Xəbər lenti

"Onun niyyəti bu nəticələr olmayıb, indi də niyyətindən əl çəkməyib, istədiklərini və niyyətlərini reallaşdırmaq üçün bacarığı çatmadı"

"Bəziləri Nikol Paşinyanı elə ilahiləşdirir, elə mələkləşdirir ki, adam birtəhər olur. Tək bir xüsusiyyətinə görə - Qərbpərəstmiş. Gözüm aydın! Qərbpərəst olub, nə edib, bəlkə sülh göyərçini olub? Ya Ermənistanda başqa qərbpərəstlər sülh göyərçinidir? Açın bütün müxalifətli-iqtidarlı, irili-xırdalı qərbpərəst siyasətçiləri hamısını bir-bir dinləyin. Faşistdirlər hamısı!" Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov bildirib.

Politoloqun sözlərinə görə, bugünlərdə onlardan biri Hindistan-İran-Ermənistan-Avropa oxundan bəhs edərək deyirdi ki, Arian oxu formalaşmaqdadır: "Bircə "Heil Hi..ler" nasist salamını verməsi çatmırdı. Sülhdən demirəm, ən azından son baş verənlərdən nəticə çıxaran 3 qərbpərəst siyasətçinin adını yazın. Nüfuzlu olmayanı belə, yaza bilərsiz. Vətən savaşından əvvəl bəlkə Paşinyan sülh üçün nəsə etdi? Adam çıxıb "Qarabağ ... " demədi? Bunu deməyə heç Köçəryanın və Sarkisyanın bir yeri çatmamışdı. Açın 2021-ci ilin yanvarında, müharibədən 2 ay sonra öz əli ilə yazdığı məqaləni oxuyun! Adam öz dili ilə deyir ki, ondan əvvəlki liderlər danışıqlarla Azərbayacana torpaqların bir hissəsinin qaytarılacağı illüziyasını verirdilər, o, isə ilk Ermənistan lideri idi ki, bilərəkdən (!) bu illüziyalara son qoydu. Müharibədən sonra bəlkə nəyisə xoşluqla verdi? Bəlkə 86,6 min kvadratkilometi xoşluqla dedi? Demokratmış, beynəlxalq hüquqa, sərhədlərin toxunulmazlığı prinsipinə hörmət edirmiş... Oğlu hərbi xidmətində Qarabağda nə gəzirdi? Ya, bəlkə beynəlxalq müstəvilərdə hələ də davam edən min cürə hoqqalarından əl çəkiblər? Xristian həmrəyliyi sentimentləri ilə oynamağın üstünə bir də "Qərbpərəst", "demokratiya" cildinə girib istədiklərindən əl çəkmirlər. Rahatlaşmırlar, barışmırlar bunlar!"

Fuad Çıraqov bildirib ki, 2018-ci ildə Paşinyan hakimiyyətə təzə gələndə kampaniya başlamışdı ki, ay qoymayın Qafqazın yeni Saakaşvilisini və islahatçısını Rusiya Azərbaycanın əli ilə cəzalandıracaq, ay bu gün vuracaq, sabah vuracaq: "Azərbaycan Ermənistanın həmin zəif vaxtından istifadə etdimi? Paşinyanı pis vəziyyətdə qoydumu? Bilirsinizmi Rusiya onda bunu nə qədər istəyirdi, çalışırdı, əlindən gələn nələri daha etmədi ki? Açılacaq bir gün bunların hamısı bir-bir! Paşinyana onda kömək etdikmi? Etdik! Günnüt əməliyyatını belə, tam informasiya vakumunda etdik ki, Paşinyana ziyanı olmasın. Ölkə başçımız Düşənbədə liftdə görüşdümü? Niyə liftdə sizcə? Heç kim, heç nə bilməsin razılıqdan. Vaxt verdikmi? 2019-cu il ən sakit il oldumu cəbhədə? Birbaşa heç bir vasitəçisiz kanal quruldumu iki lider arasında? Bundan artıq nə etməliydik bu "islahatçı", "qərb ideyalarının daşıyıcısı" və regionun "xilaskarı" siyasətçisi üçün? Dəyərləndirdimi? Sağ ol dedimi? Çıxıb nə dedi "Qarabağ..."? Keçən il Rusiyanın Xovayev sülh planını biz rədd edəndə, Paşinyan çıxıb demədi ki, 100 faiz dəstəkləyir? Bizsiz Rusiya ilə Qarabağdakı sülhməramlıların mandatına imza atmadımı? Bunun harasıdı Qərbpərəst? Bəli, Paşinyan bizə sərf etdi, Allah üzümüzə güldü. Amma yalnız və yalnız faydalı idiot kimi. Onun niyyəti bu nəticələr olmayıb. İndi də niyyətindən əl çəkməyib. İstədiklərini və niyyətlərini reallaşdırmaq üçün bacarığı çatmadı. Bizə lazım işi görmək üçün istifadə müddətini yekunlaşdırdı. İndi sadəcə baxmaq lazımdı, indən sonra da bizim istədiyimizi ya xoşluqla (sülh göyərçini kimi), ya naxoşluqla (faydalı idiot kimi) vermək potensialı qalıbmı. Qalıbsa onda qalsın hakimiyyətdə, qalmayıbsa üç hərfli yerə getsin. Ziyanımızadırsa artıq batırmaq üçün hər şey etməliyik!"

Politoloq əlavə edib ki, biz xarici siyasətimizi ideologiya üzərində qurmuruq: "Kim demokratdı, kim deyil. Maraqlardı! Real-politikdi! Xarici siyasətimizin ikinci prinsipi ölkələrin xarici siyasət kurslarının seçiminə qarışmırıq. Ən gözəl misal Gürcüstandır. Qərbpərəst siyasət seçiblərmi? Əcəb edirlər! Dəstək olmuşuqmu həmişə? 2006-2007-ci illərdə Rusiya soyuq qış aylarında qazını işığını kəsəndə kömək etdikmi? 2008-ci il avqust müharibəsi dövründə nə etmişik açın görün Saakaşvili nə deyir. Ermənistan da qərbpərəst olmaq istəyirmi? Olsun, amma və lakin bu xarici siyasət kursunu bizə qarşı çevirəndə biz də nə lazımdı edəcəyik. Bu kursu bizə qarşı çevirməsin necə lazımdı dəstək vermək ona da verək! Rusiyapərəst siyasətini bizə qarşı çevirsə əvvəl necə əleyhinə olmuşuq bundan sonra da ona qarşı olacağıq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az




Ana səhifəyə qayıt        Baxış: 4 601          Tarix: 17-10-2023, 14:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma