Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Pandemiyanın dünya iqtisadiyyatına təsiri
2020-ci ildən etibarən Covid-19 pandemiyasının dünyada yayılması 2008-ci ildə baş vermiş maliyyə böhranından sonra dünya iqtisadiyyatında ən böyük daralmaların yaranmasına və iqtisadi inkişafın əhəmiyyətli dərəcədə zəifləməsinə səbəb oldu. Pandemiya nəticəsində dünyanın müxtəlif ölkələrində tətbiq edilən qadağalar tarixdə görünməmiş şəkildə, eyni zamanda müxtəlif iqtisadi fəaliyyət sahələrində fəaliyyətin dayandırılmasına gətirib çıxardı ki, bu da iqtisadi aktivliyin əsaslı şəkildə zəifləməsinə səbəb oldu. Pandemiya həm də qlobal iqtisadi sistemin ölkələr arasında yüksək asılılıq yaratmasının mənfi tərəflərini də açıb göstərdi. Belə ki, pandemiyanın təsiri ilə qlobal təchizat zəncirinin dayanıqlılığının pozulması bir çox istiqamətlər üzrə istehsal prosesinin korlanmasına və bir sıra məhsullar üzrə çatışmazlıqların yaranmasına gətirib çıxardı. Xüsusilə də təchizat zəncirinin formalaşmasında Çinin böyük rola və paya malik olması və pandemiyanın ilk dəfə kütləvi şəkildə Çində yayılması təchizat zənciri ilə bağlı problemlərin pandemiyanın yayıldığı dövrün əvvəlində daha sərt xarakterə malik olmasına səbəb oldu. Sonrakı dövrdə təchizat zənciri ilə bağlı olan problemlər müəyyən qədər azalsa da hələ qalmaqda davam edir və istər istehsal proseslərinə, istərsə də məhsulların qiymətlərinə təsir edir.
Pandemiyanın yaratdığı mənfi iqtisadi nəticələrin hələ uzun müddət hiss ediləcəyi gözlənilir. Uzunmüddətli perspektivdə pandemiya investisiyaların zəifləməsi, insan kapitalının eroziyası və iş yerlərinin kütləvi şəkildə azalması, təhsilin effektivliyinin aşağı düşməsi, beynəlxalq ticarətin davamlılığının korlanması, iqtisadi izolyasiya siyasətinə meyllənməni artması, qlobal iqtisadi sistemə etibarın azalması kimi problemlər davam edəcəkdir. Pandemiya dövründə müxtəlif hökumətlərin iqtisadiyyatın və əhalinin dəstəklənməsi ilə bağlı həyata keçirdiyi dəstək tədbirlərinin böyük miqyasa malik olmasına baxmayaraq, bu pandemiyanın dünya iqtisadiyyatı üzərində hələ uzun müddət davam edəcək təsirlərini aradan qaldırmaq iqtidarında deyildir. Bütün yaranmış problemlər göstərdi ki, istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələr özlərinin səhiyyə sistemlərində əhəmiyyətli islahatlar həyata keçirməli və onu möhkəmləndirməlidirlər. İstər yerli, istərsə də beynəlxalq səhiyyə qurumları pandemiyanın yayılmasının və onun aradan qaldırılmasının qarşısında effektiv ola bilməməsi virusun daha sürətlə yayılmasına və dünya ölkələri üçün iqtisadi və siyasi risklər formalaşdırmasına səbəb oldu.
Pandemiyanın əsas təsir etdiyi istiqamətlərə həm də əmək bazarı və yoxsulluq aiddir. Pandemiyanın yaratdığı iqtisadi problemlər gənclərə, qadınlara və daha aşağı ixtisaslı işçilərə daha çox təsir etmişdir. Bu qrupa aid olanlar əmək bazarının daralması nəticəsində daha çox işsizlik problemi ilə üzləşməli olmuşdur. Bu isə gəlirlərin əhali qrupları arasında bölgüsündə mövcud olan qeyri-bərabərliyin daha da dərinləşməsinə şərait yaratmışdır. Hesablamalara görə pandemiyadan əvvəlki dövrlə müqayisədə pandemiya dövründə dünyada 95 milyon insan kəskin yoxsulluq səviyyəsində yaşayan qrupa daxil olmuşdur. Eyni zamanda aşağı gəlirli ölkələr üçün təhsil sahəsinda yaranmış problemlər daha idarə olunmaz şəkil almışdır ki, bu da onsuz da həmin ölkələrdə olan zəif təhsil sisteminin daha da keyfiyyətsiz hala gəlməsinə gətirib çıxarmışdır. Bu isə dünya əhalisi arasında savadlılıq baxımından mövcud olan qeyri-bərabərliyin daha da artmasına səbəb olmuşdur.
Baş verən mənfi proseslər dünya ölkələri üçün əsas iqtisadi artım göstəricisi olan Ümumi Daxili Məhsulun (ÜDM) əsaslı şəkildə azalmasına səbəb olmuşdur. Belə ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2020-ci ildə dünya iqtisadiyyatı 4.4% (bəzi hesablamalara görə 3.3%) səviyyəsində kiçilmişdir. Fondun məlumatlarına görə, bu, XX əsrin 30-cu illərində baş vermiş Böyük Depressiyadan sonra dünya iqtisadiyyatının ən aşağı artım göstəricisi olmuşdur. 2021-ci ilin əvvəlinə olan ÜDM göstəricilərinə nəzər salsaq görərik ki, dünya ölkələrinin əksəriyyəti iqtisadi tənəzzül ilə qarşılaşmışdır. İnkişaf etmiş ölkələrin böyük əksəriyyətində ÜDM-in azalma faizi mənfi 5%-15% və mənfi 15%-70% qrupları arasında olmuşdur. 2020-ci ildə böyük iqtisadiyyatlardan yalnız Çində ÜDM-in artımı qeydə alınmışdır ki, bu artım da 2.3% səviyyəsində olmuşdur. İqtisadiyyatları daha çox kiçilən ölkələrə əsasən turizmdən, məhsulların ixracından və iqtisadiyyata dəstək tədbirləri həyata keçirmək imkanları daha az olan ölkələr aid olmuşdur. Bu da həmin ölkələrin orta müddətli dövrdə daha çox ziyanla qarşılaşmalarına səbəb olacaqdır.
Dünya ölkələrinin real ÜDM artımı
Mənbə: Beynəlxalq Valyuta Fondu
Pandemiya qeyd etdiyimiz kimi qlobal əmək bazarına da əsaslı sürətdə təsir etmişdir. Nəticədə dünya ölkələrinin çoxunda işsizlik səviyyəsi artmışdır. Orta illik işsizlik səviyyəsi 2020-ci ildə ABŞ və Fransada 8.9%-ə, Britaniyada 5.4%-ə, Almaniyada 4.3%-ə, Kanadada 9.7%-ə, İtaliyada 11%-ə, Brazilyada isə 13.4% səviyyəsinə qədər yüksəlmişdir. İşsizlik göstəricisinin artması ölkələrdə sosial narazılığı artırmaqla həm də hökumətlər üçün siyasi təzyiqlər formalaşdırmışdır. İşə müraciət üçün mövcud olan vakansiyaların sayında əksər inkişaf etmiş ölkələrdə 2020-ci ildə əvvəlki il ilə müqayisədə 30%-dən çox azalma müşahidə edilmişdir. Bu azalmalar ölkələri dəstək tədbirlərinin həcmini genişləndirməyə və daha çox maliyyə dəstəyi verməyə məcbur etmişdir ki, bu da fiskal sahədə təzyiqlərin artmasına gətirib çıxarmışdır.
Post-pandemiya dövründə bərpa prosesinin əsas xüsusiyyətləri
Pandemiyanın davam etməsinə baxmayaraq onun əvvəlki sürətli yayılma tempi və iqtisadiyyatlar üzərində təsiri azalmışdır. Xüsusilə də, 2021-ci ilin əvvəlindən etibarən dünya üzrə peyvəndlərin kütləvi şəkildə yayılması pandemiyanın təsir imkanlarını azaltmış və tətbiq edilən qadağaların yumşaldılmasına səbəb olmuşdur. Yoluxma səviyyəsindən asılı olaraq qadağa tədbirlərinin müəyyən ölkələrdə yenidən tətbiqi və ya yumşaldılması prosesi getsə də 2021-ci ilin ilk yarımilindən sonra əvvəlki kimi geniş miqyaslı qadağa tədbirləri demək olar ki, tətbi edilməmişdir. İstər peyvəndlərin yayılması, istərsə də qadağa tədbirlərinin azaldılması 2021-ci ilin ikinci və üçüncü rübündən etibarən dünya iqtisadiyyatının bərpası prosesinin başlamasına səbəb olmuşdur. Ona görə də bu dövrdən sonra post-pandemiya dövrünün başlandığı qəbul edilir. Aydındır ki, müxtəlif ölkələr və regionlar üzrə bərpa prosesi eyni formada getmədiyindən bəzi ölkələrdə bu dövrdə post-pandemiya dövrünün başlandığını demək olmaz. Lakin, ümumilikdə dünya iqtisadiyyatını nəzərdə tutduqda qeyd etdiyimiz dövrü post-pandemiya dövrünün başlandığı dövr kimi qəbul edə bilərik. Bu dövrdə, xüsusilə dünyanın iki ən böyük iqtisadiyyatları olan Çin və Amerika Birləşmiş Ştatlarında (ABŞ) sürətli bərpa prosesinin başlaması dünya iqtisadiyyatının da bərpasına imkan yaratmışdır. Artıq 2021-ci ilin aprel ayında mütəxəssislər qeyd edirdilər ki, pandemiya ilə əlaqədar olan qeyri-müəyyənliklərin qalmasına baxmayaraq mövcud səhiyyə və iqtisadi böhrandan çıxış yolu artıq görünməkdədir.
Qlobal iqtisadiyyatın bərpası ilə bağlı müxtəlif təşkilatlar və mütəxəssislər tərəfindən fərqli fikirlər səsləndirilsə də ABŞ-ın məhşur tədqiqat təşkilatı olan “Konfrans Şurası”nın (The Conference Board) hesablamalarına görə, 2021-ci ilin ilk rübünün sonunda qlobal ÜDM əvvəlki ildə qarşılaşdığı itkiləri bərpa edə bilmişdir. Ancaq aydındır ki, bu proses ölkələr üzrə fərqli formada baş vermişdir. Təşkilatın proqnozlarına görə, 2022-ci ilin sonuna qədər dünya ÜDM-nin 96%-ni təşkil edən 66 ölkənin ÜDM səviyyəsi pandemiyadan əvvəlki səviyyədə və ya ondan daha yüksək olacaqdır. Buna baxmayaraq, dünya üzrə əmək bazarı və əhalinin gəlirlərinin bərpası daha uzun zaman alacaqdır. Bu proseslərin fonunda Konfrans Şurasının hazırkı proqnozlarına görə, dünya iqtisadiyyatı 2022-ci ildə 3.9% artacaqdır. Bu artımın əsas drayverləri kimi isə istehlakçı xərcləmələrinin və məhsul istehsalına olan tələbatın artması çıxış edəcəkdir. Lakin, pandemiyanın təsiri ilə qarşıdan gələn illərdə orta artım tempi son onillikdə əldə edilmiş orta artım tempindən aşağı olacaqdır. Belə ki, proqnozlara görə, orta illik artım tempi 2010-2019-cu illərdə 3.3% olduğu halda, 2022-2026-cı illərdə 2.5% səviyyəsinə düşəcəkdir. 2027-2031-ci illərdə isə 2.4%-ə qədər azalacaqdır. Qarşıdan gələn on ildə dünya iqtisadiyyatının artımının 70%-i inkişaf etməkdə olan ölkələrin, 30%-i isə inkişaf etmiş ölkələrin payına düşəcəkdir.
Post-pandemiya dövrünün başlamasına və bir çox ölkələrdə iqtisadi bərpa prosesinin davam etməsinə baxmayaraq, bu proseslərə paralel olaraq dünya üzrə inflyasiyanın əsaslı artımı müşahidə edilməkdədir ki, bu da dünya əhalisinin rifah halına əsaslı şəkildə təsir edir. Qiyməti daha çox artan məhsullar və xidmətlərə dünya əhalisinin gündəlik həyatına təsir edən ərzaq məhsulları, nəqliyyat və kommunal xərclər aiddir. Hesablamalar göstərir ki, dünya əhalisinin üçdə ikisi qiymət artımlarından birbaşa təsirlənməkdədir. Bu isə dünyanın aşağı gəlirli əhalisinin maddi vəziyyətini daha da pisləşdirir.
Ölkələr və təşkilatlar üzrə də inflyasiya göstəriciləri qiymətlərin əsaslı şəkildə artdığını göstərir. ABŞ-da illik inflyasiya göstəricisi 2021-ci ilin noyabr ayında illik ifadədə 6.8% olmuşdur ki, bu da son 39 ilin ən yüksək inflyasiya göstəricisidir. Avrozonada bu birliyin yaranmasından sonra ən yüksək inflyasiya göstəricisi (4.9%) qeydə alınmışdır. Almaniyada isə son 29 ilin ən yüksək inflyasiya göstəricisi olan 5.2% inflyasiya qeydə alınmışdır. İnflyasiyanın əhəmiyyətli sürətdə yüksəlməsinə əsasən uzunmüddətli dövrdə istifadə edilən məhsulların qiymətinin sürətli qalxması nəticəsində bu məhsulların çatışmazlığının yaranması, istehlak zənciri ilə bağlı problemlərin davam etməsi və enerji daşıyıcılarının qiymətinin artması təsir edir. İnkişaf etməkdə olan ölkələrdə isə inflyasiyanın daha yüksək səviyyəsi müşahidə edilir. Belə ki, 2021-ci ilin noyabr ayında Türkiyədə 21.3%, Braziliyada 10.7%, Rusiyada isə 8.4% inflyasiya qeydə alınmışdır. İnflyasiya ilə bağlı bu tendensiyanın yaşanması son on il ərzində dünyada davam edən aşağı inflyasiyalı dövrün bitməsinə gətirib çıxarmışdır. Son on ildə əsas inkişaf etmiş ölkələrdə orta inflyasiya göstəricisi 2.6%-dən aşağı olmuşdur.
Yüksək inflyasiyanın mövcud olması isə Mərkəzi Bankların dilemma qarşısında qalmasına səbəb olur. Bir tərəfdən onlar faiz dərəcələrini qaldırmaq istəyirlər ki, inflyasiyanın qarşısını alsınlar, digər tərəfdən isə bu onsuz da pandemiyanın təsiri ilə zəifləmiş iqtisadi aktivliyə pis təsir edəcəkdir ki, bu da bərpa prosesinin pozulması deməkdir. Çox yüksək inflyasiyanın müşahidə edildiyi bir çox inkişaf etməkdə olan ölkələrdə mərkəzi banklar artıq faiz dərəcələrini artırmağa məcbur olmuşdur. Digər ölkələrdə, xüsusilə də inkişaf etmiş ölkələrin əksəriyyətində isə faiz artımlarının həyata keçirilməsinə başlanılmamışdır. Lakin, yüksək inflyasiyanın davam etməsi onu deməyə əsas verir ki, 2022-ci ildə bu ölkələrdə də faizlərin artırılması prosesi başlayacaqdır.
Post-pandemiya dövründə beynəlxalq iqtisadi münasibətlərin xarakteri
Bütün qeyd etdiyimiz pandemiya ilə bağlı olan məsələlər beynəlxalq iqtisadi münasibətlər sisteminə təsir etməklə onun xarakterində dəyişikliklərin yaranmasına yol açır. Daha geniş anlamda pandemiyanın beynəlxalq iqtisadi münasibətlər sisteminə təsiri əsasən iki istiqamətdə baş vermişdir. İlk olaraq qeyri-bərabərliyin artmasını qeyd edə bilərik. 1980-ci illərdən etibarən liberal iqtisadi sistemin dünyada dominant sistemə çevrilməsi dünya iqtisadiyyatının sürətli inkişafına yol açmaqla yanaşı ölkələr arasında iqtisadi inkişaf fərqlərinin də artmasına səbəb olmuşdur. Bu da inkişaf etmiş, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkə qruplarının formalaşmasına səbəb olmuşdur. Bir neçə sürətli inkişaf etmək imkanına malik olan inkişaf etməkdə olan ölkələr istisna olmaqla qeyd edilən qruplar arasında fərqlər daha da dərinləşdirmişdir. Pandemiya isə bu prosesi daha da sürətləndirmiş qeyri-bərabərliyin daha yüksək həddə çatmasına səbəb olmuşdur. Bu isə onunla əlaqədardır ki, inkişaf etmiş ölkələr daha inkişaf etmiş səhiyyə sistemlərinə malikdir, iqtisadiyyatın dəstəklənməsi proqramlarını icra etmək üçün daha çox maliyyə imkanlarına sahibdir və aşağı gəlirli əhalinin faizi daha aşağıdır.
Eyni zamanda siyasi baxımdan da mövcud olan fərqlər də vardır; hansılar ki, beynəlxalq səviyyədə verilən qərarların daha çox inkişaf etmiş ölkələrin maraqlarına uyğun olmasına səbəb olur. Bu mənada vaksinlərin ölkələr üzrə yayılmasını qeyd etmək olar. İnkişaf etməkdə olan ölkələr ilə müqayisədə inkişaf etmiş ölkələrin səhiyyə sistemlərinin daha yüksək inkişaf etməsi nəticəsində vaksinləri istehsal etməsi və buna görə də vaksinə daha asan çıxış imkanlarının olması virusun aradan qaldırılmasında ən effektiv vasitə olan peyvəndləmənin ölkələr arasında qeyri-bərabər şəkildə getməsinə səbəb olmuşdur. Hətta inkişaf etmiş ölkələr istifadəsiz qalmış peyvəndləri inkişaf etməkdə olan və az gəlirli ölkələr ilə bölüşməkdən belə çəkinmişdir. Bütün bunların nəticəsində ölkələr arasında qeyri-bərabərlik artmışdır.
Bu qeyri-bərabərliyin artması isə bir neçə istiqamət üzrə baş verir. Yəni burada yalnız maliyyə gəlirlərinin və iqtisadi inkişaf imkanları arasında qeyri-bərabərliyin artmasından söhbət getmir. Bura həm də səhiyyə sisteminin bərpası, əmək bazarının yaxşılaşdırılması, təhsil səviyyəsi, yoxsulluğun idarə edilməsi və digər istiqamətlər üzrə də qeyri-bərabərliyin artması aiddir. Bu isə öz növbəsində ölkələr arasında rəqabət imkanlarının azalmasına, siyasi və iqtisadi baxımdan qütbləşmənin dərinləşməsinə imkan yarada bilər.
Pandemiyanın beynəlxalq iqtisadi münasibətlər sisteminə digər təsiri isə qloballaşmanın zəifləməsi və ölkələrin iqtisadi izolyasiyaya meyllənməsi ilə bağlıdır. Qlobal iqtisadi sistemin formalaşması və dərinləşməsi ölkələrin müxtəlif iqtisadi fəaliyyətlərdə və xüsusən də məhsul istehsalında bir-birindən kəskin şəkildə asılı olmasına gətirib çıxarmışdır. Bu həm istehsal imkanlarını artırmağa, həm də qiymət baxımından daha rəqabətli məhsulların istehsalına imkan yaratsa da ölkələr arasında kəskin asılılıq yaratmaqla pandemiya kimi böhranların baş verdiyi dövrdə iqtisadi risklərin artmasına da səbəb olmuşdur.
Ümumiyyətlə, hələ pandemiyadan öncə biz qlobal iqtisadi sistemin əvvəlki əhəmiyyətini itirməsinin şahidi olurduq. Dünyanın iki ən böyük iqtisadiyyatına malik olan ABŞ və Çin arasında yaranan ticarət müharibəsi, ABŞ-ın eksponsionist iqtisadi siyasətdən uzaqlaşmağa çalışması, Brekzitin baş verməsi qlobal iqtisadi sistemin zəifləməsinin təzahürləri idi. Ölkələr arasında təchizat zənciri vasitəsilə yaranan asılılığın siyasi təzyiq imkanlarını artırması və liberal sistemin diktəsi ilə ölkələrin milli maraqlarının biznes maraqlarına qurban verilməsi qlobal iqtisadi sistemin risklərini daha da artırmışdı. Qloballaşmanın zəifləməsi eyni zamanda dünya ölkələri arasında milliyətçilik meyllərinin də artmasına və bunun ölkələrin xarici siyasətinə təsir etməsinə səbəb olurdu. Milliyyətçi prinsiplərə dayanan siyasi sistemlər isə adətən daha çox proteksionist iqtisadi siyasətə üstünlük verirlər. Bu qeyd etdiyimiz proseslərin fonunda pandemiyanın baş verməsi isə qlobal iqtisadi sistemə böyük zərbə vurdu. Nəticədə, qeyd etdiyimiz problemlər daha da dərinləşdi və iqtisadi təhlükəsizlik baxımından müxtəlif ölkələrdə digər ölkələrdən asılılığın aradan qaldırılması məsələləri gündəmə gəldi.
Yüksək inflyasiyanın yaranması da beynəlxalq iqtisadi münasibətlərin xarakterinə təsir edən faktor kimi qəbul edilə bilər. Ona görə ki, yüksək inflyasiyanın mövcudluğu beynəlxalq ticarət münasibətlərinə əsaslı şəkildə təsir edir. İnflyasiya nəticəsində istehsal edilən bir sıra məhsulların qiymətinin artması həm həmin məhsulların, həm də onların istehsal edildiyi ölkələrin rəqabət qabiliyyətinin azalmasına səbəb olur. Yüksək qlobal inflyasiyanın uzun müddət davam etməyəcəyini və pandemiya tam aradan qalxdıqdan sonra inflyasiyanın azalmaya meylli olacağını əsas götürərək deyə bilərik ki, bu faktorun beynəlxalq iqtisadi münasibətlər sistemi üzərində təsiri uzun müddət davam etməyəcəkdir. Lakin, onu da nəzərə almaq lazımdır ki, pandemiya dövründə dünya iqtisadiyyatının qloballaşmasının yaratdığı problemlərin üzə çıxması və bir çox ölkələrin proteksionist siyasətə meyllənməsinə səbəb olması onu deməyə əsas verir ki, inflyasiyanın səviyyəsi azalsa da əvvəlki dövrlə müqayisədə daha yüksək olacaqdır. Bu beynəlxalq iqtisadi münasibətlərin xarakterinə təsir etsə də əvvəl qeyd etdiyimiz faktorlar kimi güclü təsirə malik olmayacaqdır.
Post-pandemiya dövründə Azərbaycanın iqtisadi siyasəti
İstər pandemiya dövründə, istərsə də post-pandemiya dövründə dünya iqtisadiyyatında baş verən proseslər Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməmişdir. Bu proseslərin Azərbaycan iqtisadiyyatına təsiri bir neçə istiqamət üzrə baş versə də bu istiqamətlər üzrə ən vacibi sözsüz ki, dünya neft və qaz bazarlarında baş verən proseslər olmuşdur. Ona görə ilk olaraq son iki ildə beynəlxalq neft və qaz bazarında baş verən prosesləri nəzərdən keçirmək faydalı olar.
Pandemiyanın başladığı dövrdə dünya üzrə iqtisadi aktivliyin kəskin azalması enerji daşıyıcılarına olan tələbin də azalmasına səbəb olmuşdur ki, bu da nəticədə dünya bazarlarında neftin və qazın qiymətinin azalmasına gətirib çıxarmışdır. Əgər 2019-cu ilin iyun ayında Brent markalı neftin hər barrelinin qiyməti 62-65 ABŞ dolları (bundan sonra dollar) arasında dəyişirdisə bu göstərici 2020-ci ilin aprel ayında 25 dollara qədər azalmışdır. Neftin qiymətinin kəskin azalmasının qarşısını almaq üçün isə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bir neçə dəfə təşkilata üzv ölkələrin neft istehsalı həcminin azaldılması ilə bağlı razılığa gəlmişdir. Məsələn, 2020-ci ildə Mayın 1-dən etibarən gündəlik neft hasilatının 9.7 milyon barrel azalması haqqında razılıq əldə edilmişdi. Bu tədbirlər neft bazarına və qiymətlərə təsiri baş versə də neft qiymətlərinin özünü bərpa etməsi əsasən 2020-ci ilin oktyabr ayından etibarən başlamışdır və Brent markalı neftin qiyməti 2021-ci ilin mart ayında artıq 70 dollara yaxınlaşmışdır. Bundan sonrakı dövrdə qısa müddətli azalmalar müşahidə edilsə də əsasən qiymətin artması prosesi davam etmiş və 2021-ci ilin noyabr ayında 83 dollara yaxınlaşmışdır.
Oxşar proses qaz bazarında da baş vermişdir. Belə ki, pandemiya dövründə dünyada iqtisadi aktivliyin azalması nəticəsində qazın dünya bazarlarında qiyməti azalsa da sonradan pandemiyanın yayılması zəiflədikcə artmağa başlamışdır. Bu proses çərçivəsində qazın qiymətləri Avropada tarixin ən aşağı və ən yüksək həddini görmüşdür. Belə ki, 2020-ci ilin may ayında min kubmetr üçün qazın qiyməti 34 dollara qədər azalmışdır. Sonradan qismən artmağa başlamış və 2020-ci ilin noyabr ayında 187 dollara qədər artmışdır. Sonrakı dövrdə tədriclə artmış, 2021-ci ilin sentyabr ayından etibarən isə havaların soyuması və pandemiyadan sonra tələbin kəskin artması nəticəsində qazın qiymətində əsaslı artım müşahidə edilmişdir. Sentyabr ayında qazın Avropada min kubmetrinin qiyməti 700 dolları ötdükdən sonra oktyabr ayı üçün qaz fyuçerslərinin qiyməti hər min kubmetr üçün 800 dollar səviyyəsində ticarət edilmişdir. Buna baxmayaraq, oktyabrda qazın qiyməti gözləniləndən daha çox artmışdır və noyabr fyuçerslərinin qiyməti 1600 dolları ötmüşdür. Qazın qiymətinin gözləniləndən daha sürətli artımı prosesi sonra da davam etmiş və dekabrda yanvar fyuçerslərinin qiyməti 2000 dolları ötmüşdür. Bu isə Avropa tarixində qeydə alınmış ən yüksək qiymət olmuşdur. Qiymətlərin kəskin şəkildə artmasına pandemiya sonrası aktivliyin artması və havaların soyuması ilə yanaşı Avropanın əsas qaz təchizatçısı olan Rusiyanın Avropaya ixrac etdiyi qaz həcmlərini azaltması olmuşdur. Bu da qiymətlərin gözləniləndən daha sürətlə artmasına gətirib çıxarmışdır. Daha çox siyasi proseslərin nəticəsi olan bu artım siyasi problemlər həll edildikdən sonra güman ki, azalacaqdır. Lakin, istənilən halda pandemiyanın ilkin dövrlərində müşahidə edilən aşağı qiymət səviyyəsi müşahidə edilməyəcəkdir.
Azərbaycan iqtisadiyyatında neft və qaz sektorunun böyük paya sahib olması onun yuxarıda qeyd etdiyimiz problemlərdən birbaşa təsirlənməsinə səbəb olmuşdur. Pandemiyanın ilkin dövrlərində neft və qaz qiymətlərində müşahidə edilən kəskin azalmalar narahatlıq yaratsa da, uzun müddət davam etməməsi Azərbaycan üçün ciddi iqtisadi problemlər yarada bilməmişdir. Qiymət azalmaları ixrac imkanlarının daralmasına səbəb olsa da neft və qazın böyük hissəsinin müqavilələrdə müəyyən edilən qiymətə əsasən satılması Azərbaycan üçün ciddi maliyyə itkilərinin formalaşmasına səbəb olmamışdır. Bu isə imkan vermişdir ki, pandemiya dövründə Azərbaycan hökuməti əhalinin sosial-iqtisadi vəziyyətinin kəskin şəkildə pisləşməsinin qarşısını almaq üçün geniş miqyaslı dəstək tədbirlərini həyata keçirsin.
Post-pandemiya dövründə isə qiymətlərin artımının baş verməsi Azərbaycan üçün ixracın davamlılığının təmin edilməsi və sahib olduğu geniş maliyyə ehtiyatlarını daha da artırmaq imkanı yaradır. Burada xüsusilə Cənub Qaz Dəhlizinin 2020-ci ildən etibarən işə düşməsini qeyd etmək lazımdır. Azərbaycan qazını Avropaya daşıyacaq bu layihənin işə başlaması Azərbaycanı Avropanın əsas qaz təchizatçılarından birinə çevirəcəkdir. Bu layihənin rentabelli olması və onun icrası üçün Azərbaycanın xərclədiyi maliyyə vəsaitlərini geri qaytara bilməsi üçün qaz qiymətlərinin yüksək olması Azərbaycan üçün sərfəlidir. Ona görə də hazırda dünyada qaz qiymətlərində baş verən dəyişikliklər Azərbaycanın maraqlarına xidmət edir. Pandemiya ilə mübarizə imkanlarının artması və buna görə də pandemiyanın əvvəl olduğu qədər iqtisadi problemlər yarada bilməyəcəyinin məlum olması həm də onu deməyə əsas verir ki, qarşıdan gələn illərdə qaza olan tələbat yüksək səviyyədə qalacaqdır və Azərbaycan qazın satışından səmərəli ola biləcək səviyyədə gəlir əldə edəcəkdir.
Onu da qeyd etmək lazımdır ki, son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı əsaslı tədbirlər həyata keçirilir və qısa zamanda mühüm nəticələr əldə edilmişdir. Bu tədbirlərin əsas məqsədi isə iqtisadiyyatın neft gəlirlərindən asılılığını azaltmaqdır. Lakin, bu istiqamətdə tədbirlərin həyata keçirilməsi və qeyri-neft sektoruna aid müxtəlif sektorların inkişafı üçün isə maliyyə vəsaitlərinə ehtiyac vardır. Sirr deyil ki, neft və qaz sektorundan əldə edilən gəlirlər son illərdə qeyri-neft sektorunun inkişafına imkan yaradacaq maliyyə mənbəsi rolunda çıxış etmişdir. Ona görə də, deyə bilərik ki, neft və qazın qiymətinin yüksək olması bu prosesin davam etdirilməsinə imkan yaradacaqdır və yaxın gələcəkdə qeyri-neft sektorunun neft sektorundan asılı olmadan tam sərbəst şəkildə inkişaf edə biləcək səviyyəyə çatmasına imkan yaradacaqdır. Bu baxımdan deyə bilərik ki, post-pandemiya dövründə Azərbaycanın iqtisadi siyasətinin əsas istiqamətlərindən biri neft gəlirləri hesabına digər sektorların sürətli inkişafını təmin edəcək mühiti yaratmaq olacaqdır.
Neft və qaz sektorunda gedən proseslər ilə yanaşı onu da qeyd etmək lazımdır ki, post-pandemiya dövründə dünyada müşahidə edilən yüksək inflyasiya da Azərbaycan iqtisadiyyatına təsir etməkdədir. Azərbaycanda istehlak məhsullarının tərkibində idxal edilən məhsulların əhəmiyyətli paya malik olması inflyasiya idxalının artmasına səbəb olur. Bu da yerli bazarda qiymətlərə artırıcı şəkildə təsir edir. Nəticədə, əhalinin alıcılıq qabiliyyəti aşağı düşür və hökumət sosial xərcləri artırmaq məcburiyyətində qalır. İnflyasiyanın yaratdığı çətinlikləri aradan qaldırmaq üçün artıq bir çox sahələrdə 2022-ci ildə etibarən əmək haqlarının artırılması ilə bağlı sərəncam verilmişdir. Bu mənada da post-pandemiya dövründə qaz və neft qiymətlərinin yüksək olması yüksək inflyasiyanın yaratdığı əlavə sosial-iqtisadi xərcləri qarşılamağa imkan verir. Digər tərəfdən, inflyasiya idxalının artması yerli istehsalçıların rəqabət qabiliyyətinin artmasına imkan yaradır. Ona görə də pandemiyanın formalaşdırdığı mənfi inflyasiya tendensiyasının yaratdığı imkanlardan da faydalanmaq mümkündür. Bu istiqamətdə yeri istehsalçılara dövlət tərəfindən dəstəyin verilməsi də faydalı olar.
Orxan Bağırov,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar