Möhtərəm dövlət başçımızın ilin idman yekunlarına həsr olunmuş tədbirlərdə idman qələbələrinin qazanılmasında əməyi olan idmançılar, məşqçilər və mütəxəssislər ilə görüşü son illərin ən gözəl ənənələrindəndir. Hər dəfə belə görüşlər idmanımızın inkişafına yeni təkan verir, onları daha parlaq qələbələrə ruhlandırır. Azərbaycan idmanının bayraqdarlarının belə deyək, bu “qələbə paradında” daxili işlər orqanlarının əməkdaşlarını görmək sevincimizə sevinc, fərəhimizə fərəh qatır.
Ötən il dekabrın 18-də dövlət başçımızın iştirakı ilə keçirilən 2017-ci ilin idman yekunlarına həsr olunmuş növbəti belə tədbir də istisna olmadı. Bu dəfə də təltif olunanlar arasında daxili işlər orqanlarının idmançı əməkdaşları, DİN İdman Cəmiyyətinin təmsilçilərini görmək doğrudan da qürurverici idi.
Həmin tədbirdə möhtərəm Prezidentimiz ölkəmizdə idmanın inkişafında və əldə etdiyi yüksək nailiyyətlərə görə onlara göstərilən ali diqqət və qayğının növbəti əyani təzahürü olaraq yeni mənzillərin orderini təqdim etdi.
Təltif olunan idmançı və idman mütəxəssisi arasında bir əməkdaşımız xüsusilə diqqət çəkdi. Elə buna görə də onu oxucularımızla daha yaxından tanış etmək qərarına gəldiki. Bakı Şəhər BPİ-nin DYPİ-nin YPXA-nın polis nəfəri Nicat Əliyev universal döyüş üzrə qatıldığı mötəbər yarışlarda yüksək nəticələr əldə edib.
Söhbət zamanı öyrəndik ki, idmançımızın 25 yaşı var. Kiçik yaşlarından idmanın sambo və universal döyüş növləri ilə məşğul olub. Dəfələrlə sambo üzrə respublika birincisi olub, beynəlxalq turnirlərdə qalib gəlib. Universal döyüş üzrə keçirilən ölkə birinciliklərində 12 dəfə çempion olub. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirlərdə 5 dəfə baş mükafata sahib olub. Kişilər arasında üçqat dünya və beşqat Avropa çempionu olub. Dunya Oyunlarında baş mükafata sahib olub. Peşəkar rinqdə Asiya kəməri uğrunda qarşılaşmalardan qalibiyyətlə ayrılıb və kəməri qazanıb. Yüksək nailiyyətlərə görə ona “əməkdar idman ustası” fəxri adı verilib.
Polis sıravisi Nicat Əliyev bildirdi ki, iş günü nə qədər gərgin keçsə də hər gün axşam məşqlərə gedir. Söhbətimizdə ölkə və DİN rəhbərliyi tərəfindən idmanın inkişafına yaradılan şəraitin onu ölkəmizin idman şərəfinin qorunması, bayrağımızın ucaldılması üçün yeni qələbələrə ruhlandırdığını bildirdi.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Paylaş: