Xəbər lenti


EURACTIV, Aİ
13.01.2021


Müəllif: Vasif Hüseynov
Cənubi Qafqazın və qonşu ölkələrin siyasi liderləri 1990-cı illərin sonlarında belə bir nəticəyə gəlmişdilər: regionda sülh və təhlükəsizliyin bərqərar olması, bölgənin iqtisadi inkişaf potensialının tam açılması, regionun kökündən dəyişməsi üçün sabitlik və əməkdaşlığa dair müqavilə imzalanmalıdır.

ATƏT-in 1999-cu ilin noyabrında keçirilmiş İstanbul sammitində Azərbaycan prezidenti Heydər Əliyev Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitliyin təmini, regional problemlərin həlli üçün müqavilənin hazırlanmasını təklif etmişdi. O zaman bu ideyanı Türkiyənin dövlət başçısı Süleyman Dəmirəl də dəstəkləmişdi. Üstəlik, Dəmirəl daha geniş təkliflər hazırlayaraq, region dövlətlərinin rəhbərlərinə göndərmişdi. Bu təşəbbüsə Ermənistan prezidenti Robert Koçaryan ilə Gürcüstanın dövlət başçısı Eduard Şevardnadze də qoşulmuşdular.

Bundan sonra 3+3+2 ölkələrinin (Azərbaycan, Ermənistan, Gürcüstan+Rusiya, İran, Türkiyə+ABŞ və Avropa İttifaqı) razılığı ilə müqavilənin hazırlanması təklif olunmuşdu. Buraya iqtisadi əməkdaşlıq və demokratik islahatlarla yanaşı, münaqişələrin həlli və təhlükəsizlik məsələləri daxil idi.

Azərbaycanın eks-prezidenti Heydər Əliyev hələ o zaman bildirirdi ki, Cənubi Qafqaz ölkələri XXI əsrə münaqişələr, gərginliklər olmadan keçməli, tərəflər arasında Təhlükəsizlik və Sülh Müqaviləsi imzalanmalıdır.

Amma Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitliyə dair müqaviləyə ehtiyacın olduğunu hər kəs qəbul etsə də, buna mane olan ciddi amil var idi. Nəticədə həmin vaxt bu işin öhdəsindən gəlmək mümkün deyildi. O zaman prezident Heydər Əliyevin də dediyi kimi, təkliflərin reallaşdırılması üçün yalnız bir şərt var idi: “İlk növbədə Cənubi Qafqazdakı münaqişələr həll edilməlidir... Ermənistan Azərbaycanın işğal altındakı ərazilərini azad etməli, 1 milyondan çox azərbaycanlı məcburi köçkün evlərinə qayıtmalıdır”.

Təəssüf ki, həmin vaxt tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin həllində irəliləyişə nail ola bilmədi. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 20%-nin Ermənistanın işğalı altında olduğu bir vaxtda, Bakı üçün Yerevanla hər hansı əlaqə qəbuledilməz idi...
Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanatla isə Azərbaycan ərazilərinin işğalına son qoyulub. Odur ki, bu bəyanat əslində, regionun sabiq liderlərinin sülh təşəbbüslərinin həyata keçirilməsinə imkan yaradıb.
Üçtərəfli bəyanatda regionda nəqliyyat əlaqələrinin, kommunikasiyaların açılmasına çağırışın yer alması həqiqətən də iqtisadi, siyasi və sosial sahələrin inkişafı üçün unikal şans yaradıb.

“Biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq”, - deyə Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla dekabrın 10-da keçirdiyi mətbuat konfransında bildirib. O, mövcud əməkdaşlıq platformalarını (Türkiyə-Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya-İran, Türkiyə-Rusiya-İran) altıtərəfli vahid platforma kimi birləşdirməyi təklif edib. Üstəlik, Azərbaycan prezidenti Ermənistanı da bu təşəbbüsə qoşulmağa çağırıb: “Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa, öz əsassız iddialarından əl çəkərsə və gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Biz buna açığıq... Biz bu səhifəni bağlamalıyıq, biz bu ədavətə son qoymalıyıq”.

Bu təşəbbüsü prezident Ərdoğan da dəstəkləyib, üstəlik ideyanı Rusiyanın dövlət başçısı Vladimir Putinin də dəstəklədiyini söyləyib. Ərdoğan hesab edir ki, region dövlətləri barışığa məhz bu platforma vasitəsilə nail ola bilər. Bu platformaya infrastruktur, siyasət, diplomatiya və digər sahələr daxildir.

Prezident Ərdoğan Qafqazda sabitlik və əməkdaşlığa dair platformanın yaradılması ideyasını keçmişdə də səsləndirmişdi. O, bu məsələni hələ 2008-ci ildə Rusiya prezidenti Dmitri Medvedevlə müzakirə etmişdi. Həmin vaxt Rəcəb Tayyib Ərdoğan Gürcüstan, Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya arasında əməkdaşlığın beştərəfli və ya 3+2 formatında inkişafının mümkün olduğunu deyirdi.

Onun təklifi Medvedyev tərəfindən də dəstəklənmişdi. Prezident bildirmişdi ki, bu təklif sıx, bəzən qeyri-rəsmi dialoqun aparılmasına imkan yaradacaq, həmçinin regionda iqtisadi, nəqliyyat və enerji sahələri ilə bağlı problemlərin həllinə töhfə verəcək.

Amma o zaman da bu ideyanı həyata keçirmək qeyri-mümkün idi. Səbəbsə yenə də Ermənistan-Azərbaycan münaqişəsi idi. Nəhayət, bu gün münaqişənin həlli Cənubi Qafqazın beynəlxalq əlaqələrində yeni səhifənin açılmasına imkan yaradır.

Doğrudur, müharibədən sonra Ermənistanda revanşist qruplar üstünlük qazanmağa başlayıb (onlar yenidən silahlanmaya, Azərbaycanla müharibəyə hazırlaşmağa çağırışlar edir). Amma ölkədə Yerevanın sülh platformasında iştirakını istisna etməyən siyasətçilər də var. Məsələn, Ermənistan parlamentinin iqtisadi məsələlər komissiyasının rəhbəri, hakim “Mənim addımım” fraksiyasının deputatı Babken Tunyanın fikrincə, “hər hansı platformada iştirak Ermənistanın maraqlarına cavab verirsə, o, bundan imtina etməməlidir”.

Bir sözlə, Azərbaycanın işğal altındakı ərazilərinin azad olunması, azərbaycanlı rəsmilərin münaqişənin həll olunduğunu elan etməsi və Yerevanın iki ölkə arasındakı sərhədin Sovet dövründəki kimi bərpasına razılığı ümidlər yaradır. Ümid edək ki, tərəflər uzun illərdir davam edən düşmənçiliyə son qoyacaq, blokadanı aradan qaldıracaq, diplomatik, maliyyə əlaqələrini, həmçinin cəmiyyətlər arasında münasibətləri bərpa edəcək, Qafqazda sülhün bərqərar olmasında aparıcı rol oynayacaq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: EURACTIV



Ana səhifəyə qayıt        Baxış: 2 806          Tarix: 13-01-2021, 18:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma