“ABŞ Şimali Koreya ilə girəcəyi müharibədə məğlubiyyətə uğraya bilər”.
Ovqat.com xəbər verir ki, çoxlarına inandırıcı gəlməyəcək bu fikirləri ABŞ ordusunun daha əvvəl Koreya yarımadasında hərbi komandirlik edən yüksək rütbəli zabiti Jan-Mark Jouas ölkə Konqresinə yazdığı məktubda bildirib.
“Newsweek” jurnalının əldə etdiyi məktubda bunun səbəbi ABŞ-ın Koreya yarımadasındakı hərbi qüvvələrinin yetərsizliyi ilə əlaqələndirilib.
Məktubunda soyuq müharibədən bu yana Şimali Koreya-ABŞ münasibətlərinin ən gərgin günlərinin yaşandığını xatırladan təcrübəli zabit iki ölkə arasında çıxa biləcək qarşıdurma zamanı Vaşinqtonun regiondakı hərbi hissələrini gücləndirəcək vəziyyətdə olmadığını da etiraf edib. Onun fikrincə, müharibə başlandıqdan sonra ABŞ-ın bölgəyə hərbi qüvvələrini göndərməsi isə günlərlə vaxt alar. Bu zamana qədər isə Pxenyan ABŞ hərbi bazalarını çoxdan yox edər, ən pisi isə, atacağı kimyəvi silahlarla həmin obyektləri uzun müddət istifadəolunmaz hala gətirə bilər. Bu isə öz növbəsində ABŞ-ın müharibədə aktiv iştirakını xeyli ləngidər.
Qeyd edək ki, 1 milyon 200 min əsgəri olan Şimali Koreya ordusu son zamanlar müxtəlif nüvə silahları üzərində apardığı sınaqlarla da diqqəti özünə cəlb edə bilib. İndi onun əlində ən təhlükəli nüvə silahlarından sayılan hidrogen bomba başlıqları və qitələrarası ballistik raketləri var. ABŞ-ın son zamanlar Şimali Koreyaya qarşı aktiv fəaliyyətə keçməsinin başlıca səbəblərindən biri də bu ölkənin hərbi gücünü artırmağa çalışmasıdır.
Paylaş: