Xəbər lenti

Azərbaycanda inflyasiyanın sürətlənməməsi üçün bu addımlar atılır

2023-cü ilin yanvar ayında qlobal ərzaq bazarında qiymətlərin ucuzlaşması davam edib. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) məlumatına əsasən, artıq onuncu aydır ki, əsas qrup ərzaq məhsulları üzrə qiymətlərin enməsi müşahidə olunur.

FAO bildirir ki, yanvarda qlobal ərzaq qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,8 faiz azalıb. Hazırda indeks 131,2 bənd təşkil edir ki, bu da dekabrdakından 1,1 bənd aşağıdır. İndeks 2022-ci ilin martındakı rekord həddən 28,6 bənd aşağı düşüb.

Yanvarda qlobal bazarlarda bitki yağı, süd məhsulları və şəkərin qiyməti azalıb, ət və taxılın qiyməti isə demək olar ki, dəyişməz qalıb. Ay ərzində buğdanın qiyməti 2,5 faiz azalsa da, digər taxıl məshullarındakı bahalaşma ümumi taxıl qiyməti indeksinin dekabrla müqayisədə 0.1 faiz yüksək olmasına gətirib çıxarıb. Buğda qiymətləri Rusiya və Avstraliyada rekord həcmdə məhsul toplanması səbəbilə aşağı düşüb.

Ötən ay FAO-nun bitki yağı qiymət indeksi 2,9 faiz aşağı düşüb. Palma və soya yağına tələb azalıb, günəbaxan və raps yağı təklifi isə artıb deyə qiymətlər ucuzlaşıb. 

Yeni Zelandiyadan ixracın artması fonunda tələbin azalması kərə yağı və südün ucuzlaşmasına, nəticədə FAO indeksinin 1,4 faiz azalmasına gətirib çıxarıb.

Mal, quş və donuz ətinin ixracının çoxalması onların ucuzlaşmasına, qoyun ətinə tələbin artması isə onun bahalaşmasına səbəb olub. Nəticədə FAO-nun ət qiyməti indeksi dekabrla müqayisədə 0,1 faiz ucuzlaşıb.

Şəkər qiyməti indeksi isə yanvarda Tailanddan gələn bol məhsul, Braziliyada əlverişli iqlim şərtləri xəbərlərinin təsiri ilə 1,1 faiz aşağı düşüb.

Azərbaycana gəlincə, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkəmizdə inflyasiyanın sürətində ciddi bir azalma müşahidə olunmur. Belə ki, 2023-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi dekabrla müqayisədə 1 faiz artıb. 2022-ci ilin yanvar ayına nisbətən isə indeks 13,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 12,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 9,7 faiz artıb.

Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,2 yüksək olub. Ötən ilin eyni ayına münasibətdə qida məhsullarının qiyməti isə 18,1 faiz bahalaşıb.

Komitə bildirir ki, cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma manna yarmasının, düyünün, unun, peçenyenin, qoyun və toyuq ətinin, balıq konservlərinin, südün, xamanın, pendirin, narın, almanın, heyvanın, naringinin, bananın, xiyarın, pomidorun, soğanın, kartofun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, çayın, kola içkisinin, arağın, ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, mərcinin, günəbaxan yağının, portağalın, limonun və kələmin qiymətlərində müşahidə olunub.

Yanvar ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,1 faiz yüksəlib. Cari ilin yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma işıq lampalarının, sintetik yuyusu vasitələrin, diş pastalarının, sabunların, şampunların, dərman vasitələrindən analginin, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, yağlı boyaların, sementin və yazı kağızlarının qiymətlərində müşahidə olunub.

Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksinə gəlincə, Komitə yanvarda bu göstəricidə əvvəlki aya nisbətən cəmi 0,5 faizlik artım hesablayıb. Cari ilin yanvar ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma mobil telefonlarla danışıq haqlarında, məişət cihazları, minik avtomobilləri və mənzillərin təmiri, stomatoloji, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.

Ölkədə inflyasiyanın sürətlənməməsi üçün hökumət 2022-ci ildə qərar verilən və yanvarın 1-dək qüvvədə olan bəzi azadolmaları yenidən tətbiq edir. Belə ki, Nazirlər Kabinetinin 7 fevral tarixli 40 nömrəli Qərarı ilə xarici iqtisadi fəaliyyətin kodlarına uyğun olaraq bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr 2023-cü ilin sonunadək idxal gömrük rüsumundan azad edilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin sözlərinə görə, bu azadolma ölkənin heyvandarlıq və quşçuluq sektorunda yem xərclərinin 10 faizədək azalmasına səbəb olacaq: “Bu, dünya bazarında yem məhsullarının qiymətlərinin artımının fermerlərə təsirini azaltmaq üçün verilmiş qərardır. Yem xərclərinin azaldılması hesabına quş əti və yumurtanın qiymətində artım baş verməyəcək. Toxumların idxal gömrük rüsumundan azad edilməsi fermerlərin istehsal xərclərini azaldacaq və bu da özlüyündə bazar qiymətlərinə təsir edəcək”.

Fikrətzadə hesab edir ki, ilin sonunda qiymətlərdə ciddi azalma baş verərsə, qərarın müddətinin yenidən uzadılmasına ehtiyac olmayacaq: “Amma yenə də yem məhsullarının qiyməti yüksək səviyyədə qalarsa, güzəşt müddəti uzadılacaq”.

Onu da qeyd edək ki, Azərbaycanın heyvandarlıq və quşçuluq sektoru nümayəndələri hökumətə yem və yem əlavələrinin idxalının ƏDV-dən azad olması müddətinin də 2023-cü ilin sonunadək uzadılmasını təklif ediblər.

Dünya SAKİT,

“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 3 247          Tarix: 11-02-2023, 10:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma