2023-cü ildə Avropa İttifaqı ölkələrinin Rusiya-Ukrayna müharibəsi səbəbilə iqtisadi tənəzzülə uğrayacağı proqnozlaşdırılır. Bu barədə yeni ilin ilk günü Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva açıqlama verib. O, BVF-nin 2023-cü ilin “qarışıqlıq ili” olacağını proqnozlaşdıran hesabatlarından birini şərh edərkən qeyd edib ki, cari ildə vəziyyət 2022-ci illə müqayisədə iqtisadiyyat üçün daha çətin olacaq. Çünki ABŞ, Aİ və Çin iqtisadiyyatının artım templəri yavaşlayır. Lakin Georgiyeva onu da diqqətə çatdırıb ki, Avropa hökumətləri çətin şəraitdə mükəmməl işləyirlər, ona görə də dağılmayacaqlar.
Maraqlı məqam odur ki, indiyədək 2023-cü illə bağlı proqnozlarda, əsasən, müsbət fikirlərə yer verilirdi. Məsələn, dünya iqtisadiyyatının pandemiyanın əvvəlindən etibarən yaşadığı böhranın müəyyən dərəcədə aradan qaldırılacağı barədə vaxtaşırı fikirlər səsləndirilib. İndi isə belə bir yanaşma ortaya çıxıb.
Məsələni Oxu.Az-a şərh edən iqtisadçı-ekspert Xalid Kərimli resessiya riskinin səbəblərindən və doğuracağı nəticələrdən söz açıb:
“Azərbaycanda 2022-ci ilin nəticələri hələ açıqlanmayıb, əgər ötən il üçün 3,2 faizlik iqtisadi artım gözlənilirsə, 2023 üçün bundan daha az - 2,7 faiz artım gözlənilir. Ortada 0,5 faizlik fərq var. Qlobal iqtisadiyyatda isə 2022-ci ildəki 2,4-2,5 faizlik artımın 1,3 -1,4 faizə düşəcəyi gözlənilir. Bu azalma qlobal ticarətin həcmində də müşahidə olunacaq. Avropa Birliyinə daxil olan bir çox ölkələrdə resessiya gözlənilir. Resessiya iki rüb ərzində iqtisadiyyatın kiçilməsi deməkdir. Bu riskin mövcudluq səbəbləri Avropadakı enerji böhranı, Rusiya ilə əlaqələrin pisləşməsidir. Çində epidemioloji vəziyyətin necə davam edəcəyi, ABŞ Mərkəzi Bankının sərt pul siyasətinin inkişaf etməkdə olan ölkələrə hansı neqativ təsirləri göstərəcəyi, Rusiya-Ukrayna müharibəsinin genişlənmə imkanları qlobal iqtisadiyyata təsir edən amillərdir. Resessiya hadisəsi dünya üçün müsbət tərəfdən ona gətirib çıxaracaq ki, cari ildə inflyasiya azalacaq. İnflyasiyanın təqribən iki dəfəyə qədər azalması gözlənilir. Ərzaq qiymətləri düşəcək.
Azərbaycan üçün isə bir az neqativ xəbərlər var. Belə ki, neft qiyməti indeksində azalma olacaq. 2022-ci ilin orta neft qiymətləri ilə müqayisədə 2023-cü ilin orta neft qiymətlərinin 8-12 faiz daha aşağı olacağı gözlənilir. Amma bu hadisə neft gəlirlərimizi aşağı salsa da, neftin qiyməti yenə proqnozlaşdırılandan yüksək qalacaq. 50 dollardan proqnozlaşdırıldığı halda, neftin qiyməti 80-90 dollar arasında formalaşacaq. Bu isə o deməkdir ki, tədiyyə balansımız profisitlə olacaq”.
Ekspert inflyasiyanın Azərbaycanda da indiki səviyyədən aşağı düşəcəyini, yeddi faizin altında olacağını vurğulayıb:
“Azərbaycanın iqtisadi artımına gəldikdə, gözləntilər bu ildən daha aşağıdır. Azərbaycanda 2023-cü il üçün 3,5 faizlik artımı hökumət planlaşdırır, ancaq əvvəldə də qeyd etdiyim kimi, beynəlxalq təşkilatlar hesab edirlər ki, Azərbaycanda 2,7 faizlik bir artım olacaq. Orta aylıq əməkhaqqının təqribən 12-13 faiz artacağı gözlənilir. Gəlirlərin artımı inflyasiyanın artımını üstələyəcəyinə görə bu, bir az əhalinin maddi rifahını yaxşılaşdıracaq. 2022-ci ildə isə vəziyyət pisləşmişdi. Bir sözlə, 2023-cü ildə Azərbaycan üçün iqtisadi artımın davam edəcəyi və iqtisadi artımın əsas aparıcı qüvvəsinin qeyri-neft sektoru olacağı gözlənilir. 2023-cü ildə iqtisadi artım 2,7 olacaqsa, qeyri-neft sahəsinin ÜDM artımı 4,5 faiz təşkil edəcək. Bundan əlavə, manat stabilliyi, daha dəqiq desək, manatın dollara fiksə edilmiş məzənnəsi eyni tempdə davam edəcək.
2023-cü il həm də Azərbaycanın enerji layihələrini həyata keçirəcəyi bir ildir. Bu il Şərqi Zəngəzurun və Qarabağın bərpası istiqamətində də intensiv ildir, ölkə büdcəsindən bu istiqamətdə üç milyard manat vəsait ayrılıb. Fors-major hal baş verməzsə, hadisələr bu cür cərəyan edəcək. 2023-cü ildə Azərbaycanda makroiqtisadi maliyyə sabitliyi qorunacaq”.
Sayad Həsənli
Paylaş: