Xəbər lenti

 

Nobel prospekti növbəti dəfə çökmə təhlükəsi ilə üz-üzədir. Müvafiq qurumların açıqlamalarından belə aydın olur ki, bu dəfə vəziyyət daha ciddidir. Belə ki, “Azərsu” ASC məlumat yayaraq bildirib ki, Sahil kollektorunun Nobel prospektində yerləşən 11 saylı texnoloji şaxtasının və kollektorun təhlükəsizliyini təmin etmək, eləcə də prospektdə avtomobil yolunda çökmənin qarşısını almaq üçün ərazidə əlavə işlərin görülməsinə qərar verilib. Bildirilib ki, yolun çökməsinin 24 metr dərinlikdən keçən Sahil kollektoruna təsirini qiymətləndirərkən 11 saylı şaxtaya qrunt sularının dolması aşkarlanıb.

Şaxtaya dolan qrunt sularının qarşını almaq məqsədilə “Azərsu” təxirəsalınmaz tədbirlər görüb, bu sahədə ixtisaslaşmış “Penetron-Azərbaycan” şirkəti şaxtanı daxildən xüsusi materiallarla izolyasiyası edərək buraya daxil olan qrunt sularının qarşısını tam alıb. Bildirilib ki, qrunt-bərkitmə işləri zamanı dərinliyi 20-25 m olan quyular qazılaraq yüksək təzyiqlə sement məhlulu torpağın alt qatına inyeksiya ediləcəkdir. İnyeksiya işləri 11 saylı şaxtanın hər iki istiqamətində aparılacaq.

İlkin qiymətləndirmələrə əsasən, qrunt-bərkitmə işləri 20-25 gün ərzində davam edəcək. Bu müddətdə hərəkət iştirakçılarının və tikinti təhlükəsizliyinin təmin olunması məqsədilə Nobel prospektindən şəhər istiqamətinə nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılması planlaşdırılır.  Prospektdə hərəkət məhdudlaşdırılması zamanı paralel olaraq Sahil kollektorunun yaxınlıqda yerləşən texnoloji şaxtalarında da kompleks tədqiqat işləri aparılacaq.

Nobel prospekti baÄlanır ile ilgili görsel sonucu

Vəziyyəti öyrənmək üçün Nobel prospektində olduq. Müşahidə etdik ki, ötən ilin dekabr ayında çökən hissə tam bərpa olunub. Lakin hazırda ərazidə hər hansı təmir aparılmır. Eyni zamanda  yol boyunca hərəkət də məhdudlaşdırılmayıb. Nobel prospektinin asfalt örtüyündə çatlar gözlə görünür.

Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli “Yeni Müsavat”a bildirib ki, yolda təmir işlərini onlar deyil, “Azərsu” aparacaq:

“Onlar kollektor sistemində işlər görəcəklər. Bu barədə də açıqlama veriblər. Aparılan təmir işlərinin bizim qurumla əlaqəsi yoxdur. Ona görə də yolun nə zaman bağlanacağını deyə bilmərik”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə “Yeni Müsavat”a söylədi ki, yolda hələ ki işlərə başlanılmayıb: “Ona görə də hərəkətdə hansısa məhdudiyyət yoxdur. Yol bağlanan zaman bununla bağlı ictimaiyyətə məlumat verəcəyik”.

Yol bağlanan Babək prospekti ilə 10-cu zavod dairəsi istiqamətinə və yaxud həmin ərazi üzrə Nəcəfqulu Rəfiyev küçəsindən keçməklə Afiyəddin Cəlilov küçəsi istiqamətində alternativ hərəkət  müəyyənləşdirilə bilər. Bu baxımdan sürücülər çox da çətinlik çəkməyəcəklər.

Anar CÉbrayıllı ile ilgili görsel sonucu

Məsələ burasındadır ki, bu cür çökmə hadisəsi Nobel prospektində birinci dəfə baş vermir. Bəs prospekt nə üçün çökür?

2014-cü ildə “Azərneftyağ” neft emalı zavodunun qarşısında, şəhər istiqamətindəki yolda baş vermiş çöküntünün dərinliyi təxmini 20-30 sm, diametri isə 1,5-2 metr olardı. Durumla bağlı 4 zolaqlı yolun 2 zolağı araşdırma işlərinə görə bağlanmışdı. Yolun təxminən 150-200 metrlik hissəsində tədqiqat işləri aparılırdı. Lakin o zaman da konkret olaraq çökmənin hansı səbəbdən baş verdiyi, yerin altı ilə axan suyun mənbəyinin hara olması açıqlanmadı.

İndi isə problemi yolun 20-24 metr dərinliyində olan kollektorla əlaqələndirirlər. Lakin bu sahə üzrə ekspertlər bildirirlər ki, qeyd edilən dərinlikdə kollektorun olması mümkün deyil. Ekspertlər prosesi vaxtilə Nobel prospektində fəaliyyətdə olan zavodlarla əlaqələndirirlər.

Onu da deyək ki, Nobel prospekti (Fəhlə prospekti) Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən ən uzun, iki istiqamətli 6 solaqlı küçədir. Küçə öz başlanğıcını Neftçilər prospekti ilə Yusif Səfərov küçəsinin kəsişdiyi nöqtədən götürür və Ramiz Quliyev küçəsi səviyyəsində Zığ şosesinə keçir. Küçənin uzunluğu 6,5 km-dir.  Həmin prospektin ərazisində sovet dövründə çoxsaylı zavodlar fəaliyyət göstərib. Sonradan isə ərazidə abadlıq işləri aparılıb, zavodlar köçürülüb, prospekt salınıb.

İddialar var ki, prospektin altı sovet dönəmində hava hücumundan qorunmaq üçün sığınacaq olub. Çökmənin səbəbi də bununla bağlıdır.

Æzim MÉsimov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan ekspert Əzim Məsimov bu faktın mümkün olduğunu söylədi. O bildirdi ki, sovet dönəmində mövcud olan zavodların hamısının həyətində yeraltı sığınacaqlar olub: “Mümkündür ki, həmin ərazidə də zavodun sığınacağı varmış. Ümumiyyətlə, sovet dövründə yaşayış yerlərinin həyətində, zavodların ərazisində hava hücumundan qorunmaq üçün sığınacaqlar mövcud olub. Mənim yaşadığım binanın həyətində də böyük sığınacaq var. Görünür, zavodu ləğv ediblər, ancaq həmin sığınacaqlarda müvafiq işlər aparılmayıb. İndi də sığınacaqlar köhnəlib və çökmə baş verir. İlk olaraq tapmaq lazımdır ki, bu su haradan gəlir. Bunun istiqaməti ilə gedib, suyun mənbəyini aşkarlamalıdırlar. 24 metr dərinlikdə deyirlər ki, su keçir. Bu dərinlikdə kollektor olmur. Ola bilər ki, su hansısa boru ilə Keşlə tərəfdən gəlir. Zavodları ləğv edib, borunu da kəsə bilərlər. Su da həmin vaxtı olmadığı üçün zərər verməz. Mümkündür ki, həmin borulardan birinin ağzı açıq qalıb və indi su axıntısı var. Ona görə də məsələ ciddi şəkildə araşdırılmalıdır”.

Əli RAİS,
“Yeni Müsavat”
Fotolar müəllifindir




Ana səhifəyə qayıt        Baxış: 498          Tarix: 7-02-2019, 10:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma