Xəbər lenti

  

Səudiyyə Ərəbistanı ilə Livan arasında maraqlı hadisələr baş verir. Dünən Livanın rəsmi xəbər agentliyinin yaydığı məlumata görə, ölkənin xristian dini lideri –Maruni kilsəsinin patriarxı  Mar Beşara Butrus ər-Rai Səudiyyə Ərəbistanının Livan səfirliyi tərəfindən Riyada görüşə dəvət olunmuşdu. Bu xəbər yayılar-yayılmaz, elə həmin gün Livanın Baş naziri Səad Həririnin cümə namazından sonra Riyada getdiyi bildirildi.

Səad Həririnin bu səfərinin maraqlı tərəfi bundan ibarətdir ki, o, ötən bazar günü Səudiyyə Ərəbistanına rəsmi səfərə getmiş və 2 gün sonra ölkəsinə qayıtmışdı. Baş nazirinin bir həfədə ikinci dəfə Riyada rəsmi səfərə çıxması, sözsüz ki, adi hal deyil və bəzi müəmmalı sualları ağla gətirir.

Müəmmanı artıran digər səbəb isə Həririnin ikinci səfərə çıxmamışdan əvvəl İranın dini lideri ayətullah Xamaneinin baş müşaviri Əli Əkbər Vəlayəti ilə Beyrutda bir araya gəlməsi idi. Bu görüşdən dərhal sonra Baş nazirin tələm-tələsik Riyada uçması Livan məsələsində Səudiyyə Ərəbistanı ilə İranın ciddi müzakirələrinin aparmasından və Həririnin bu müzakirələrdə bir növ vasitəçi olmasından xəbər verir.

Əslində Livanda Riyad ilə Tehranın amansız rəqabəti yeni deyil, İran İslam Respublikasının özüylə yaşıddır, hətta daha qədimdir. Bilindiyi kimi, 1960-ci illərdə İsrailin Fələstin torpaqlarını ilhaq etməsi nəticəsində yerli əhali məcburən öz ata-baba torpaqlarından çıxmaq məcburiyyətində qalmış və bir çoxları Livana yerləşmişdi. Beləcə, Livanda əhalinin əksəriyyətini təşkil edən Maruni xristianlarının əhali nisbətindəki mövqeyi müsəlmanların xeyrinə dəyişmişdi. Bu isə hakim elitanı təşkil edən xristianları xeyli narahat etmişdi.

Üstəlik, Fələstin köçkülərinin İsrailə qarşı müharibədə Livan ərazisindən logistik məkan kimi istifadə etməs də maruniləri qıcıqlandırır və onlar müsəlman-xristian davasının öz ərazilərinə daşınmasını, “səbəbsiz yerə” özlərinin zərər görmələrini istəmirdilər. Ölkənin müsəlman əhalisi, xüsusilə sünni kəsimi isə fələstinliləri dəstəkləyirdi. Daxili ziddiyyətlərin getdikcə böyüməsi Livanda daha sonrakı illərdə – 1975-ci ildə vətəndaş müharibəsinə yol açacaq və qarşıya gələn iki cəbhə formalaşacaqdı. Tərəflərdən biri marunilərin, ermənilərin və digər xristianların birləşdiyi Livan Cəbhəsi, digəri isə Kamal Canpoladın rəhbərliyi altında qurulan, dürzi, müsəlman və sosialist xristianları bir araya gətirməyə çalışan Livan Milli  Hərəkatı idi. Hər iki tərəfin amansız mübarizəsi nəticəsində fələstinli köçkünlər daha sakit bölgə hesab olunan şiə ərazilərinə axışacaq, bu da öz növbəsində şiələrin təşkilatlanmasına yol açacaqdı.

Livanda ilk şiə təşkilatı 1976-cı ildə İraqlı din adamı Musa əs-Sədrin rəhbərliyi ilə “Əməl” adı altında yaranmışdı. “Əməl” hər kəsimə eyni məsafədən yanaşmaq xətti tutaraq, sülhpərvər şüarlar və maarifçilik metodlarıyla ortaya çıxmışdı. Daha sonrakı illərdə Musa əs-Sədr müsəlman dünyasından dəstək almaq üçün səfərlərə çıxmış və Liviya səfəri zamanı müəmmalı şəkildə yox olmuşdu. Musa əs-Sədrin bu “qeybə çəkilişi” müsəlmanlar, xüsusilə şiələr arasında 12-ci imam ümidlərinin yaranmasına yol açmış və təşkilat qısa zamanda populyarlaşmışdı.

Musa əs-Sədrin “qeybə çəkilişi”ylə başlayan populyarlaşma prosesi İran İslam Respublikasının quruluş illərinə təsadüfi etdiyindən, rəsmi Tehran Livandakı şiə təşkilatlanmasında avtivliyini artırmış və 1982-ci ildə, yəni İslam inqilabından cəmi 3 il sonra “Əməl” təşkilatının əsasında indiki Hizbullahı qurmuşdu. Livan şiələrinin böyük əksəriyyətini öz ətrafında birləşdirən Hizbullah “Əməl”-in funksional təmayülünü dəyişdirmış və təşkilat anti-sionist xarakter almışdı.

 Hizbullaha həm maddi, həm mənəvi dəstəyini əsirgəməyən Tehranın intensiv dəstəkləri sayəsində Hizbullah İsrailə qarşı uğurlu naliyyətlər əldə etmiş və şiə təmayüllü siyasi ideologiya bütün ərəb coğrafiyasında rəğbət qazanmağa başlamışdı. Təsadüfi deyil ki, 2006-ci ildə İsraillə bir aylıq uğurlu mübarizədən sonra Hizbullah lideri Həsən Nəsrullah hətta ən qatı düşməni olan Səudiyyə Ərəbistanı tərəfindən dövlət mükafatına layiq görülmüşdü. Hizbullah liderini mükafatlandırmasına baxmayaraq, Riyad əzəli rəqibi İrana bağlı qüvvənin regionda güclənməsinə də razı deyildi və bunu Yaxın Şərqin sünni sultanlıqlarına təhdid  kimi qiymətləndirirdi. Beləcə, getdikcə barışmaz hal alan İran-Səudiyyə Ərəbistanı rəqabəti körüklənmişdi.

 

Fələstin köçkünlərinin Livana yerləşməsiylə başlayan daxili müharibə 1989-cu ildə Səudiyyə Ərəbistanın Taif şəhərində bağlanan eyni adlı sazişlə sona çatmışdı. Taif sazişinə görə, tərəflər silahları yerə qoyacaq, hakimiyyət səlahiyyətləri ölkə əhalisinin sayından asılı olmayaraq, 1947-ci ildə qəbul olunmuş Milli Pakta əsasən (kiçik düzəlişlərlə), bölünəcəkdi: ölkənin prezidenti xristianlar, parlament sədri şiələr, baş naziri isə sünnülər arasından seçiləcəkdi. Livanda yaşanan son gərginliklər məhz bu bölgü və Hizbullahın əlindəki silahı yerə qoymaması səbəbindən daha güclənmişdi.

Livanın siyasi qurumları arasında hazırda getdikcə böyüyən ziddiyyətlərin əsas səbəblərindən biri 1947 ildə bağlanmış Milli Paktın tələblərinin tam anlamıyla həyata keçirilməsində yaşanan çətinliklərdir. Belə ki, ölkə prezidenti xristianlar arasından seçilsə də, bu seçimi Livan parlamenti etməlidir. Parlamentdə isə müsəlmanlarla xristianların səsi bərabərdir və bu vəziyyət bir çox ciddi mübahisələrə yol açır, təyinat mexanizmini işləksiz vəziyyətə salır. Təsadüfi deyil ki, son prezident təyinatı 2014-ci ildə edilməli olduğu halda, tərəflərin ümumi razılığa gəlməməsi səbəbindən 2 il təxirə salınmışdı.

Bənzər vəziyyət Livan parlamenti üçün də keçərlidir. Milli Pakta əsasən, parlamentə şiə deputatlar arasından seçilmiş siyasətçi rəhbərlik edir. Di gəl ki, parlamentin çıxaracağı qərarlara sədr yox, deputatlar səs verməlidir. Parlamentin üzvləri isə dini mənsubiyyətlərinə əsasən bərabər sayda seçildiyindən ən kritik qərarların çıxarılmasında anlaşa bilmir, dolayısıyla parlament sədrinin də ölkənin idarə olunmasında “şələsi fırlanmır”.

Bu qarmaqarışıq siyasi sistemə nəzər salanda ölkədə işləyən yeganə orqanın Baş nazirlik postu olduğu görünür. Lakin Livan sünnilərinin rəhbərliyi altında qurulan hökumətin nüfuzunun da kifayət qədər olduğunu söyləmək çətindir. Hökumətin yetərincə işlək vəziyyətdə olmaması əsasən güc strukturlarının zəifliyindən qaynaqlanır. Başlıca problem yaradan qurum isə Hizbullah və bir zamanlar tamamilə Suriyanın nəzarəti altında olan ordudur. Hətta 2004-ci ildə Suriya tərəfdarı kimi tanınan prezident Emil Lahudun səlahiyyət müddətinin uzadılmasına qarşı çıxaraq istefaya gedən sabiq Baş nazir Rafiq Həririnin bir il sonra sui-qəsdlə öldürülməsində də ordunun və Dəməşqin rolundan şübhələnilir. Baxmayaraq ki, Həriri sui-qəsdindən sonra yaşanan bir çox hadisələr nəticəsində bu terror aktın ən çox Dəməşqin əleyhinə çevrilmiş, ən qazanclı çıxan isə İsrail olmuşdur. Zira orduyla ixtilafda olan Həririnin qətlindən sonra Suriya yerli və beynəlxalq basqılara tab gətirməyərək, öz ordusunu Livandan çıxarmağa məcbur olmuş, bir müddətdən sonra öz daxilindən parçlanmağa, vətəndaş müharibəsinə sürüklənməyə başlamışdı. İsrail isə sərhədlərində yerləşən zəif orduya malik düşmən ölkəni təkləmiş, bununla da kifayətləməyib həmin bölgədə qeyri-sabitlik yaradaraq, öz milli təhlükəsizliyini qarantiya altına almışdı.

Müasir Livan gərginliyinin təməl səbəblərindən olan Hizbullahın silahlarını buraxmamasına gəlincə, bu, iki başlıca amildən qaynaqlanır. Əvvəla, Livan şiələrinin məskunlaşdığı bölgə İsrail hücumlarına ən çox məruz qalan coğrafiyadır. Livanın isə özünü müdafiə edəcək güclü ordusu yoxdur. İran tərəfindən silah və sursatla təchiz edilən Hizbullah, faktiki olaraq, Livanı müdafiə edən əsas güc kimi ortaya çıxır. Güclü bir ordu yaratmadan və sərhədlərin qorunması möhkəmlədirilmədən Hizbullahdan silahları buraxmağı tələb etmək realizmdən uzaqdır.

Digər səbəb isə İranın “Şiə hilalı” strategiyasının ən uc və ən strateji nöqtəsinin bu bölgə olmasıdır. Dolayısıyla Livanda siyasi stabilliyin qurulması üçün İranın da razılığı alınmalıdır. İran isə bu bölgəyə həyati önəm verir, güclənməyə çalışır. İranın bu bölgədə güclü olması isə təkcə Təl-əvivi deyil, həm də Riyadı ciddi narahat edir.

Rəsmi Riyad son zamanlar bu “tənliyin” optimal formulunu tapmış, Beyruta ordu quruculuğuna maddi yardım göstərmək sözü vermiş, 2016-cı ildə bu məqsədlə 4 milyard dollar ayıracağını bəyan etmişdi. Riyadın bu təklifinə başda Hizbullah lideri Seyid Həsən Nəsrullah olmaqla, bütün Livan siyasiləri “ləbbeyk” demişdilər. Hətta Səudiyyə Ərəbistanı məmnun olsun deyə, Hizbullah Livan sərhədlərini ordu mənsublarına ötürüb, geri çəkilmişdi. Nə yazıq ki, Riyadın 4 milyard dollarlıq yardım üçün irəli sürdüyü şərti hətta onun Livandakı ən yaxın adamı Həriri belə, qəbul edə bilməmişdi. Şərt Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə hücumu qınamaq olmuşdu. Ərəb ölkələrindən yalnız 3-ü bu tələbi yerinə yetirməmişdi-İraq, Suriya və Livan. Baş nazir Həriri müzakirələr zamanı İranı qınamaq təklifinə bitərəf qalmış və bu mövqe Riyadın qəzəbinə tuş gəlmiş, krallıq rəsmiləri 4 milyard hərbi yardımdan imtina etmişdilər. Həririnin daha sonra peşman olaraq, İranı qınayan bəyanatla çıxış etməsi, dolayısıyla geri addım atması da, Riyadın qəzəbini soyutmamışdı.

Riyadın bu israrçı mövqeyinin Livan üçün nə qədər ağır olduğunu anlamaq üçün Həriri ailəsinin kimliyinə baxmaq kifayətdir. Baş naziri Səad Həriri Livanın ən varlı adamıdır. Onun mal varlığı milyardla ölçülür. Məhz bu zənginliyinin hesabına indiki mövqeyinə yüksələn Həriri ailəsi bu uğurlarını Səudiyyə Ərəbistanına borcludur.

Belə ki, Livan Baş nazirinin atası Rafiq Həriri olduqca kasıb ailədə böyüyüb. Livanda vətəndaş müharibəsi başlayandan sonra o, Səudiyyə Ərəbistanının yardımı ilə ölkənin sünni kəsimini öz ətrafına toplayıb təşkilatlandırıb. Bu xidmətinə görə, 1987-ci ildə, yəni Taif sazişindən bir il əvvəl Səudiyyə Ərəbistanının vətəndaşı olmaq haqqı qazanıb və Riyadın dəstəyi ilə 1992-ci ildən 1998 ilə qədər ilk dəfə, 2000-2004-cü ilə qədərsə ikinci dəfə Baş nazir təyin olunub. Bu vəzifə isə ona xeyli varidat qazandırıb. O, hətta 2002-ci ildə dünyanın ən zəngin 4-cü adamı olub. Beləcə, Həriri ailəsi Riyadın sayəsində kasıbçılıqdan qurtulub dünyanın sayılıb seçilən zənginlərinə çevriliblər.

Oğul Həriri də Səudiyyə Ərəbistanı vətəndaşıdır. Atasından qalan varidata – Səudiyyə kapitalı sayəsində ərsəyə gələn Oger holdinqlər qrupuna rəhbərlik edir.

Bir sözlə, istər iqtisadi, istər siyasi, istərsə də mənəvi tellərlə Səudiyyə krallığına bağlı bu adamın “çörəyi dizinin üstə olması”  səbəbsiz deyil. Əsas səbəb isə Livanda İran nüfuzuna qarşı getməyin qeyri-mümkünlüyüdür. Öz “Şiə hilalı” strategiyasının ən uç və ən strateji nöqtəsindən İranın asanlıqla vaz keçməyəcəyini Həriri gözəl anlayır. Tehranın iradəsinə qarşı atılacaq addım isə ata Həririnin taleyini bala Həririyə də yaşada bilər.

Görünür, Həriri də bu aqibəti yaşamamaq üçün Riyadda keçirdiyi danışıqlara qərar verməmişdən əvvəl İranla da məsləhətləşmək gərəyi hiss edir və həftədə iki dəfə Beyrutdan Riyada, Riyaddan Beyruta uçmaq məcburiyyətində qalır.

Bir sözlə, Livan hökuməti 4 milyard dollarlıq Səudiyyə kapitalı ilə İran qəzəbi arasında  vurnuxur. Bu vurnuxma yaxın zamanlarda öz müsbət həllini tapmasa, məzhəb müharibələrinin növbəti məkanı Livan ola bilər.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 180          Tarix: 4-11-2017, 23:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma