Xəbər lenti

 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun ABŞ-ın Ceymstaun Fondunun “Eurasia Daily Monitor” dərgisində “Ermənistan, Azərbaycan və Rusiya liderlərinin üçtərəfli sammiti” başlıqlı məqaləsi dərc edilib. 
 
Ovqat.com xəbər verir ki, məqalə görüşün keçirildiyi regional siyasi kontekst və onun yekunlarına dair məlumatı diqqətə çatdırır. 
 
Müəllif qeyd edir ki, yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Moskvada baş tutmuş görüş üç liderin 9 noyabr 2020-ci il tarixdə imzaladığı və 44 günlük İkinci Qarabağ Müharibəsinə son qoyan atəşkəs bəyannaməsinin mühüm davamı olub.
 
 “Putin-Əliyev-Paşinyan zirvəsi, ilk növbədə 9 noyabr üçtərəfli bəyanatının doqquzuncu maddəsinə (yəni bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və bölgədəki infrastruktur layihələrinin inkişafına) əsaslanan başqa bir sənədin imzalanması ilə başa çatdı. Dörd maddəlik yeni sənəddə Azərbaycan Respublikası və Ermənistan Respublikası baş nazir müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədr müavininin həmsədrliyi ilə bir işçi qrupu yaradıldığı elan edildi. İşçi qrupun keçən ilki atəşkəs bəyanatının 9-cu maddəsinin icrasını təmin etməli və fəaliyyət proqramını və onların həyata keçirilmə cədvəlini üç dövlət tərəfindən martın 1-dək ən yüksək səviyyədə təsdiqlənməsi üçün təqdim etməlidir. Sənəddə prioritet olaraq dəmir yolu və avtomobil rabitəsinin yaradılması və Azərbaycan və Ermənistan üzərindən beynəlxalq daşımaların və iki ölkənin bir-birinin əraziləri üzərindən yük tranzitinin təmin edilməsi göstərildi”, deyə müəllif yazıb. 

 Bildirilir ki, görüşdən sonra regionun gələcəyinə dair liderlər tərəfindən müsbət mesajlar verilib. Belə ki, Rusiya Prezidentinin daha əvvəl verdiyi bəyanatlara istinad edən Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin artıq keçmişdə qaldığını və indi regionun gələcək inkişafını müzakirə etməyin vaxtı çatdığını bildirib: “Ermənistan Baş Nazirinin bəyanatında münaqişənin hazırki mərhələsi ilə bağlı fikir ayrılığı ifadə edilsə də, o da nəqliyyat və iqtisadi əlaqələrin bərpasının bölgənin iqtisadi mənzərəsini tamamilə dəyişəcəyini elan etdi”.



Həmçinin BMTM-in şöbə müdiri Fuad Çıraqovun ABŞ-da Ceymstaun Fondunun nəzdində nəşr olunan Avrasiya Günlük Monitorunun (Eurasia Daily Monitor) saytında “2020-ci ilə baxış: Azərbaycan pandemiya ilə üz-üzə və Qarabağda qələbə ilə nəticələnən müharibə” adlı məqaləsi nəşr edilib . Məqalədə ümumilikdə 2020-ci ildə Azərbaycanın daxili və xarici siyasətində cərəyan edən hadisələr təsvir edilib. Müəllif yazır ki, ötən 2019 və 2020-ci ilin əvvəlində Azərbaycan rəhbərliyi səbrlə Ermənistan daxilindəki siyasi proseslərin məntiqi yekununu və Paşinyan hökumətinin münaqişə ilə bağlı mövqeyini tam aydınlaşdırmasını gözləyirdi. Həmçinin bu müddətdə Ermənistanın ardıcıl olaraq təxribatlara əl atdığı bildirilir və bu təxribatlar sırasında işğal edilmiş ərazilərdə qanunsuz prezident, parlament seçkilərinin və inauqurasiya mərasimlərinin keçirilməsi, separatçı rejimin parlamentinin Şuşaya köçürülməsinin elan edilməsi, Azərbaycanın işğal edilmiş ərazilərinə 3-cü yolun çəkilməsinin elan edilməsi kimi faktlar diqqətə çatdırılır. 

Bu təxribatlardan sonra ötən ilin iyul ayında Tovuz bölgəsində döyüşlər, general Polad Həşimovun həlak olması və insanların küçələrə çıxaraq hökumətdən Qarabağın azad edilməsi üçün müharibə tələb etməsi də vurğulanır.  Məqalənin sonunda münaqişənin başa çatmasının region üçün yeni imkanlar və perspektivlər açması diqqətə çatdırılır və ötən il Azərbaycan qazının ilk dəfə 3500 km-lik Cənub Qaz Dəhlizi ilə Avropa bazarına çatması vurğulanır. Qeyd edilir ki, müharibədən sonra Azərbaycan və Türkiyə rəhbərliyi çıxışlarında  Ermənistanı regional inteqrasiya proseslərinə qoşulmağa çağırırdılar: “İmzalanan üçtərəfli sazişlə bölgədəki bütün regional nəqliyyat yolları və kommunikasiyalar açılacaq, ona görə də indi Ermənistanın qazanıb-qazanmayacağı bu ölkənin düzgün seçim etməsindən asılıdır”. 


Ana səhifəyə qayıt        Baxış: 3 905          Tarix: 14-01-2021, 00:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma