Azərbaycan, Türkiyə və Gürcüstanın birlikdə təməllərini qoyduğu "Bakı-Tbilisi-Qars Dəmiryolu Layihəsi" Qarsla Axalkalaki arasında dəmiryolu xəttinin inşası yolu ilə Bakının Tbilisi üzərindən dəmiryolu vasitəsilə Qarsla, başqa sözlə Azərbaycanın Türkiyə ilə birləşdirilməsini nəzərdə tutan layihədir. Qərb ölkələrinin "Ermənistanı təcrid edir" iddiasını ortaya ataraq maliyyələşdirilməsində iştirak etməkdən imtina etdiyi bu layihə üç ölkənin imkanları ilə artıq reallaşdırılıb. Bu layihə müxtəlif aspektlərdən qiymətləndirilə bilər, lakin layihənin iqtisadi və strateji nəticələri daha əhəmiyyətlidir.
Layihə, Rusiya və İranın dəmiryolu şəbəkələrinə alternativ olmaqla yanaşı, eyni zamanda da hər iki ölkə üçün yeni imkanlar açır. Belə ki, Azərbaycan üzərindən keçən Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə bir-birinə bağlanacaq Rusiya-İran dəmiryolu şəbəkələrinin gələcəkdə Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm elementi olan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə inteqrasiyasının da perspektivi böyükdür. Həmçinin, Bakı-Tbilisi-Qars, Azərbaycan və Türkiyəyə qarşı əsasız iddialar irəli sürən Ermənistanın geosiyasi və geoiqtisadi əhəmiyyətini mühüm dərəcədə azaltmaqla yanaşı, onun Cənubi Qafqazda daha da marjinallaşmasına gətirib çıxaracaq. Ən vacibi isə, layihə, Ermənistanın təcridini dərinləşdirməklə yanaşı, həm də Ermənistan tərəfindən təcrid edilməyə cəhd olunan Naxçıvanın daha etibarlı dəmiryolu şəbəkəsi vasitəsilə Bakı ilə birləşməsi üçün də mühüm imkan yaradır. Belə ki, artıq gündəmdə olan Qars-İqdır-Naxçıvan dəmiryolu xəttinin də çəkilməsi ilə Ermənistanın təcrid etməyə çalışdığı Naxçıvan, Qars vasitəsilə Azərbaycanın digər əraziləri və Avropa ilə fasiləsiz dəmiryolu əlaqəsi qura biləcək.
Müəllifi Ümummilli Lider Heydər Əliyev olan layihənin, BTQ-nin açılış mərasimində Orta Asiya ölkələrinin iştirakı heç də təsadüfi deyildi. Bu ondan xəbər verirdi ki, sözügedən layihə tarixi əhəmiyyətə malikdir və layihə bütün dünya ölkələrinin belə marağında və diqqət mərkəzindədir. Ulu Öndərin müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlisi və digər layihələr kimi Bakı-Tbilisi-Qars layihəsi də Cənab Prezident İlham Əliyevin iradəsi, rəhbərliyi ilə artıq reallaşıb. Qloballaşma və inteqrasiya proseslərinin dünyanı vahid iqtisadi orqanizmə çevirdiyi, nəqliyyat əlaqələrinin aparıcı vasitə olduğu, əmtəə və xidmətlərin, insan və kapitalın intensiv hərəkətinin müasir dövrün xarakterik cəhətlərindən olduğu, kapitalın, iş qüvvəsinin, əmtəə və xidmətlərin dünyada hərəkəti üçün coğrafi sərhədlərin formal hal aldığı bir məqamda sözügedən layihənin əhəmiyyətini təkzib etmək mümkünsüzdür. Bu baxımdan, Azərbaycanın moderatorluğu ilə inşa edilən, tarixi, strateji əhəmiyyətli və qlobal layihə olan Bakı-Tbilisi-Qars dəmir yolu, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, eyni zamanda qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına təkan verəcək.
Bu günlərdə "dəmir ipək yolu" adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi istiqamətində ölkə başçısının rəhbərliyi ilə daha bir uğura imza atıldı. Cənab Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında sözügedən yolun gələcək fəaliyyəti haqqında danışıldı və bir önəmli sənəd, Qars-Naxçıvan dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumu imzalandı. Naxçıvanın uzun illərdir, bir növ, blokada, yaxud mühasirə şəraitində olduğunu nəzərə alsaq, bunun xüsusi əhəmiyyət daşıyan məsələ olduğu öz təsdiqini tapır. Həmçinin, nəzərə alsaq ki, uzun illərdir Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlara çıxarılması problemə çevrilib, deməli, bu baxımdan Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi bu problemin aradan qaldırılması deməkdir. Bu həm də Naxçıvan Muxtar Respublikasının inkişafının, rifah halının daha da yaxşılaşması anlamına gəlir.
Ölkə başçısı, Cənab Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı səsləndirdiyi bəyanatda da bu barədə xüsusilə vurğulanır və ölkə başçımızın bu sənədə xüsusi önəm verdiyi də öz əksini tapır.
"Nəqliyyat sahəsində də böyük nailiyyətlərimiz var. Birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu uğurla fəaliyyət göstərir. Bu yolun gələcək fəaliyyəti haqqında bu gün danışıldı və bir önəmli sənəd də imzalandı, o da Qars-Naxçıvan dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumudur. Bu, xüsusi əhəmiyyət daşıyan məsələdir. Çünki Ermənistanın işğalçı siyasətinə görə, Naxçıvan uzun illərdir, demək olar ki, blokada, yəni mühasirə şəraitində yaşayır. Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlara çıxarılması böyük problemdir. Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi bu problemi aradan qaldıracaq və beləliklə, Azərbaycanla Türkiyə arasında yeganə quru sərhədi olan Naxçıvan Muxtar Respublikasının inkişafı, rifah halı daha da yaxşılaşacaqdır. Bu anlaşmaya görə minnətdaram. Eyni zamanda, Naxçıvanın gələcək fəaliyyəti, uğurlu inkişafı haqqında da fikir mübadiləsi aparıldı. Üç il bundan əvvəl Naxçıvandan Türkiyəyə ixrac edilə biləcək malların siyahısı da tutuldu. Buna görə də biz minnətdarıq və əminəm ki, gələcəkdə Naxçıvandan Türkiyəyə ixrac əməliyyatlarının sayı artacaqdır", deyə Cənab Prezident İlham Əliyev öz bəyanatında qeyd edir.
Bakı-Tbilisi-Qars layihəsinin, eləcə də Qars-Naxçıvan dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumunun əhəmiyyətini iqtisadçı ekspertlər də xüsusilə qeyd edirlər. Sözügedən layihənin, həmçinin Anlaşma Memorandumunun əhəmiyyəti barədə iqtisadçı ekspert Vüqar Bayramov SİA-ya müsahibəsində Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən məqamlar barədə fikirlərini bölüşüb və qeyd edib ki, layihə regional inkişafa pozitiv təsirlərini növbəti illərdə daha da artırmış olacaq.
"Bakı-Tbilisi-Qars yalnız Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə region üçün vacib təşəbbüslərdən, lahiyələrdən biridir. Nəzərə almaq lazımdır ki, Bakı-Tbilisi-Qarsın illik yükdaşıma potensialı 6,5 milyon tondur və eyni zamanda Bakı-Tbilisi-Qars vasitəsi ilə 1,5 milyon sərnişinin daşınması nəzərdə tutulur və burada artıq 10 stansiya müəyyənləşdirilib ki, uzunluğu 826 kilometr olan Bakı-Tbilisi-Qars vasitəsi ilə sərnişindaşınmaların həyata keçirilməsi nəzərdə tutulur. Artıq ilk sərnişin qatarı pilot olaraq Ankaradan Bakı qədər gəlib çıxıb və bu da ondan xəbər verir ki, yeni mərhələdə Bakı-Tbilisi-Qars vasitəsi ilə daha çox sərnişindaşınması və yüklərin daşınması mümkün olacaq. Bakı-Tbilisi-Qars region üçün beynəlxalq yükdaşımalar, eləcə də sərnişindaşımaları bağımından çox əhəmiyyətli bir layihədir. Xüsusən indiki geopolitik faktorları nəzərə alsaq Bakı-Tbilisi-Qars həm Avropa, həm də Asiya üçün əhəmiyyətli kəmərlərdən, dəmir yolu xətlərindən birinə çevrilib. Çünki, nəzərə almaq lazımdır ki, ölkə Prezidenti İtaliyaya səfərində də müzakirə edilən məsələlərdən biri də loqistik və nəqliyyat sektoru ilə əməkdaşlığın gücləndirilməsi ilə bağlı idi. Avropa Bakı-Tbilisi-Qarsdan istifadə etməklə yüklərin Asiya bazarına çıxarılmasında artıq maraqlıdır. Nəzərə alsaq ki, Bakı-Tbilisi-Qarsa qoşulmaq əməkdaşlıqla bağlı bir sıra ölkələrilə artıq anlaşmalar imzalanıb. Eyni zamanda təbii ki, Asiya ölkələri də öz yüklərini Bakı-Tbilisi-Qars vasitəsilə Türkiyə və Avropa bazarlarına çıxarmaqda maraqlıdırlar. Bu isə ondan xəbər verir ki, Bakı-Tbilisi-Qars praktik olaraq beynəlxalq yükdaşımalarda, xüsusən növbəti mərhələdə region üçün aparıcı mövqeyə malik olan dəmir yolu xətti olacaq. Yükdaşımalar, xüsusən nəzərə alsaq ki, dəmir yolu yükdaşımaları daha ucuz başa gəlir, deməli Xəzərin statusu müəyyənləşdirildikdən sonra Xəzər üzərindən yüklərin daşınması ilə bağlı praktik olaraq çətinlikər aradan qalxır. Bu isə təbii ki, Bakı-Tbilisi-Qarsın region üçün əhəmiyyətini möhkəmləndirən faktorlardan biridir və bu kontekstdən də gözlənilir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti növbəti illərdə, o cümlədən də 2020-ci ildə həm Azərbaycan, həm Türkiyənin, həm də təbii ki, Gürcüstanın dövlət gəlirlərinin artmasına birbaşa təsir göstərəcək. Azərbaycan praktiki olaraq Bakı-Tbilisi-Qarsın təşəbbüskarı və eyni zamanda onu reallaşdıran tərəfdir və bu təşəbbüs regional inkişafa pozitiv təsirlərini növbəti illərdə daha da artırmış olacaq.
Bakı-Tbilisi-Qars kəmərinin genişləndirilməsi və eyni zamanda Türkiyənin daxili şəbəkəsi vasitəsi ilə Avropaya çıxarılması istiqamətində atılan addımlar eyni zamanda dəmir yolu xəttinin əhəmiyyətini artıran faktorlardan biridir. İlkin mərhələdə razılaşdırılmışdır ki, xüsusən Türkiyə tərəfində dəmiryol şəbəkəsnin genişləndirilməsi həyata keçiriləcək və həm də Naxçıvanda istehsal ediləcək məhsulların Türkiyə və Avropa bazarına çıxarılması baxımından vacibdir. Naxçıvanın xüsusən bu dəmir yolu xətti ilə praktik olaraq Türkiyənin mərkəzi şəhərləri və eləcə də Avropaya birləşdirilməsi anlamına gəlir. O baxımdan dəmir yolu şəbəkəsinin inkişaf etdirilməsi və genişləndirilməsi gələcəkdə Bakı-Tbilisi-Qars vasitəsi ilə yüklərin daşınması səmərəliliyinin artırılması, eyni zamanda Naxçıvanda fəaliyyət göstərən sahibkarların bu imkanlardan daha çox faydalanmasına imkan verəcək", deyə Vüqar Bayramov bildirib.
Sözsüz ki, BTQ-nin iqtisadi cəhətdən önəmi ilə yanaşı, eyni zamanda siyasi, strateji əhəmiyyəti də danılmazdır. İstər qonşu ölkələrlə, istərsə də Avropa, Asiya ölkələri ilə əlaqələrin daha da yaxşılaşdırılması, intensivləşdirilməsi baxımından layihə əlbəttə ki, əvəzsizdir. Bununla yanaşı, heç şübhəsiz ki, qlobal layihələrin ölkəmizin beynəlxalq aləmdə nüfuzuna xidmət edən rolunu da təkzib etmək mümkün deyil. Məhz Bakı-Tbilisi-Qars belə layihələrdəndir ki, onun əhəmiyyətini barədə kifayət qədər pozitiv fikirlər bildirmək, əhəmiyyətini sadalamaq mümkündür. Əlbəttə ki, layihənin belə əhəmiyyətli olması siyasi ekspertlərin də diqqətindən yayına bilməz və bu gün BTQ-nin önəmini ekspertlər daha geniş və ətraflı şəkildə izah edirlər.
Bakı-Tbilisi-Qars layihəsinin, həmçinin Anlaşma Memorandumunun siyasi, strateji əhəmiyyəti barədə fikirlərini siyasi ekspert, millət vəkili Tahir Rzayev SİA-ya müsahibəsində bizimlə bölüşüb. O, qeyd edib ki, dəmir yolu xətlərinin çəkilməsi çox vacibdir və strateji əhəmiyyətə malikdir və Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilk növbədə hər üç ölkə üçün çox önəmlidir. Millət vəkilinin sözlərinə görə bu layihə əvvəla dövlətlərarası əlaqələrin möhkəmlənməsi üçün, eyni zamanda yükdaşımalar üçün, ölkələrin iqtisadiyyatı üçün çox vacibdir və bunun səmərəsini biz görürük.
"Türkiyə vasitəsi ilə bu yüklərin xarici ölkələrə daşınması sözsüz ki, böyük əhəmiyyət kəsb edir. Qaldı Qars-Naxçıvan dəmir yoluna dair anlaşmanın imzalanmasına, əlbəttə ki, bu da bizim gələcəyimiz üçün çox vacibdir. Naxçıvan, bildiyimiz kimi, blokadadadır və bu gün yalnız hava yolu ilə Naxçıvanla əlaqə mümkündür. Ancaq, gələcəkdə Qars-İqdır-Naxçıvan dəmir yolu istifadəyə verilərsə, Naxçıvan öz məhsullarını xarici bazarlara çıxarmaq imkanı əldə edəcək. Bu dəmir yolunun çəkilməsinin vacibliyi, strateji bir əhəmiyyət daşıması nədir? Birinci burada səmərəlilikdir. Bu çox səmərəli nəqliyyat vasitəsidir. Dəmir yolu həm sərnişinlərin, həm də yüklərin daşınma miqdarına görə, digər tərəfdən həmin daşınmanın maya dəyərinin aşağı salınması baxımından çox vacibdir ki, bu daha ucuz başa gəlir. Digər nəqliyyat vasitələri, hava və su nəqliyyatı ilə bu yüklər daşınarsa, əlbəttə ki, bu külli miqdarda vəsaitin xərclənməsinə səbəb ola bilər. Digər tərəfdən dəmir yolu daha təhlükəsizdir, çünki başqa nəqliyyat vasitələrinə görə bunun təhlükəsizliyi təmin olunur və əlverişlidir. Ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi üçün, iqtisadiyyatın gücləndirilməsi üçün dəmiryolu vacib bir xətdir, vacib bir nəqliyyat vasitəsidir. Ona görə də Azərbaycan daimi olaraq bu məsələləri önəmə çəkir və əlbəttə ki, qonşu ölkələrlə əlaqələrin möhləmlənməsi üçün dəmir yolu xətlərinin çəkilməsi çox vacibdir və strateji əhəmiyyətə malikdir.
Əlbəttə ki, belə mühüm layihələrin həyata keçirilməsində Cənab Prezidentimizin, İlham Əliyevin düşünülmüş siyasəti, uzaqgörənliyi durur. Çünki, deyildiyi kimi dəmir yolu xəttinin şaxələnməsi nəinki qonşu dövlətlərlə əlaqələrin möhkəmlənməsi üçün eləcə də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması üçün çox vacib olan bir məsələdir. Həm də bu bizim ölkəmizə xarici ölkələrdən ixrac olunan məhsullar üçün çox vacibdir. Eləcə də idxal olunan məhsullar üçün, həmçinin bizim məhsullarımızın xaricə çıxarılması üçün çox vacibdir. Sözsüz ki, bu, əhalinin gələcəkdə sosial rifah halının yaxşılaşdırılması üçün ələlxüsus çox əhəmiyyətli vasitədir", deyə Tahir Rzayev bildirib.
Qətiyyətlə deyə bilərik ki, BTQ-nin reallaşması ilə Azərbaycan qlobal miqyasda təkcə neft və qaz hasil edən, həm də ixrac edən ölkə kimi deyil, eyni zamanda Şərqi Qərblə, Şimalı isə Cənubla birləşdirən nəqliyyat qovşağı və loqistika mərkəzi kimi bir nüfuz qazandı. Heç şübhəsiz ki, zəngin təbii ehtiyatlara, eyni zamanda əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan bu layihənin reallaşdırılması ilə, yəni beynəlxalq səviyyəli tranzit mərkəzinə çevrilməsi ilə beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da möhkəmləndirdi ki, bu da ölkəmizin iqtisadi tərəqqisi, daha sürətli inkişafı, nüfuzu deməkdir. BTQ-nin xalqlar arasında bağları daha da gücləndirəcəyi, ölkələrimizin rifahını daha da yaxşılaşdıracağı, sabitliyin daha da möhkəmləndirilməsi üçün davamlı olaraq əsaslı zəmin yaradacağına zərrə qədər şübhə ola bilməz. Bir növ bu layihə Azərbaycan üçün daimi kapital hesab olunur ki, bu da daimi gəlir mənbəyi, siyasi mövqe, beynəlxalq nüfuz, ictimai, iqtisadi, siyasi sabitlik baxımından əvəzsizdir. Qars-Naxçıvan dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumu imzalanması da bu mənada xüsusilə əhəmiyyətlidir ki, bu da öz növbəsində mənfur düşmənlərimizin sayəsində blokadaya alınmış Naxçıvan Muxtar Respublikasının əlaqələrinin bərpa olunmasına, iqtisadi əməkdaşlıqlarının, ticarət əlaqələrinin yaranmasına, nəticədə isə Naxçıvan məhsullarının idxalına, orada yaşayan insanların rifah halının daha da yaxşılaşmasına öz tövhələrini verəcək.
Ümumiyyətlə, BTQ layihəsinin, eləcə də Qars-Naxçıvan dəmir yolunun inşasının əhəmiyyəti sadaladıqca bitmir və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, həmçinin son günlərdə Qars-Naxçıvan dəmir yolunun inşası barədə imzalanan Alaşma Memorandumu Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha bir tarixi qələbəsidir.
Paylaş: