Xəbər lenti

Ermənistan iyulun 4-də Füzulinin Alxanlı kəndinə hücumu və iki yaşlı Zəhra da daxil olmaqla iki dinc azərbaycanlını qətlə yetirməsi, digərini yaralaması ilə vandalizm mahiyyətini bir daha ortaya qoydu. Xocalıdan başlanan soyqırımı siyasəti bu gün də davam edir, lakin artıq Azərbaycan 90-cı illərin informasiya blokadası vəziyyətində olan dövləti deyil. Ermənistanın son vandalizminin beynəlxalq ictimaiyyət qarşısında qaldırılması və bu hücuma reaksiyalar da Azərbaycanın dünya birliyində xüsusi çəkiyə malik dövlət olduğunu göstərdi. Artıq dünya erməni işğalını görür və işğalçını öz adı ilə çağırır. Bu, ilk növbədə rəsmi Bakının uğurlu siyasəti və Azərbaycan dövlətinin nüfuzundan irəli gəlir.

Publika.az
 erməni hərbi birləşmələrinin Alxanlı kəndində mülki azərbaycanlıları qətlə yetirməsinə beynəlxalq ictimaiyyətin rekasiyasını təqdim edir.

ATƏT

ATƏT-in Minsk qrupunun bəyanatında Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü pozduğu açıq şəkildə qeyd olunur. Bəyanatda təxribatların Ermənistan tərəfindən törədildiyi, bu ölkənin Cenevrə konvensiyalarının, digər beynəlxalq qanunvericilik aktlarının tələblərini və danışıqlar prosesini pozduğu qeyd olunur. Minsk Qrupunun həmsədrləri faktiki olaraq qeyd edirlər ki, Ermənistan silahlı qüvvələrinin son təxribatı danışıqlar prosesinin və həmsədrlərinin səylərinin pozulmasına hesablanıb.

Artıq beynəlxalq ictimaiyyətə məlumdur ki, guya azərbaycanlıların yaşadığı məntəqələrdə atəş nöqtələrinin olması barədə Ermənistan tərəfinin iddiaları yalan və öz cinayətlərini kobud şəkildə ört-basdır etmək cəhdidir. Azərbaycana akkreditə olunan xarici ölkələrin hərbi attaşeləri və diplomatları, beynəlxalq media nümayəndələri iyulun 6-da Alxanlı kəndinə təşkil olunan səfər çərçivəsində yerindəcə bu faktın şahidi olublar. Ermənistanın azərbaycanlılara qarşı davamlı şəkildə terror və soyqırımı siyasəti bu ölkə tərəfindən sistematik qaydada Cenevrə konvensiyalarının tələblərinin kobud şəkildə pozulduğunu sübut edir. Həmsədrlərin Cenevrə konvensiyaları əsasında öhdəliklərə riayət edilməsi, həmçinin mülki insanların tələfatına yol açan zorakı addımlara yol verilməməsinə dair çağırışlarını təqdirəlayiqdir. Həmsədrlərin məhz Ermənistanın növbəti təxribatından sonra 1994-1995-ci il atəşkəs haqqında sazişlərə riayət olunması barədə çağırış isə bu sazişin şərtlərinin məhz işğalçı ölkə tərəfindən pozulduğunu göstərir.

Avropa İttifaqı, Avropa Parlamenti, Avronest

Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsinin (AFET) sədri Devid Makallister, Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harms və Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Səyyad Kəriminin birgə bəyanatında Ermənistanın təcavüzkar siyasəti açıq şəkildə pislənilir.

Bəyanatda Fizuli rayonunda mülki şəxslərin ölümü ilə nəticələnən zorakılıq hadisəsindən ciddi narahatlığını ifadə edilib, həmçinin, münaqişənin tez bir zamanda siyasi yolla, beynəlxalq hüquq normalarına uyğun olaraq nizamlanmaına çağırış edilib.

Bəyanata Avropa Parlamentinin Minsk qrupunun həmsədrlərinin səylərinə və təkliflərinə tam dəstək ifadə olunub. Bəyanatdan göründüyü kimi, AP, Aİ və Avronest Ermənistanın mülki əhalinin qətlinə səbəb olan növbəti qanlı aksiyasından ciddi narahatlıqlarını ifadə ediblər. Bu qurumlar faktiki olaraq, Azərbaycanın bu günə kimi səsləndirdiyi mövqeni dəstəkləyərək, münaqişənin qısa zamanda, beynəlxalq hüququn normalarına uyğun həllinə çağırış ediblər. ATƏT-in son bəyanatlının xarakterini nəzərə alaraq, bu qurumların Minsk qrupunun həmsədrlərinin səylərinə və təkliflərinə tam dəstək ifadə etməsi həm də Ermənistanı təxribatçı əməllərdən çəkinməyə, beynəlxalq hüquqa hörmətlə yanaşmağa dəvət etmək anlamına gəlir.

ABŞ

ABŞ Dövlət departamenti Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin pozulması nəticəsində bir neçə dinc sakinin, o cümlədən iki yaşlı uşağın həlak olmasına görə dərin narahatlığını ifadə edib. Bəyanatda münaqişənin ərazi bütövlüyü prinsipi və beynəlxalq hüququn normalarına uyğun tənzimlənməsi xüsusi qeyd olunur. ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövqeyinə tərəfdar çıxması və tərəfləri hərbi əməliyyatları dayandırmağa, danışıqlar prosesini bərpa etməyə çağırması onu göstərir ki, Vaşinqton Ermənistanı pozucu və təxribatçı fəaliyyətdən çəkinməyə çağırır. Vaşinqton münaqişənin ərazi bütövlüyü prinsipi və beynəlxalq hüququn normalarına uyğun tənzimlənməsini qeyd etməklə münaqişənin ədalətli həlli ilə bağlı konkret mövqe ortaya qoyur.

Dünya mediası

Ermənistanın təxribat hücumu dünya mediasında da geniş şəkildə işıqlandırıldı. “Assosiated Press”, BBC, “Euronews”, “New York Times”, “Washington Post”, “Le Monde” və digər bu kimi aparıcı media orqanları hadisəni obyektiv işıqlandırdılar. Dünya mediası Azərbaycanın haqlı mövqeyini dəstəklədi, işğalçı Ermənistanın dinc əhaliyə qarşı yönəlmiş qanlı cinayətini pisləyən materiallar yayımladı.

Azərbaycanın ərazi bütövlüyü dəstəklənir

Göründüyü kimi, beynəlxalq birlik Ermənistanın iyulun 4-də törətdiyi təxribata sərt reaksiyası göstərir. Beynəlxalq birlik Ermənistanı təxribatçı, beynəlxalq qanunvericiliyin tələblərini kobud şəkildə pozan və ona riayət etməyən, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı danışıqlar prosesini pozan dövlət olaraq tanıyır, münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini istəyir. Bununla yanaşı, beynəlxalq birlik Azərbaycanın haqlı tərəf olduğunu etiraf edir və bölüşür, Ermənistanı pozucu fəaliyyətdən çəkinməyə çağırır.

Beynəlxalq birliyin reaksiyası, xüsusilə ATƏT-in Minsk qrupunun ikinci dəfə bəyanat yayaraq, baş vermiş hadisəyə dair obyektiv mövqe ifadə etməsi həm də Azərbaycan dövlətinin artan beynəlxalq nüfuzunun, gücünün, haqlı mövqeyinin, öz mənafelərini lazımi şəkildə müdafiə etmək imkanlarının və bacarığının etiraf olunması deməkdir. 




Ana səhifəyə qayıt        Baxış: 810          Tarix: 7-07-2017, 16:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma