Xəbər lenti

Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan da bu formatın həqiqi üzvünə çevrildi. Beləliklə də C5 təşəbbüsü kimi tanınan bu ittifaq C6-ya çevrildi.

Bəs coğrafi olaraq Mərkəzi Asiyaya aid olmayan Azərbaycana bu üzvlük haqqı niyə tanındı? Azərbaycan Mərkəzi Asiya ölkələrinə hansı avantajları töhfə verə bilər və bundan sonra regionda hansı proseslər yaşanacaq?

Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, C5 formatı indiyədək 7-ci zirvə görüşünü keçirsə də, Azərbaycan həmin görüşlərdə qonaq kimi iştirak etsə də, əslində bu təşəbbüsün ən aktiv iştirakçısı və hətta demək olar ki, ideya müəllifi olub:

“Məsələ burasındadır ki, Mərkəzi Asiya ölkələrinin bir ittifaqda birləşməsi düşüncəsi yeni ortaya çıxan təşəbbüs deyil. Xatırlayırsınızsa, SSRİ dağıdıqdan bir müddət sonra (26 mart 1998-ci il) BMT Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramını (SPECA) elan etdi. Proqramı BMT-nin Avropa ofisi, bir başqa adı ilə qurumun Avropa İqtisadi Komissiyası hazırlamışdı. Məqsəd üzv dövlətləri arasında əməkdaşlığı inkişaf etdirmək, onların bir-biri ilə inteqrasiyanı və dünya iqtisadiyyatına qoşulmalarını dəstəkləmək idi. Nə yazıq ki, Moskva bu təşəbbüsü özünün arxa bağçası saydığı Mərkəzi Asiya ölkələrini onun əlindən almaq cəhdi kimi qəbul etdi, bu layihənin həyata keçməsinə mane olmağa çalışdı və öz hədəflərini böyük ölçüdə reallaşdırmağı bacardı. Nəticədə SPECA-nın ilk rəsmi görüşü 2023-cü ilin 24 noyabrında Bakıda keçirildi. Təbii ki, Azərbaycanın təşəbbüsü ilə. Bir neçə gün əvvəl Özbəkistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü də prinsip etibarilə SPECA-nın növbəti toplantısı idi. Bu mənada Azərbaycanın sözügedən formata sonradan qoşulan subyekt kimi dəyərləndirmək yanlışdır. Əksinə, deyərdim ki, C6 formatının ideyası 1998-ci ildə Cenevrədə hazırlanıb, müqəddiməsi isə 2023-ci ildə Bakıda yazılıb”.

Mərkəzi Asiya dövlətləri ittifaqı ilə SPECA-nın üzv dövlətlərinin potensial subyektlərinin siyahısının və məqsədlərinin eyni olmasının bu iddiaları təsdiqlədiyini bildirən Heydər Oğuz deyib:

“Məlumdur ki, Mərkəzi Asiya dövlət başçılarının zirvə görüşündə 6 ölkə başçısı iştirak edirdi: Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan. SPECA-ya daxil olan dövlətlər isə bunlardır: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Əfqanistan. Göründüyü kimi, Özbəkistanda keçirilən zirvə görüşündə SPECA üzvlərindən yalnız Əfqanıstan iştirak etməyib və bu da Talıban hökumətinin ölkəsini tam dövlət kimi formalaşdırmamasından irəli gəlir. 2021-ci ildə ABŞ Əfqanıstandan ordusunu çəkdikdən sonra bu ölkədə yaşanan hərc-mərcliklər Mərkəzi Asiya ölkələrini dərindən narahat edir və Əfqanıstanla münasibətlərdə qeyri-müəyyənliklər yaradır. Məhz bu səbəbdən də belə rəsmi görüşlərə adətən Kabildən qonaq çağırmırlar. Mərkəzi Asiya dövlətlər ittifaqı ilə SPECA-nın hədəflərinə gəlincə, bu sahədə də eyniliklər özünü göstərir. SPECA-nın hədəfləri bayaq da qeyd etdiyim kimi bunlardır: üzv dövlətlər arasında əməkdaşlığın inkişafı, ölkələrin inteqrasiyasının dəstəklənməsi və dünya iqtisadiyyatına qoşulmalarının təşviqi. Mərkəzi Asiya dövlət başçılarının zirvə görüşündə də eyni hədəflər səsləndirilmiş və bu istiqamətlərdə konkret qərarlar alınmışdır”.

Azərbaycanın Mərkəzi Asiya ölkələrinə verəcəyi töhfəyə gəlincə, siyasi şərhçi bildirib ki, Prezident İlham Əliyev sözügedən görüşdəki çıxışında bu barədə kifayət qədər məlumat verib:

“O bildirdi ki, Azərbaycan əsasən 3 sahədə Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayacaq. Bunlardan biri, təbii ki, Xəzər dənizi üzərindən malların keçirilməsi və ünvanına daşınması olacaq. Digəri Xəzərin dibi ilə çəkilməsi planlaşdırılan fiber-optik kabellər şəbəkəsi vasitəsilə rabitə sahəsində əməkdaşlığı əhatə edəcək. Bir başqa əməkdaşlıq sahəsi isə Mərkəzi Asiyada istehsal olan elektrik enerjisinin yenə Xəzərin dibi ilə Azərbaycana, buradan Avropaya nəqli planlarıdır. Başqa sözlə, Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında iqtisadi inteqrasiyada körpü rolu oynayacaq”.

Heydər Oğuz onu da vurğulayıb ki, Transxəzər kommunikasiya əlaqələrindən ən çox qazanan Azərbaycan olacaq:

“Bir çoxları Transxəzər əlaqələri deyəndə yalnız Qazaxıstandan Xəzər dənizi üzərindən Azərbaycana, Azərbaycandan isə Zəngəzur dəhlizi və ya Gürcüstan üzərindən Türkiyəyə və Avropaya nəql olunan yükləri, yaxud enerji daşıyıcılarının nəqlini nəzərdə tutur. Əlbəttə ki, SPECA təşəbbüsü çərçivəsində Çinin “Bir kəmər, Bir Yol” və Avropa İttifaqının “Qlobal keçid” layihələrində yer alan kommunikasiya xətlərinin qurulması çox önəmli rol oynayacaq. Lakin Azərbaycanın Mərkəzi Asiya ilə inteqrasiyasını yalnız bununla məhdudlaşdırmaq mümkün deyil. Ölkəmiz həmçinin Hindistan-İran-Xəzər dənizi-Rusiya-Şimali Avropa xəttində də mərkəzi inteqrator kimi çıxış edəcək. Bundan əlavə, gələcəkdə Pakistan-Əfqanistan-Özbəkistan-Türkmənistan-Xəzər dənizi-Azərbaycan-Avropa xəttində də mərkəzi və kilid ölkə biz olacağıq. Qədim Romada məşhur bir atalar sözü vardı: “Bütün yollar Romaya gedir”. İndi eyni məntiqlə deyə bilərik ki, C6 formatı tam ərsəyə gələndən sonra bütün yollar Azərbaycandan keçəcək. Bu da bizə xeyli iqtisadi və siyasi dividendlər gətirə bilər”.

Şahanə Rəhimli

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 5 666          Tarix: Dünən, 18:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma