Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans Adriatik Boru Kəmərinin (TAP) Yunanıstan hissəsinin tikintisi üçün lazım olan boruların 75%-i qəbul edilib.
“Report” xəbər verir ki, bu barədə TAP-ın Yunanıstan üzrə ölkə meneceri Rikard Skufias bu gün keçirilən "Yunanıstan hökuməti ilə XXI dəyirmi masa” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, artıq 32 min borudan 24 mini qəbul olunub.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə ilkin olaraq "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.
"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.
2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.
TAP-ın səhmdarları rolunda BP (20%),SOCAR(20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.
Paylaş: