Ə.Əliyev adına 204 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, ali kateqoriyalı baş müəllim
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qabaqcıl texnologiyalara əsaslanan təhsil sisteminin yaradılması üçün beş istiqamət üzrə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Bu istiqamətlər - səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, təhsildə nəticələrə görə cavabdehlik, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrasturukturunun yaradılması və ölkədə iqtisadi cəhətdən dayanıqlı və dünyanın apancı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasıdır.
XXI əsrdə öz müstəqilliyinin yeni mərhələsinə qədəm qoyan Azərbaycan Təhsil sisteminin beynəlxalq aləmə inteqrasiyası üçün bu sahədə köklü dəyişikliklər, islahatların aparılması uğurla davam edir.
Təhsil bəşəriyyətin tarixi inkişaf yolunda ən unikal bir mexanizm kimi meydana çıxmış, insanların əxlaqi və mənəvi cəhətdən inkişafını təmin edən bir sistem kimi istifadə olunmuşdur. Bu gün təhsil fenomeni cəmiyyətin inkişaf dinamikasını tənzimləyən, onu qloballaşan dünyanın sürətli tərəqqisini şərtləndirən əsas amillərdən biridir. Bu gün ölkəmizdə təhsil zəruri amil kimi elm və istehsalat arasında əlaqə yaradan element kimi çıxış edir.
Müasir dövrümüz cəmiyyətin inkişafında insan amilinin rolunun artması ilə səciyyələnir. Deməli, gənc nəslin təlim-təbiyəsi ilə məşğul olan biz müəllimlər yeni iqlimin saflaşmasına, gələcəyimiz olan uşaqların yüksək intellektual hazırlığa malik, milli və ümumbəşəri, mənəvi keyfiyyətlərə yiyələnmiş, müstəqil, varlığa şüurlu münasibət bəsləyən yaradıcı şəxsiyyətin yetişməsinə çalışmalıyıq.
İndi heç kimə təəccüblü deyil ki, gənc nəsli əməli fəaliyyətə hazırlamaq, sabahın fəal qurucuları kimi yetişdirmək üçün onlarda insan azadlığı, şəxsiyyət bütövlüyü, şəxsi ləyaqət hissi, əməyin azad formaları, idrak prosesinin mükəmməl təşkili, bir sözlə, inkişafetdirici təlimin ön plana keçirilməsini tələb edir.
Qeyd olunan hər bir dəyər tərbiyə sistemində son dərəcə özünəməxsus funksiya yerinə yetirir. Müstəqil düşünmək, təhlil elmək, yaradıcılığa can almaq faktlarını müstəqil olaraq ağıl süzgəcindən keçirtmək, cəmiyyətdəki yerini dərk etmək, əqli nəticə çıxartmaq, mühakimə yürütmək, idraka əsaslanan ümumiləşdirmə vərdişlərinin formalaşdırılması fəal şəxsiyyəti səciyyələndirən əsas cəhətdir. Bu şəxsiyyət isə özünü ailədə və məktəbdə tapır.
Getdikcə artan informasiya axını fonunda uşaqlara xas idrak fəallığını nəzərə alaraq dərslərimdə təlimin inkişafetdirici metodundan istifadəni önə çəkirəm.
Məsələn, şagird Azərbaycan dilindən mürəkkəb sözlərin yazılış qaydaları barədə informasiyanı çox dəqiq surətdə yada salır, dediklərinə misal gətirərkən «xoşsifət», «günorta», «əlüstü» və s. sözləri ayrı yazır, sanki öz dediklərinin başqa sözlə öyrəndiyi müddəanın mənasına varmadan qazanılmış bilik və bacarıqların lazımi situasiyada işlənməsi üsullarını, sxemləşdirilməsini, modelləşdirilməsini, bir sözlə, praktik əhəmiyyətini, tətbiq yerini əsla başa düşmür. Deməli, fikir durğunluğıı ortaya çıxır. Bəs nə etməli? İlk növbədə təlimin təhsilverici, inkişafetdirici funksiya olmağından istifadə edərək, öyrədilən materialın həcminin çoxluğundan qaçmaq, mənasını, mahiyyətini başa düşmədən əzbərləməyə son qoymaqla idrak fəallığına, təfəkkür müstəqilliyinə, mövcud biliyin modelləşdirilməsinə nail olmaq lazımdır.
Dərslərimdə ən çox diqqəti böyük aktuallıq kəsb edən motivasiyaya, yəni yeni biliklərin axtarılması və kəşfi prosesinə cəlb edirəm.
Motivasiya şagird fəaliyyətinə istiqamət verən ən mühüm amildir. Odur ki, problem xarakterli suallar qoyuram. Nə üçün 1To+2Tm tipli ismi birləşmənin tərəfləri arasına söz daxil ola bilmir? Və ya -ın4, -ma2, -acaq2, -dır4, şəkilçiləri niyə omonim şəkilçilər adlanır? «Gülən qız», «güləyən qız», «qaçan al», «qaçağan at» ifadələrinin oxşar və fərqli cəhətlərini diaqram üzrə ümumiləşdirməyi tapşışıram.
Şagirdlər sual ətrafında düşünür, faktları ölçüb-biçir, nəticə çıxarmağa çalışırlar. Deməli, potensial gerçəkləşməyə, istedad, qabiliyyət aşkarlanmağa, özünütəqdimetmə reallaşmağa başlayır. Hər kəs çalışır ki, fikrinin düzgünlüyünü əsaslandırsın.
Şagirdlərin idrak fəaliyyətinin gücləndiyi, bütün zehni qüvvələrin aktivləşdiyi vəziyyətdə rəylər toqquşur, hər kəs öz fikrini sübut etmək üçün əsasları və dəlillər gətirməyə can atır, özünütəsdiqə çalışır, bu didaktik prinsipdən razı qalır, yəni idrak fəallığı ilə emosional fəallıq üst-üstə düşür.
Məhz təlim prosesində şagirdlərdə təfəkkürün intensiv inkişafı, anlama, tətbiqetmə, təhliletmə, müstəqil əqli nəticə çıxarmaq bacarığına həqiqi zəmin yaranmış olur.
Unutmaq olmaz ki, bu situasiyada müəllim tələsməməli, «köməkçi» suallardan yan keçməlidir ki, şagirdlər bu sualları özü-özlərinə verə bilsin, öz fikri fəaliyyətlərini tənzimləsinlər. Belə olan təqdirdə, şagird qazanılmış bilik və bacarıqlarını lazımi məqamda işlənməsi, sxemləşdirilməsi üsullarını qavrayır, təfəkkür müstəqilliyi təşəkkül tapır.
Şagirdlərdə müstəqillik, tədqiqatçılıq və idrak vərdişlərinin açarı onların şəxsi təlim əməyinin təşkilindədir. Məhz bu amillər dərs prosesində üzə çıxır, çünki müasir dərsin bütün mərhələlərində buna yetərincə imkan var.
Mən sadalananlara nail olmaq, şagirdin daxili potensialını üzə çıxartmaq üçün ədəbiyyat dərslərində müxtəlif üsullardan istifadə edirəm. Belə ki, «Koroğlu» dastanını tədris edərkən doğma yurd, el-elat, milli adət-ənənələrdən söz açır, deyirəm: “Qılınc və saz, qılınc və qələm! İlk baxışda çox uzaq olan bu anlayışların bir insanın təbiətində birləşməsi qəribə görünə bilər. Tarix göstərir ki, bu türk milləti üçün adi haldır. Gəlin, keçdiyimiz mövzulara nəzər salaq. Siz bu barədə nə deyə bilərsiniz?” - deyə şagirdlərimə müraciət edirəm.
Şagirdlərdən bəziləri daha fəal olub əlavə fakt və misallar gətirirlər
Məsələn:
Aygül: - Doğrudan da, qılınc igidlik, əyilməzlik, cəsarət rəmzidir. Qılınc həyat rəmzi də, ölüm rəmzi də ola bilər. Koroğlu yeri gələndə sazla sözü birləşdirib oxuduğu kimi, düşmənə qarşı qılıncdan bir silah kimi istifadə etmiş, xalqın mənafeyini düşünmüşdür.
Emil: - Qazi Burhanəddin döyüşlərdə amansız igid, mərd hökmdar, həm də incə ruhlu tuyuqlar müəllifi kimi tanınır. Vətən sevgisi, yurd təəssübkeşliyi, torpaq yanğısı onları şəxsiyyət səviyyəsinə qaldırmışdır. Elə dərs prosesindəcə öz fikrini açıq söyləyən, daxili potensialını gerçəkləşdirən, əlavə fakt və misallar gətirən şagirdlər rəğbətləndirilir.
Şagirdlər dərs prosesində konkret fakt və nümunələrlə öyrənirlər ki, ana dili hər bir xalqın varlığıdır. Xalqın ruhunu, mənəviyyatının ifadəsini ancaq onun ana dilində vermək olar.
Azərbaycan ədəbiyyatı mövzu rəngarəngliyi, ideya zənginliyi ilə istənilən xalqın ədəbiyyatını kölgədə qoya bilər. Xalqın ideya, fikir və təcrübəsini özündə əks etdirən kamal dünyası, həyat dərsliyi, hikmət xəzinəsi adlandırdığımız folklor nümunələrinə istinadən bir el incisini şagirdlərə təqdim edirəm:
“Mən Vətənin qurbanıyam hər zaman.
Çünki məni yaradanım vətəndir!
Namusum, qüdrətim, şöhrətim, şanım.
İnsafım, vicdanım, qanım Vətəndir”.
Sinifə müraciət edirəm: - Bu bəndin əsas qayəsini kim necə başa düşür?
Hər bir qrupun üzvləri sual ətrafında düşünür, fikirlərini bölüşürlər. «Günəş» qrupundan Aytac deyir ki, xalqı, vətəni sevmək hər birimizin borcudur: “Elə Mübarizi, Təbrizi, Allahverdini, Ələkbəri də ermənilərlə ölüm - dirim mübarizəsinə aparan da yurd, torpaq məhəbbəti olub. Mən də yaşım çatsaydı, Mübariz kimi edərdim”.
«Venera» qrupundan Tural fikrini belə açıqlayır: “İnsan gərək mərd olsun. Qorxmaz insan ailəsinin də valideynlərinin də qədrini yaxşı bilir”.
«Mars» qrupundan olan Kamran məktəbimizin foyesində şəkli asılmış Nadir Mahmudovdan söhbət açaraq deyir ki, o, qonşumuz olub, qonşuların, dostarının onun haqqındakı söhbətlərini eşitmişəm: “Bu məni təsirləndirib. Mən də Nadir kimi mərd, mübariz olacağam. Vətənimin keşiyində möhkəm dayanacağam”.
Uzunmüddətli müəllimlik fəaliyyətində gəldiyim qənaət budur: şagirdlərin təlim marağını artırmaq üçün biliklərin inteqrasiyası vacib şərtdir.
Süleyman Rüstəmin «Təbrizim» şeirinin tədris edərkən də belə bir modelə istinad etdim.
Bu Klaster (şaxələndirmə) modelinin mərkəzində əsas mövzu dayanır. Məhz tədqiqat sualı yeni biliklərin kəşfinə aparan bələdçi rolunu oynayaraq fəal dərsdə təfəkkür prosesini işləməyə sövq edir.
Bu prosesin ən mühüm nailiyyətlərindən biri düşünmənin sərbəstliyidir. Şagirdlər verilmiş əsas anlayışa aid bacarıqları qədər söz assosiasiyalarından istifadəyə, anlayışlar, hadisələr tapmağa və ideyalar arasında əlaqələr barədə düşünməyə istiqamətlənirlər. Klaster doldurulur.
Təlim-tərbiyə prosesində müasir şagirdin ən mühüm keyfiyyəti olan özünürcallaşdırma, özünütənqid, təfəkkür müstəqilliyi formalaşır. Çünki idrak hər şeydən əvvəl fəaliyyətdir.
Hələ qədimdən məlumdur ki, insanlar biliyə üç yolla sahib olurlar. Bu yollardan biri mühakimə, təhlil, nəticə çıxarmaqdır. Çünki burada insan idrakının dərin qatları, məhsuldar sahələri hərəkətə gəlir, analitik təfəkkür fəaliyyətə başlayır, idrak özünün yüksək pilləsinə - elmi ümumiləşdirmə və abstraksiya mərhələsinə qalxır.
Qeyd edim ki, mütaliə vərdişlrinin formalaşdırılması , şagirdlərin diqqətini tərbiyənin milli-mənəvi cəhətinə yönəltmək işində tarixi qəhrəmanlıq filimlərimizin, Azərbaycanın təbiətinə dair sənədli filmlərin izlənilməsi , xalq musiqisinin dinlənilməsi bu prosesin təkmilləşdirilməsinə təkan verən amillərdir.
Unutmayaq ki, əsas məqsədimiz gələcək nəsillərimizi ulu əcdadlarımızdan qalan miraslarla tanış etmək, onları dönməzlik , əyilməzlik, mərdlik və qəhrəmanlıq ruhunda tərbiyələndirməkdir.
Lakin bir cəhəti yaddan çıxartmaq olmaz ki, məktəblilərdə müstəqil təhliletmə prosesi olduqca mürəkkəbdir. Müəllim öz işini elə qurmalıdır ki, şagirdin müsbət cəhətlərindən istifadə etsin. Yalnız bu yolla o istədiyinə nail ola bilər. Dərslərimdə mən məhz nikbinlik prinsipinə əsaslanaraq, şagirdlərimin işıqlı cəhətlərini axtarıb tapır, ona istinad edirəm.
Pedaqoji və psixoloji araşdırmalar göstərir ki, müəllim-şagird əməkdaşlığı dərsdə şagirdlərin idrak, əqli nəticə çıxarmaq ahənginə, bu fəaliyyətin nəticələrinə stimullaşdırıcı təsir göstərir.
Deməli, təlim prosesində şagirdlərin təfəkkür fəalyyəti düşünmə, əqli nəticə çıxartma qabiliyyəti elə təşkil edilməlidir ki, təhsil illərində nəinki zəruri informasiyaları mənimsəyə bilsin, həm də onları ümumiləşdirsin, sistemə salsın, hafizəsində möhkəmləndirsin, sonrakı fəaliyyətində onlardan səmərəli və yaradıcı surətdə istifadə edə bilsin. Bu isə informasiyaların məzmunu, xarakteri və problemin qoyuluşundan çox asılıdır.
Müəllim ustalığı və mərifətinin başlıca cəhəti hər bir şagirdi hərtərəfli öyrənib ona düzgün yanaşmaqda ifadə olunur. Çox qiymətli metal olan qızıl heç də böyük küllə halında tapılmır. Onun kiçik zərrələri də qızıldır. Odur ki. müəllim qızılaxtaranlar kimi hərəkət etməlidir. O, səbirlə axtarmalıdır. Bu, tərbiyəvi təsirin hədsiz qüdrətinə inam, təsadüf edilən hər cür çətinliklərə qalib gəlməyin başlıca cəhətidir.
Ovqat.com
Paylaş: