Xəbər lenti

  

“Son illər Göyçayda baş alıb gedən məmur özbaşınalığı, cəzasızlıq, mənəm-mənəmlik, əhaliyə qarşı soyğunçu hərəkətlər o həddə gəlib çatıb ki, rayon sakinləri cana yığılıblar. Hazırda Göyçay rayon icra başçısı Mehdi Səlimzadə ilə “komxoz” müdiri Loğman Əliyev arasında gedən intiriqaya görə rayon zibilliyə qərq olub”.

 Bir qrup Göyçay sakininin Ovqat.com-a ünvanladığı şikayət məktubunda belə deyilir.

Ənənəvi olaraq hər həftənin çərşənbə axşamı (2-ci gün) rayon icra hakimiyyətinin başçısının vətəndaşlarla qəbul günü keçirildiyini vurğulayan şikayətçilər bu qəbulun gözdən pərdə asmaq üçün hazırlanan səhnə olduğunu bildirirlər:

“Vətəndaşların şikayətlərini yerində həll etmək məqsədi ilə (o da həll edilsə, quru və boş vədlər verilir) rayonda fəaliyyət göstərən idarə-təşkilat rəhbərləri iclaslara dəvət olunurlar. Belə qəbullardan biri də 23 iyun 2019-cu il tarixdə keçirilmiş və “komxoz”un müdiri Loğman Əliyev də qəbula çağırılmışdı. Elə qəbuldaca icra başçısı Mehdi Səlimzadə Loğman Əliyevin işdən azda olunması barədə sərəncam imzalayıb. İcra başçısının sərəncamını saya saymayan Loğman Əliyev isə idarəni təhvil verməkdən imtina edib və rayonun icra başçısı Mehdi Səlimzadəni ondan rüşvət tələb etməkdə kəskin günahlandırır.  Məlumata görə, icra başçısı Loğman Əliyevdən barama pripiskası məqsədi ilə 30.000 manat pul tələb edib, o da öz növbəsində icra başçısı ilə mübahisə etdiyindən başçının qəzəbinə tuş gəlib. Hətta Loğman Əliyev icra başçısını nalayiq söyüşlərlə söyüb təhqir edib. Deyib ki, 150 nəfər adı “komxoz”a işə yazılmış naməlum şəxslərin maaş kartlarını sənə vermişəm, bu üç il ərzində sənə iki milyon manat pul ödəmişəm.

Nəhayət, 24 iyul 2019-cu il tarixdə səhər saatlarında Loğman Əliyevdən idarəni təhvil almaq mümkün olub. Səhər saatlarında icra başçısı polisin gücü ilə Loğman Əliyevi idarədən çıxarıb möhürü onun əlindən zorla aldırıb.

Loğman Əliyevin rayonun icra başçısı ilə bu qədər aqressiv davranmasına səbəb nədir? İlk öncə deməliyik ki, bu, icra hakimiyyətinin başçısı Mehdi Səlimzadənin kobud kadır siyasətinin nəticəsidir. Belə ki, hələ Mehdi Səlimzadə Göyçay rayonuna icra hakimiyyətinin başçısı təyin edildiyi ilk illərdə Loğman Əliyevə qanunsuz və hüdudsuz səlahiyyətlər vermişdi. Loğman Əliyev rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin işinə nəzarət etmək, onları istiqamətləndirmək, hətta rəhbər kadırlarla təhqiramiz və kobud rəftar etmək səlahiyyətinə malik idi. Hətta Loğman Əliyev idarə rəhbərlərinin bəzilərini kabinetindəcə gedib döyürdü. Bunlardan biri Göyçay şəhərinin meri Rəşad Şükürovdur ki, Loğman Əliyev onu bir neçə dəfə şillə-yumruqla vurmuşdu.

Məişət tullantılarlnln yığılması, daşınması və zərərsizləşdirilməsi haqqında Tarif Şurasının 2011-ci il tarixli qərarı ilə fiziki şəxslərdən hər ay üçün adam başına 30 qəpik olduğu halda Loğman Əliyev hər evdən aylıq 3 manat pul yığırdı. Bu isə ayda 30.000 manatdan çox pul edir. Buna əhali tərəfindən dəfələrlə etiraz olsa da, “əcəb edirəm” deyib, həmin küçənin və ya binanın zibilini həftələrlə təmizlətdirmirdi. Həmin yığılan pulların çox hissəsi icra başçısının cibinə axırdı.

Ümumiyyətlə, Mehdi Səlimzadənin Göyçay rayonuna rəhbər təyin olunduğu vaxtdan keçən 3 ildən artıq bir müddətdə rayonda əhalinin yığılıb qalan taleyüklü problemləri nəinki azalmadı, əksinə daha da artdı. Mehdi Səlimzadə icra başçısı təyin olunduqdan sonra özünün yaxın qohumlarını müxtəlif vəzifələrə təyin etməklə kadrların seçilməsi və təyin edilməsində qohumbazlığın əsasını qoymuş oldu. Mehdi Səlimzadənin bu əziz xələf qohumları başçıya külli miqdarda pul atdığına görə onlar vəzifədən uzaqlaşdırıldı. Rayonun Bərgüşad yolunun 4 kilometr hissəsi 3 ildir ki, qazılıb asfaltı yararsız vəziyyətə salınsa da bu günədək təmir edilməmiş qalır. Rayonda yaşı 100-150-ni keçmiş iri gövdəli çinar ağacları sakinlər üçün göydən (quru çinarlar budaqları) gələn ölüm təhlükəsi yaratsa da, şikayətə baxan yoxdur. Rayonda isti yay günlərində sakinlər “su” deyib dad edir, bir nəfər də olsun rəhbərlikdən bu məsələni həll edən tapılmır.

Qanunsuz yazılan qaz, işıq, su cərimələrindən bezən sadə vətəndaşlar öz narazılıq və iradlarını dövlət başçısına ünvanlayırlar. Vəziyyət o həddə çatıb ki, sakinlər ən xırda problemlərinin həlli üçün mərkəzi rəhbərliyə, Prezidentə, Nazirlik və Komitə rəhbərlərinə məktub yazıb problemlərinin həll edilməsini xahiş edirlər. Əgər rayon sakinləri ən sadə problemlərinin həlli üçün dövlətin ali rəhbərliyinə müraciət edərək ordan kömək umacaqdılarsa, onda yerli icra aparatı nəyə lazımdır və kimə xidmət edir? Rayonda o qədər problemlər yığılıb qalıb ki, yazmaqla qurtarmaz. Göyçay rayonunun yerə tökülən zibildən öncə belə yaramaz vəzifədə oturan zibillərdən təmizlənməsinə ehtiyac var.

Prezident cənab İlham Əliyevdən xahiş edirik, Mehdi Səlimzadənin barəsidnə ciddi tədbir görüb onu layiq olduğu vəzifəyə təyin etsin. Bu adam yer süpürməyə belə yaramır, onun yeganə şakəri pul toplamaqdır.

İmza; Göyçay rayon sakinləri:

Məmmədov Rəsul Böyükağa oğlu

Qasımov Dadaş Baba oğlu

Əliyeva Firuzə Saday qızı

İbrahimova Nərgiz Ələddin qızı

Cəfərov Rafiq Tapdıq oğlu

Orucova Təranə Umud qızı

Paşayev Fərhad Gülağa oğlu

 




Ana səhifəyə qayıt        Baxış: 597          Tarix: 26-07-2019, 12:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma