Avropa Komissiyası “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihələri yenidən Avropa İttifaqının (Aİ) ümumi maraq layihələri (PCI) siyahısına daxil edib.
AZƏRTAC Avropa Komissiyasına istinadla xəbər verir ki, həmin layihələr Azərbaycan təbii qazını Gürcüstan-Türkiyə sərhədinə qədər daşıyacaq Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), qardaş ölkədən keçərək Yunanıstanadək uzanacaq Trans-Anadolu (TANAP) və Yunanıstan, Albaniya, Adriatik dənizindən keçməklə İtaliya sahillərinə çıxacaq “Trans-Adriatik” (TAP) boru kəməridir.
Avropa İttifaqının PCI əsas enerji infrastrukturu layihələri siyahısına ümumilikdə 173 layihə daxil edilib. Onlardan 110-u elektrik enerjisi və ağıllı şəbəkə, 53-ü təbii qaz, 6-sı neft, 4-ü “CO2” emissiyası az olan şəbəkə layihələridir.
Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.
Artıq “Şahdəniz-2” layihəsi üzrə işlər - mühəndis işləri, təchizat, tikinti işləri və istismar sınaqları da daxil olmaqla ümumilikdə 97 faizdən çox tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi üzrə işlərin isə 98 faizi görülüb.
TANAP layihəsi üzrə ümumi işlərin 86 faizi tamamlanıb. 2018-ci ilin iyununda Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlərin 93 faizi, 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün tamamlanması nəzərdə tutulan işlərin isə 70 faizi görülüb. Uzunluğu 1850 kilometr olan TANAP layihəsinin dəyəri hazırda 7,99 milyard ABŞ dollarıdır. TANAP üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.
Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.
Təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulan TAP qaz boru kəməri üzrə işlərin isə 57 faizdən çoxu icra edilib. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır. Bu ilin ilk rübündə layihə üzrə kompressor stansiyalarının tikintisinə də başlanılacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.
TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.
Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan–550 kilometr, Albaniya–215 kilometr, Adriatik dənizi–105 kilometr, İtaliya–8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-37 düym). Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).
Paylaş: