Xəbər lenti
Dünən, 19:25

 Almaniyada mühacir həyatı yaşayan Hüseyn Abdullayev növbəti prezident seçkilərində namizəd olacağını açıqlayıb.

Ovqat.com xəbər verir ki, sabiq millət vəkili bunu öz facebook səhifəsində paylaşdığı bəyantla bildirib.

Hüseyn Abdullayevin seçki bəyanatını olduğu kimi təqdim edirik:

“Əziz bacı- qardaşlarım və çox dəyər verdiyim ağsaqqal, ağbirçəklərim!!!

Məlumat üçün sizlərə bildirməliyəm ki, mən Hüseyn Abdullayev gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində öz namizədliyimi irəli sürmək niyyətindəyəm. Əminəm ki, bu yüksək vəzifəyə seçildiyim təqdirdə dağılmaqda olan iqtisadiyyatımızın bərpa edilməsini, eləcə də hüquq, məhkəmə, vergi, təhsil, səhiyyə ve digər vacib sahələrdə köklü və radikal islahatların aparılmasını təmin etmək gücündəyəm.

Bilirəm, bu qərara gəlməyim Bakıdakı bir çox xain qüvvələri ciddi şəkildə narahat edəcək və onlar tərəfindən şəxsimə qarşı yönəlmiş çirkin qarayaxma təbliğatlara start veriləcəkdir. Çünkü onlar yaxşı bilirlər ki, mənim Azərbaycana qayıtmağım onların kriminal əməllərinə, cəzasızlığına, korrupsiyasına və qudurğançılığına son qoymaq deməkdir. Bəri başdan həm onlara, həm də uzun illər onlarla işbirliyində olan bəzi saxta və cib müxalifət funksionerlərinə bəyan edim ki, onların heç bir avantürası məni öz yolumdan və doğma xalqıma xidmət etmək arzusundan çəkindirə bilməz. Önəmli olan millətimizin istəyi və qərarıdır. Əgər canım qədər sevdiyim Azərbaycan xalqı mənə ehtimad göstərib, bu vəzifəyə layiq görərsə, qayıdıb öz ölkəmə, doğma yurduma və millətimizin xoşbəxt, firəvan və hüzur içində yaşamasının təmin edilməsinə çalışaram. Hesab edirəm qanında əsil Azərbaycanlı qanı axan hər bir övlad üçün bundan gözəl və bundan böyük bir arzu, niyyət ola bilməz. Vətənə xidmət ən böyük ibadətdir. Mən ömrüm boyu bu arzu və bu amalla yaşamışam. Həyatım boyu hər bir uğurumu hamımız üçün doğma olan Azərbaycanımızın adına bağlamışam. Mənim prezident olmaq iddiamın tək bir səbəbi varsa,oda ölkemizi inşaf etmiş azad, demokratik ve güclü iqtisadiyya sahib olan bir dövletlerin sırasında görmektir, . Bizim xalqımız çox istedadlı və bacarıqlıdır. Xalqımız o zaman Vətənimiz üçün böyük uğurlara imza ata bilər ki, hər bir vətəndaşın hüquq və demokratiya yolunda zəfərlər əldə etməyi özünün həyat normasına çevirə bilsin. Dəyərli soydaşlarım! Azərbaycanın Ana Yasasına görə hər bir vətəndaşın prezident olmaq, seçib və seçilmək hüququ vardır. Çox təəssüflər olsun ki, ən adi vətəndaş hüquqlarınız əlinizdən alınıbdır. Mən prezident seçiləcəyim təqdirdə, dövlət quruculuğunda ölkə vətəndaşlarının iştirakı modelini dövlət sisteminə çevirəcəyəm. Hər bir millət və dövlət o zaman güclü olur ki, ölkənin quruculuq işlərində bütün insanlar bərabər şəkildə bu prosesdə iştirak edir. Bu hüquqlar əlinizdən alındığı üçün, uzun illərdir ölkəmizdə qanunsuzluq, cəzasızlıq, kütləvi işsizlik və digər problemləri hamılıqla yaşamaq məcburiyyətində qalmışıq. Mən prezident seçiləcəyim təqdirdə, ölkəmizi ancaq mütəxəssislər idarə edəcək. Milli gəlirlərimiz bərabər şəkildə vətəndaşlar arasında paylanılacaq. Alimlərin, müəllimlərin, həkimlərin və ziyalıların maaşları prezidentin maaşından bir neçə dəfə çox olacaq. Bunu qəti şəkildə bildirirəm. Korrupsiyanın kökünü isə birdəfəlik siləcəyəm. Gənclik siyasətini dövlətin ən ali qanunları ilə təmin edəcəyəm. “Xəlvəti iqtisadiyyata” aministiya tətbiq edəcəyəm. Ölkəmizin bütün istehsal vasitələrini rəsmiləşdirəcək və milli gəlirimizi daxili istehsalın sayəsində gücləndirəcəyəm. “Traybalizm”, “tayfaçılıq” və “yerlibazlıq” siyasətinə son qoyacam. Hər bir azərbaycanlının qürurla və alnıaçıq şəkildə yaşayacağı bir dövlət modelini rəsmiləşdirəcəyəm.

Dəyərli soydaşlarım! 2018-ci il prezident seçkiləri Azərbaycanın taleyüklü məsələsi kimi dəyərləndirilməlidir. Ya bizlər hamılıqla əl-ələ verib demokratik bir dövlət düzəni yaratmalı, ya da orta əsrlərdəki feodalizmin bataqlığında daha da əzilib məhv olacağıq. Seçim hər birinizin haqqıdır. Unutmayın ki, öz gücünə və qüdrətinə inanan xalqlar tarix boyu hər zaman böyük qələbələr çalmışlar. Uca Tanrıdan xalqımızın məhz bu qələbə şansını əldə etməyini diləyirəm.

Hamınıza dərin hörmətlə: Hüseyn Abdullayev”.




Ana səhifəyə qayıt        Baxış: 2 028          Tarix: 13-10-2017, 12:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma