Xəbər lenti


“Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi məsələsinə Azərbaycanın maraqları, strateji hədəfləri, beynəlxalq hüququn əsas prinsipləri çərçivəsində baxmaq daha doğru olar”.

Bunu QAFSAM-ın sədri, politoloq Araz Aslanlı apa-ya açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanın müstəqilliyinə yeni qovuşmuş dövlət olması, ciddi təhlükəsizlik riskləri ilə qarşı-qarşıya qalması, ərazilərimizin bir hissəsinin işğal altında olması bizim istənilən məsələyə, xüsusilə də bu ərazilərlə bağlı məsələlərə çox diqqətli, çox həssas yanaşmağımızı tələb edir: “Amma bu diqqət və həssaslıq bütün mövzulara hissi reaksiya verməyə, məsələlərin əslini araşdırmadan münasibət bildirməyə səbəb olmamamlıdır. Əgər söhbət Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisindən gedirsə, bu mövzuya daha çox işğal altındakı ərazilərimiz və Azərbaycan-İran münasibətləri prizmasından münasibət bildirmək doğru olar. Burada bizi maraqlandıran ilk nüans odur ki, bu tikintilərlə bağlı Azərbaycanın razılığı olub, yoxsa yox. Yəni, Azərbaycan-İran sərhədində görülən hansısa iş, reallaşdırılan hansısa layihə Azərbaycanın icazəsi ilə olmalıdır. Fərqi yoxdur ki, həmin ərazi bizim nəzarətimizdədir, yoxsa işğal altında. Ərazi bizim olduğu üçün bizim razılığımız olmalıdır. Əksi, Azərbaycanın suverenliyinə hörmətsizlik olar və bu, bizim üçün qəbuledilməzdir. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi bizim razılığımızla, qarşılıqlı anlaşma ilə olursa, bu barədə imzalanan sənədlərdə Azərbaycanın ərazi bütövlüyü tam vurğulanırsa, İran bu məsələ ilə bağlı ərazilərimizi işğal altında saxlayan dövlət olan Ermənistanla hansısa sənəd imzalamırsa, birbaşa Azərbaycanla müzakirə aparırsa, burada hüquqi cəhətdən problem yoxdur. Əksinə, bu, İranın həmin əraziləri Azərbaycanın bir parçası kimi tanımasının göstəricisidir”.

A. Aslanlı qeyd edib ki, real maraqlar baxımından “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi problemli deyil, faydalı məqam kimi görünür: “Əgər sənədlərdən və açıqlamalardan aydın şəkildə görünürsə ki, bu hidroqovşaqların su ehtiyatlarından birgə istifadə ediləcək, hər bir tərəfin su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi həmin ölkəyə məxsus olacaq və s., onda suverenlik baxımından burada problem görünmür. Bir daha qeyd etmək istəyirəm ki, əksinə bu məqamı Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmaq kimi qiymətləndirmək olar.

Amma söhbət, ümumiyyətlə, Azərbaycan-İran münasibətlərindəki imkanlardan, uğurlardan və problemlərdən gedirsə, bu artıq başqa mövzudur. Yəni, kimsə Azərbaycan-İran münasibətlərinə, ümumiyyətlə, qarşıdırsa, həmin prizmadan tənqid edirsə, bu fərqli məsələdir”. 


Ana səhifəyə qayıt        Baxış: 2 981          Tarix: 9-05-2020, 07:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma