Qərb siyasi dairələri hesab edirlər ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi maraqlarında vazkeçilməz strateji tərəfdaşa çevrilməsi qəzəbli Rusiyanı hərəkətə gətirib... Kremlin "təxribat emissarı" Ruben Vardanyan ucbatından Azərbaycanın Qarabağ regionunda yenidən dirçəlməkdə olan erməni separatizmi və Rusiyanın Ermənistandakı maraqları hazırda Avropanın enerji təhlükəsizliyi maraqları qarşısında ən ciddi risklər hesab olunur...
Cənubi Qafqaz uğrunda mübarizənin əsas hədəfləri tədricən ortaya çıxmağa başlayıb. Belə ki, bu geopolitik savaşda Rusiyanın regionda öz ənənəvi mövqelərini qorumaq niyyətləri qətiyyən şübhə doğurmur. ABŞ və Qərb Rusiyanı bu regiondan tamamilə sıxışdırıb, kənarlaşdırmaqda qərarlı olduğunu qətiyyən gizlətmir.
Ancaq Cənubi Qafqaz uğrunda qarşıdurmanın əsas hədəfləri yalnız bununla məhdudlaşmır. Çünki bu regionda dünya nəhənglərinin daha böyük maraqları da kəskin şəkildə toqquşur. Və həmin maraqların sırasında enerji resursları qaynaqlarına çıxış da böyük əhəmiyyət daşıyır.
Məsələ ondadır ki, ABŞ və Qərb Cənubi Qafqaza enerji resurslarının təhlükəsiz tranzit coğrafiyası kimi də böyük əhəmiyyət verir. Çünki Rusiya enerji resurslarından imtina edən Qərb məhz Cənubi Qafqaz üzərindən alternativ mənbələr can atır. Bu baxımdan, həm Azərbaycanın, həm də Orta Asiyanın enerji qaynaqları ən real alternativ rolunu oynayır.
Təbii ki, buna nail olmaq üçün ilk növbədə Cənubi Qafqazda sülh prosesinin yekun sazişlə nəticələnməsi, regionda sabitliyin bərqərar olması əsas şərtlərdən sayılır. Yalnız bu halda, Qərb ölkələri Rusiya enerji resurslarına alternativ qaynaqlarına təhlükəsizlik şəraitində davamlı çıxış əldə edə bilər. Ona görə də, ABŞ və Qərb Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasında maraqlıdır. Və hətta bu prosesdə son və həlledici mərhələyə yaxınlaşmaq mümkün olmuşdu.
Ancaq belə bir vəziyyətdə Rusiya dərhal dövrəyə girməkdə gecikmədi. Kreml Qərb ölkələrinin Rusiya enerji resurslarına alternativ qaynaqlara çıxışını əngəlləmək üçün sülh prosesini pozmağa nail oldu. Eyni zamanda, Azərbaycanın yurisdiksiyasına qayıtmaq üzrə olan Xankəndi və ətraf bölgəyə fırıldaqçı erməni milyarder Ruben Vardanyanı göndərməklə, situasiyanı qəlizləşdirdi.
Azərbaycan Prezidenti İlham Əliyev Kremlin bu geopolitik manevri barədə danışarkən, açıq mətnlə erməni milyarderin Xankəndi və ətraf bölgəyə Rusiya tərəfindən xüsusi tapşırıqla göndərildiyini vurğulamışdı. Hadisələrin sonrakı inkişaf istiqamətləri də Azərbaycan liderinin dediklərini birmənalı şəkildə təsdiqlədi. Və indi bu məsələ artıq hətta beynəlxalq siyasi iradə mərkəzləri tərəfindən də ciddi narahatlıq ilə diqqətdə saxlanılır.
Məsələ ondadır ki, ABŞ-da nəşr olunan nüfuzlu "The Washington Times" da vurğulayıb ki, Kreml Cənubi Qafqazda Ruben Vardanyan üzərindən geopolitik oyunlar qurmağa çalışır. Amerika nəşri iddia edir ki, erməni milyarderin bölgəyə göndərilməsində əsasən iki məqsəd güdülür. Bir tərəfdən Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşmağa can atan Ermənistan baş naziri Nikol Paşinyanın məhz R.Vardanyanla əvəzlənməsinə cəhd göstərilir. Digər tərəfdən isə Kreml məhz erməni milyarder vasitəsilə regionda sabitliyin pozulmasına nail olmaqla, Cənubi Qafqazdan enerji resurslarının tranzitini əngəlləməyə cəhd göstərir.
"The Washington Times" hesab edir ki, Kreml Azərbaycanın Qarabağ bölgəsində erməni azlığı üzərindən manipulyasiyalar sayəsində Cənubi Qafqazda etnik münaqişələri yenidən qızışdırmağa çalışır. Ona görə də, ABŞ və Qərb Ukrayna örnəyində olduğu kimi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsində də birmənalı mövqe tutmalıdır. Və belə bir mövqe Cənubi Qafqazın Rusiyanın təsir dairəsindən çıxarılması baxımdan, həlledici rol oynaya bilər.
ABŞ və Qərb ölkələrinin mövqeyində kəskin ziddiyyətlər indiki halda, yalnız Rusiyanın geopolitik maraqları cavab verir. Çünki Kreml bu halda, həm regionu yenidən qarışdırmağa, həm də müxtəlif təxribatların ardından R.Vardanyanı indiki baş nazir Nikol Paşinyanın əvəzinə Ermənistanda hakimiyyətə gətirməyə nail ola bilər. Rusiyanın ən varlı adamları sırasında yer alan R.Vardanyanın isə prezident Vladimir Putinə çox yaxın olduğu inkaredilməz reallıqdır. Və R.Vardanyanın prezident Vladimir Putinin yaxın ətrafına aid şəxslərə məxsus "çirkli pullar"ın yuyulmasını təmin etməsi barədə ciddi faktlar mövcuddur.
"The Washington Times" xəbərdarlıq edir ki, Kremlin "Vardanyan oyunu" yalnız regionda milli-etnik münaqişələri alovlandırmaq niyyəti ilə məhdudlaşmır, həm də Azərbaycan və Orta Asiya enerji resurslarının Avropaya nəqlini bloklamaq məqsədi daşıyır. Ukrayna savaşı Rusiyanı Avropa enerji bazarından məhrum edib. Buna cavab olaraq, Kreml də Avropanı alternativ enerji mənbələrindən məhrum etmək istəyir. Azərbaycan hazırda Avropanın bir çox ölkəsini enerji resursları ilə təmin edir və əgər, silahlı münaqişə bərpa olunarsa, Rusiyanın sobatajı üçün münbit şərait yarana, təhlükə ciddiləşə bilər.
Bütün bunlar onu göstərir ki, əgər, "Vardanyan layihəsi" ilə sülh prosesini əngəlləyən Rusiya regionda yeni savaşın törədilməsinə nail olarsa, bu halda Türkiyə, NATO, Rusiya və İranın iştirakı ilə daha böyük müharibə də qaçılmaz olar. Ona görə də ABŞ və Avropa Birliyi Cənubi Qafqazda sabitliyə nail olmaq üçün ilk növbədə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına dəstək verməlidir.
Maraqlıdır ki, digər nüfuzlu Qərb nəşri "Forbes" də təxminən eyni tezisləri müdafiə edir. Nəşr vurğulayır ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi maraqlarında vazkeçilməz strateji tərəfdaşa çevrilib. Ancaq Kremlin bölgəyə göndərdiyi R.Vardanyan ucbatından Azərbaycanın Qarabağ regionunda yenidən dirçəlməkdə olan erməni separatizmi və Rusiyanın Ermənistandakı maraqları hazırda Avropanın enerji təhlükəsizliyi maraqlarını ciddi risklər qarşısında buraxır.
Paylaş: