal qonşumuz artıq 12 minə yaxın məhdudiyyət altındadır ki, onların da 75 %-i 24 fevraldan (müharibənin başladığı gün) sonra tətbiq edilib. Sanksiya siyasətinin önündə Avropa İttifaqı (Aİ) gedir. Bu günə kimi Aİ Rusiyaya qarşı 8 sanksiya paketini təsdiq edib. Hələ iyunda qəbul edilən 6-cı sanksiya paketi çərçivəsində Rusiyadan dəniz yolu ilə neft alışına embarqonun qoyulması nəzərdə tutulurdu.
Embarqo bu gündən qüvvəyə minir. Rusiya “qara qızıl”ı üçün dekabrın 5-ni “qara gün” adlandırsaq yanılmarıq. Belə ki, Aİ eyni zamanda bu gündən Rusiya neftinin qiymətinə limit tətbiq edəcək. Bu hədd 60 ABŞ dolları təşkil edir. Əgər daşınan neftin qiyməti bu həddən yuxarı olsa tankerlərə texniki xidmət göstərilməyəcək. Qiymət limitini G7 ölkələri və Avstraliya da dəstəkləyib.
Nəzərə almaq lazımdır ki, Rusiyanın neft ixracının 70-85 %-i dənizlə daşınır. Bu ilin yanvar ayına kimi əsas tədarük bazarı məhz Avropa İttifaqı idi. Neftin dənizlə ixracının 85 %-i Rusiyanın payına düşürdü. Müharibədən sonra Aİ tərəfindən asıllığın azaldılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində sentyabrda həmin göstərici 25 %-in altına düşürüldü. Əsas tədarük bazarını itirən Rusiya Çin və Hindistana yönəlməli oldu. Alıcıların məhdud olduğu bir durumda Rusiya azad olan həcmləri maksimal dərəcədə reallaşdırmaq üçün yüksək endirimlər etmək məcburiyyətində qaldı. Bəzi hallarda bu cür endirimlər 30 ABŞ dollarına çatırdı. Bu, Rusiya neftinin satış qiymətinin aşağı düşməsi ilə nəticələndi.
Bu həcmlər getdikcə daha da azala bilər. Məsələ burasındadır ki, satılan neftin qiyməti müəyyən olunan həddən yuxarı olsa yük sığortalanmayacaq. Nəzərə almaq lazımdır ki, dünya üzrə tankerlərin sığortası bazarının 90 %-dən çoxu gəmiləri sığortalayan 13 ən iri klubun daxil olduğu “International Group of P&I Clubs”ın payına düşür. Həmin təşkilat isə Avropa qanunvericiliyinə tabe olur. Hətta Çin höküməti və şirkətəri belə Rusiyanın sığortaçılarının və onun milli təkrar sığorta şirkəti tərəfindən gəmilərə və yüklərə verilən sığorta sənədlərini tanımaqdan imtina edib. Halbuki dənizə neft axması kimi hallar üzrə öhdəliklər 500 milyon ABŞ dollarına çata bilər.
Proqnozlara görə, gələn il Rusiya nefti üçün endirimin 34 ABŞ dollarına kimi artacaq, bir barelin qiymətinin 57 ABŞ dollarına düşəcək. Bu isə Rusiyanın neft gəlirlərini əhəmiyyətli dərəcədə azalda bilər. Lakin bu da son deyil. Aİ Rusiyadan alınan təbii qazın da qiymətinə limitin təyin olunması istiqamətində aktiv müzakirələr aparır. Hələlik bu sahədə konsensusa nail olmaq mümkün olmasada qarşıdakı aylarda bu məsələnin öz həllini tapacağı şübhə doğurmur. Bu, şimal qonşumuzun ixrac gəlirlərinin azaldılması yönündə daha bir təsirli alət olacaq.
Report
Paylaş: