Xəbər lenti

   
Bu gənc İkinci Qarabağ Müharibəsinin birinci günündən sonuncu gününə kimi ağır döyüşlərdə olmuş sıravi Hacızadə Mürsəl Elxan oğludur, dekabrın 31-də tərxis olunub.   ... Müəllim ailəsində doğulub.   2015-16-cı illərdə Milli Orduda xidmət edib. Təhsil haqqını ödəmək imkanı olmadığından “Azərbaycan Universitetindəki “ təhsilini yarımçıq qoyub günəmuzd işlərdə çalışıb. Polis orqanlarına sıravi kimi də qəbul oluna bilməyib. AMMA səfərbərliyin ilk günündən orduya gedib, Bakı ş Yasamal rayon komissarlığından.                                 
...Müharibənin ilk günündə axşamüstü Horadizin bayraq meydanında ilk şəhidimizi verdik deyir. Daha sonra Füzuli stiqamətində o bədnam məşhur bunkerə hücuma keçiblər, 4-5 dəfə, hər dəfəsində də xeyli itgi olub, o sıradan Cəbrayıldan (İlandağda, Stıkda) dolama istiqamətdən bunkerə doğru manevr döyüşlərində də.., sonrakı döyüşlərdə də...  Birinci korpusun  N saylı hərbi hissəsi... Təkcə elə bu, döyüşlərdə vəziyyətin niyə bu qədər ağırlaşdığını xeyli izah edir. Deyir komandirimiz mayor Azayev Asif son döyüşə girəndə dedi ki, uşaqlar bağışlayın, sizi qorumağa daha gücüm çatmadı, biz bu döyüşə də girməyə məcburu.., əmr vermirəm.., mən qabaqda gedirəm döyüşə, kim istəyir gəlsin... Getdik.., gəlməyənlər də oldu.  7 kənd  aldıq, amma 3-ünü saxlaya bildik.., yenə də itgilər.., elə komandirin özü də. Hadisə Cəbrayılda oldu deyir, onu da deyir ki, deyilənə görə qarşımızdakılar muzdlular imiş. 
   Onun döyüş yoluna baxın: Füzuli, Cəbrayıl, Xocavənd, Qırmızı Bazar, Xocalının Çanıqlı kəndi, Şuşayla Xankəndinin arasındakı yüksəklik...  Hər biri də ağır döyüşlər...
   Ondan sözü kəlbətinlə çəkirsən. O demək olar ki, danışmır. Susur.., baxır.., susur.., hərdən də başını tərpədir...  Hələ oktyabrın 2-də sol dirsəyindən yaralansa da, elə yaralı-yaralı döyüşüb son günə kimi. Deyir snayper vurdu, güllə 2 dəfə qarnımdan və sinəmdən tutmuşdu—bronojilet saxladı( deyir birində zərbədən yixilıb özümdən getdim, ayılan kimi cumdum eee).., 3-cü dəfə qolundan vura bildi... Arada möhkəm xəstələnib, qızdırmadan huşunu itirib yıxılıb, amma ayılan kimi yenə döyüşə davam edib... Elə indi də öskürür.
...Heç  bir təlltifi yoxdur.., umursa da demir də, can atmır da. Gülümsəyir.., elə təltif olunanlar var ki...—səngər üzü, açıq döyüş üzü görməyənlər... Amma biz hamımız istəyirdik ki, şəhid mayorumuza Qəhrəman adı versinlər, o həqiqi hərtərəfli qəhrəman adam idi. O bir yaralını da artıq itgi sayırdı.., elə bil canı bahasına olsa da döyüşən əsgərləri qoruyurdu.., qorumağa çalışırdı...
  ... Ac olarsan, götür çörək ye deyirəm. Yenə gülümsünür.., deyir  olurdu ki, bir neçə gün döyüş mövqeyindən çıxa bilmirdik, əlaqə də kəsilirdi, onda səhər tezdən otların üzərindəki şehdən doyunca içib üstündən də ot çeynəyirdik ki, aclığımız sönsün—bu da bir üsuldur.., olub ki, 10 gün səngərdə qalmışıq döyüşə-döyüşə, Qırmızı Bazar tərəfdə...
 ... Hər dəfəsində də deyir ki, Prezidentimiz—Ali Baş Komandan o vaxt hərbi rəhbərliklə keçirdiyi müşavirədən sonra  vəziyyət kəskin şəkildə müsbətə doğru dəyişdi, yoxsa  biz də elə o vaxt mayorumuzun dalınca bir-iki günə şəhid olacaqdıq. Bizi Prezident xilas etdi.., allahdan aşağı bizim xilaskarımız odur deyir...
...İndi iş axtaracağam deyir...
...Mən isə ondan xəbərsiz üzümü hərbi rəhbərliyə tuturam: belə igidlərin min dəfələrlə halal olan haqqını kim vermir? Yoxsa, yenə də var..?  
...Üzümü yenə də ondan xəbərsiz  “Azərbaycan Universitetinin” rəhbərliyinə tuturam:   Siz elm adamlarısınız, ziyalılarımızsınız,onun vətənsevərliyində sizin də payınız var və hamı bilir ki, bu məlumatı alan kimi özünüz qərar qəbul edəcəksiniz: Sizin belə igid tələbəniz var və o hər bir haqqını (elə təhsil haqını da) VƏTƏN  YOLUNDA ÖDƏYİB!
... Hörmətli Vilayət müəllim,yenə də ondan xəbərsiz deyirəm, cənab nazir Vilayət  Eyvazov...
... O qazidir— bilirəm ki, qolundakı yara yeri ömürlük görünəcək.., susqunluğundakı görünməyən göynəyən yaralara isə yalnız VƏTƏNİN   AZADLIĞI məlhəm ola bilər.  Onu da bilirəm ki, mən onlara, 44 günlük amansız müharibənin ucalara qaldırdığı bu azman övladlarımıza daim aşağıdan yuxarı baxacağam...


Ana səhifəyə qayıt        Baxış: 6 138          Tarix: 5-01-2021, 21:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma