Bir neçə gün əvvəl Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləməyə başlayan polis baş leytenantı Şirzad Baxşəli ilə əlaqə saxladım. Həqiqətən də yeni vəzifəsində işləyib-işləmədiyini xəbər aldım.
Qeyd edim ki, Şirzad Baxşəli Naxçıvanda şəxsi işinə "xidmətə yararsız" maddəsi yazılaraq, polis orqanlarından uzaqlaşdırılmışdı. Mənim aldığım məlumata görə, Azərbaycan DİN Naxçıvan MR DİN-in bu əmrini heçə sayaraq onu 12-ci polis şöbəsində işə götürmüşdü.
Şirzad bəy ciddi səs tonuyla adımı soruşdu.
- Heydər Oğuzam, - dedim.
Səsinin tonu dəyişdi. Gülə-gülə soruşdu:
-Telefonumu hardan tapdınız?
-"Qara Pişik" verib, -dedim.
Yenə gülə-gülə:
-Onda məndən niyə soruşursunuz?
-Məlumatın səhihliyini yoxlamaq istədim.
-"Qara Pişik" yalan danışmaz, -dedi.
İnanın, "Qara Pişik" gözümdə o qədər ucaldı ki, gözlərim bərələ-bərələ qaldı. Birdən yadıma Gülsatan qızın Məstanı düşdü. Başladım zümzümə etməyə: "Gözlərində böyürüm, böyürüm"..
Şirzad bəy soruşdu:
-Nə deyirsiniz?
-Heç. "Qara Pişik" yadıma düşdü.
Beləcə, Şirzad Baxşəliyə ilk yalan ifadəmi verdim. Hiss etdim ki, o da bunu anladı. Amma üzümə vurmadı. Hər halda məni cinayətkar hesab etməmişdi və buna görə ötüşdürdü.
Ovqat.com
Paylaş: