İqtisadiyyatımızın iki ən böyük problemi: İqtisadi azadlıq və maliyyə çatışmazlığı...
İki ildir ki, dövrü olaraq həyəcan siqnalı verirəm ki, ölkədə məntiqə, iqtisadi qanunauyğunluqlara əks aparılan iqtisadi siyasət ölkənin iqtisadiyyatında ciddi geriləməyə səbəb olacaq və bu yolla mütərəqqi inkişaf meyli əldə etmək mümkün olmayacaq (http://www.moderator.az/news/155530.html).
Proqnozlar daha üstün faktlarla təsdiqlənir, ölkənin son 31 ayda iki dəfədən çox azalan iqtisadi potensialı sürətlə geriləməkdə davam edir. Azərbaycan iqtisadiyyatında bu cür sürətli və miqyaslı geriləmə hətta birinci, ikinci dünya müharibələri, Qarabağ müharibəsi illərində olmamışdı.
FAKTLAR: 2014-cü ildə 72 milyard dollar təşkil edən Ümumi daxili məhsulun (ÜDM) həcminin 2017 - ci ildə 34-35 milyard dollar olması gözlənilir. Respublika statistika orqanlarının xeyli əməliyyat prosesindən sonra elan etdiyi 7 aylıq iqtisadi nəticə göstəriciləri də belə geriləməni açıq şəkildə göstərir. Ölkədə istehsal olunan ÜDM 7 ayda daha 1%, sənaye məhsulunun həcmi 5,4%, əsas kapitala yönəldilən vəsaitlərin həcmi 0,3%, bitkiçilik məhsulları 0,8%Əhalinin əmanətləri 11,6%, kredit qoyuluşlarının həcmi 24,7%, ixrac 14,5%, idxal 28,6% azalmışdır. Hökümət dərin böhrandan çıxmaq üçün məntiqlə nə iş görülməlidirsə, tamamilə onun əksini edir: iqtisadiyyat daralmadan-pul çatışmazlığından boğulduğu halda, kranı bağlayıb, qurumaqda olan bitkini daha da qurudur, dövriyyədəki pulu sandıqlara çəkib doldurur, kreditləri daha da və sürətlə azaldır, cüzi nəfəs üçün insanlarda olan qalan pulları vergilərin artırılması, mərkəzləşdirilmiş qiymət vasitəsilə yığır, büdcədən maliyyələşməni azaldır, investisiyaları azaldır, xarici kapitalın girişini məhdudlaşdırır ....Belə olan halda iqtisadiyyat dərin böhrandan necə çıxa bilər? Gözümüzün qabağında bir bitkinin yetişdirilməsi üçün bəlli şərtlər lazımdı, suyu, havası, torpağı, dərmanı və s. Sən bunun suyunu, dərmanını kəsirsənsə, bu bitki necə yetişə bilər?
Azərbaycan iqtisadiyyatı qızmar günəşin altında sussuz qalan ağac kimi sürətlə solmaqda - qurumaqda davam edir. Ölkənin bu hala düşməsini heç kim arzulamır, vəziyyətdən çıxmaqda hamı maraqlıdı, ilk növbədə, iqtidar, hökümət, çünki, iqtidar belə vəziyyətin ağır nəticələrini özündə hiss etməklə yanaşı həm də cavabdehlik məsuliyyəti daşıyır. 2-3 ildir ki, ölkədə bir normal təklif-plan, proqram qoyulmayıb. Bir yalnız keçən əsrin 60-cı illərinin mühazirələri ilə elm öyrənənlərin, 60-cı illərin modeli ilə hazırlanan Yol xəritəsi indi daha çox gizlədilir, nə qədər zəifdirsə, üzə belə çıxarılmır (nəticələr də bunu göstərir). İqtisadiyyatın belə hala düşməsi hər kəs üçün böyük təhlükədi, həm müstəqillik, həm düşmənə qarşı mübarizə, həm ərazi bütövlüyü, həm türk dünyası, həm hər bir vətəndaşın ayrı-ayrılıqda səhhəti, sağlamlığı, rifahı üçün. Amma iqtisadiyyatı qaldırmaqla bütün bu təhlükələri aradan qaldırmaq olar. İqtisadiyyatı güclü olan xalq hər şeyə qadirdi - bu sözlər iqtidar partiyasının banisi, keçmiş prezident Heydər Əliyevə məxsusdur və hesab edirəm, tamamilə doğrudu. Həm də tam əminliklə deyə bilərəm ki, qonşu nəhənglərdən daha qüdrətli iqtisadiyyat qurmaq imkanlarımız hamıdan çoxdur.
Tarixi təcrübə FAKTLARı: 1965-ci ildə Malaziyadan müstəqillik qazanan kiçicik Sinqapur indi Malaziyadan çox daha böyük iqtisadi potensiala malikdi, ÜDM xeyli, ixracatı isə 1,6 dəfə Malaziyadan çoxdu. Keçən əsrin 50-ci illərində Rusiyadan 1000 dəfə daha kiçik potensiala malik və Rusiyanın caynağından qurtarmağı bacaran Cənubi Koreya indi nəhəng saydığımız Rusiyadan 1,3 dəfə çox ÜDM istehsal edir, təqribən 2 dəfə çox məhsul ixrac edir, 2,3 dəfə çox büdcəyə malikdi. Belə üstün iqtisadi potensiala malik olkələrə müstəmləkəçi və ya hər hansı aqressiv ölkələrdən təhlükə reallığa çevrilə bilərmi? Yox, qətiyyən. Olsa da aqressiv ölkələr Küveytə hücum edən İraq kimi yalnız özlərini yandıra bilər.
Haşiyə: Bu məqaləni iş qrafikinə uyğun bir qədər sonra yazmağı düşünürdüm. Amma cırtdan Ermənistanın baş nazirinin “nəhəng” Rusiyanın ordusunun müşaiəti ilə gəlib Azərbaycanın doğma torpaqlarında zavod açması, turist obyekti açıb istirahət etməsi ilə faktiki olaraq alçaldılmış, əzilmiş, təhqir olunmuş Azərbaycanı, bütün türk toplumlarını ayıltmaq məqsədi ilə bu ifadələri millətə, xalqa çatdırmaq istədim.
Əcəba, Azərbaycan bu gün 100 milyard məhsul istehsal etsə, hətta bu kasıb və cırtdan Ermənistandan xeyli yüksək iqtisadi göstəricilərə malik olsa, Ermənistanın baş naziri gəlib, Azərbaycanın ata-baba torpaqlarında belə at oynada bilərdimi? Yox, qətiyyən yox. Azərbaycanın bir balaca rayonu qədər ərazidə heç bir təbii resursa malik olmadan Rusiya kimi nəhəng ölkədən 1,3 dəfə çox məhsul ixrac edən Sinqapurun və ya təqribən eyni ərazidə (Azərbaycanla) Rusiyadan qat-qat çox iqtisadi gücü olan Cənubi Koreyanın yarısı qədər iqtisadi potensial yarada bilsək, hətta Rusiyanın ordusu belə sərbəstlik edə bilməyəcək, dünyada heç bir agressiv güc müstəqilliyimizə, ərazi bütövlüyümüzə qətiyyən təhlükə yarada bilməyəcək.
Bəs nədir səbəb, nədir bizi Sinqapurdan, Cənubi Koreyadan, Honkonqdan, İsveçrədən, Luksemburqan fərqləndirən cəhətlər? Bəlkə təbii resurslarımız azdı, bəlkə insanlarımız zəifdi, bəlkə iqlimimiz, torpaqlarımız pisdi, bəlkə ərazilərimiz azdı. Yox, bunların hamısı üzrə adı çəkilən ölkələrdən xeyli irəlidəyik. Yeganə zəifliyimiz təşkil, səfərbər edə bilməməyimiz, menecmenti qura bilməməyimizdi, bunda da əsas məsuliyyət hökümətin üzərinə düşür. Bu deyilən fikirlər qətiyyən siyasi və ya təbliğat xarakteri daşımır, uçurumun başında təhlükə qarşısında vətən övladının harayıdı, geri dönək, uçurumdan aralanaq, doğru yol seçək, irəliyə gedək. İqtisadi zirvə ümumi zirvə deməkdir.
Ölkənin iqtisadiyyatının bu gün iki ən böyük problemi var: iqtisadi azadlıq və maliyyə çatışmazlığı.
İQTİSADİ AZADLIQ olmayan yerdə yüksək inkişafa nail olmaq gözəl arzudan və xəyaldan o tərəfə keçə bilməz. Sinqapur, Cənubi Koreya və ya İsrailin inkişaf səviyyəsinə çatmaq istəyiriksə, onlar kimi islahatlar aparaq. Bir ay içərisində iqtisadi azadlıq meyyar və göstəricilərini Sinqapur səviyyəsinə qaldıra bilsək (Doing buziness prinsipləri ilə), tam mənası ilə əmin olmaq olar ki, tezliklə Sinqapur kimi inkişaf yoluna keçmək olar. Qətiyyən hər hansı çətinlik yoxdur, bütün zəruri qanunvericilik aktları tərəfimizdən hazırlanmış və mətbuat vasitəsilə müvafiq orqanlara çatdırılmışdır. Tətbiqinə başlanmasına siyasi iradə olduğu şəraitdə cəmi bir ay vaxt lazımdı. İqtisadi azadlığın təmin olunması mütləq məhkəmə və icra azadlıqları ilə müşahidə olunmalıdır.
MALİYYƏ ÇATIŞMAZLIĞI iqtisadiyyatın ən böyük problemi olmaqla, Azərbaycan şəraitində ən zəif təşkil olunan sahədi. Hər bir hökümətin iş səmərəsi iqtisadiyyatın maliyyə mənbələri ilə təmin olunması ilə ölçülür. Təminlik bir tərəfi ifadə edirsə, təminlik üsul və metodları digər daha da vacib tərəfi ifadə edir. Ölkədə həm ümumi maliyyə təminliyi və həm də üsul və metodlar olduqca zəifdir. Bu sahədə islahatlar təcili və hərtərəfli aparılmalıdı, neçə ki, iqtisadiyyat kökündən qurumayıb, kökü quruyan ağacı bərpa etmək mümkün deyil, yenisini əkmək çox baha və uzun müddət tələb edəcək. İlk növbədə, bundan əvvvəl, verdiyimiz qərar layihəsinə uyğun olaraq (bu sahədə də geniş tədbirlər proqramı və onun icra mexanizmi mətbuat vasitəsilə ictimaiyyətə və hökümətə çatdırılmışdı), daxili mənbəələr səfərbərliyə alınaraq onların iqtisadiyyata yeridilməsinin yeni üsul və metodlarla icra mexanizmi hazırlanmalı, maliyyə göstəricilərinin demək olar ki, hamısı bu günkü tənzimlənmənin əksinə düzəldilməli və bununla iqtisadiyyatda canlanma yaradılmalıdı. Məsələn, bankların bağlanması və məhdudlaşdırılması əvəzinə resursların səfərbərlik alətləri kimi sayının və coğrafiyasının genişləndirilməsi, hər bir kənd, qəsəbə üçün bank şöbələrinin və avtobankların qurulması, əmanətlərin həcminin stimullaşdırılması və ciddi surətdə artırılması (xüsusilə hökümət əmanətləri hesabına), büdcədən investisiyaların payının artırılması (ən azı büdcənin kəsirinin artırılması hesabına), rezerv normalarının, uçot dərəcəsinin azaldılması, qiymətli kağızların (xüsusilə özəl sektorun) mərkəzi bank tərəfindən kütləvi satın alınması və s. tədbirlərlə dövriyyədə olan pulun həcminin iqtisadi aktivliyi təmin edə biləcək səviyyədə artırılması, dövlətin bütün resurslarını (Mərkəzi bankda, dövlət şirkətlərində, ekstra ehtiyyatlarda və s) bu işə cəlb etmək. Bununla bərabər xarici kapitalın hər cür üsulla ölkəyə axınına şərait yaradılmalıdı. 80-ci illərdən başlayaraq sürətli inkişafın qabaqcılları, xüsusilə, Çinlilər dünyada birinci yüzlüyə daxil olan şirkətlərin (xüsusilə bank, maliyyə, investisiya şirkətlərinin) ölkələrinə dəvət olunması ilə bu böyük problemin həll etdilər. Bu gün əksəriyyət sürətli inkişafda olan ölkələr, Sinqapur, Cənubi Koreya, Çin, Honkonq, Malaziya və digərləri bu məqsədə nail olmuşlar və bunun hesabına böyük kapital cəlb edə bilmişdilər. Böyük banklardan Azərbaycana gələn o vaxt dünya birincisi olan HSBC cəmi iki ildən sonra çıxarıldı, ümumiyyətlə ölkədə xarici bank strukturları, maliyyə və investisiya fondları yox dərəcəsindədir. Daxili mənbələr hesabına yalnız SSRİ işləyə bilmişdi, yüksək sürətli inkişafı təmin etmək mümkün deyil, qapalı cəmiyyəti yalnız Şimali Koreya kimi qurmaq olar. 100 ən iri bankın toplam 70-80 trilyon dollar aktivləri var, gəldikləri ölkədə heç olmasa, aktivlərinin 0,1%-ni yerləşdirsə 70-80 milyard dollar olar. Bu qədər vəsait Azərbaycanda dövr etsə, bu ölkədə illik artım heç vaxt 7-8%-dən aşağı düşə bilməzdi.
Ölkədən qovulan HSBC bankının aktivləri 2,5 trilyon dollar təşkil edir və o vaxtkı ilkin danışıqlara görə həmin bank aktivlərinin 1%-ə yaxınının burada yerləşdirilməsini planlaşdırırdı (25 milyard dollar- Azərbaycanın cəmi kredit məbləği 8 milyard dollardı). Böyük və məşhur bankların ölkədə fəaliyyətinin təmin olunması yalnız kredit məbləğinin dəfələrlə artırılması deyil, həmçinin ölkə bank sistemində modern təcrübə, kəskin rəqabətin, daha böyük şirkətlərin, daha böyük resursların ölkəyə gətirilməsi deməkdir. Ümumiyyətlə, dünyanın digər top 100 şirkətinin, istəyi olan bütün digər şirkətlərə yol açılması zəruridi. Təssüflər olsun ki, son dövrlərdə, xarici və daxili investorlarla yanlış davranışın nəticəsi olaraq investorlar arasında ölkəyə gəlmə deyil, əksinə ölkədən qaçma meylləri və əhvalı güclüdü, amma bunun qarşısını almaq mümkündür və olduqca vacibdir. BVF, DB, MİGA, dünyanın böyük sığorta şirkətləri ilə investisiyalara xüsusi qarantiya sistemi hazırlayaraq beynəlxalq səviyyədə bu işi təşkil etmək olar və zəruridi. Bu mexanizm hazırdı və müzakirələrə çıxarıb dünyada ilk dəfə qəbul edib və icrasını təmin etmək lazımdır.
Saleh Məmmədov,
keçmiş maliyyə naziri, tanınmış iqtisadçı alim, professor
Paylaş: