Xəbər lenti

 

“Azərbaycanı bugünkü rejimi ilə heç kim heç vaxt onu Avropa ailəsinə yaxın qoymaz. Ermənistan artıq geniş sazişə imza atıb, vətəndaşlarının vizasız gediş-gəlişi də bu yaxınlarda baş tutacaq, AB-nin üzvü də olacaq. Lukaşenko Belarusu maksimum 2 ilə saziş imzalayacaq. Azərbaycanın isə ancaq diplomatik pasportu olanları Avropanın bəzi ölkələrə vizasız getmək haqqı qazanacaq. Bu isə ancaq və ancaq diplomatik pasportların rüşvətlə satılmasına qulluq edəcək”.

Ovqat.com xəbər verir ki, bu sözləri eks-spiker Rəsul Quliyev ölkə başçısının “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində Brüssel səfərinin nəticələrini şərh edərkən bildirib.

Eks-spiker Avropa İttifaqı ilə mövcud əlaqələrin nəticələrinin Azərbaycana təsirindən də narahatdır. Onun fikrincə, bu mövqeyiylə Azərbaycanda heç vaxt demokratik seçkilər keçirilməyəcək: “Rəsmi Bakı korrupsiya və rüşvəti ləğv etmək təşəbbüsündə bulunmayacaq. Müstəqil məhkəmə sistemi formalaşdırılmayacaq, insanlara azad biznes yaratmağa imkan verilməyəcək, dövlət büdcəsinin azı 30 faizini oğurlamaqdan əl çəkilməyəcək.  Azərbaycan bu rejimlə heç vaxt nəinki Avropanın, sivil dünyanın belə üzvü ola bilməyəcək”.

Qeyd edək ki, iki gün öncə başa çatmış sammitdə Azərbaycanla yanaşı, digər 5 post-sovet ölkəsi - Belarus, Ukrayna, Moldova, Gürcüstan və Ermənistan da iştirak edirdi. İştirakçılardan 3-ü - Moldova, Gürcüstan və Ukrayna artıq neçə illərdir ki, Avropa İttifaqı ilə assosiativ üzvlük müqaviləsi bağlamışdı. Ermənistan isə son sammitdə Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq razılaşması (Comprehensive and Enhanced Partnership Agreement - CEPA) adlı sənədi imzaladı.

Bu sənədi imzalamayan Azərbaycan isə hələ sammitdən əvvəl də "Şərq tərəfdaşlığı" proqramı ilə bağlı öz mövqeyini açıqlamış, genişləndirilmiş və hərtərəfli tərəfdaşlığın yox, bərabərhüquqlu əməkdaşlığa əsaslanan əlaqələrin inkişafında maraqlı olduğunu bildirmişdi.

Rəsul Quliyev isə Azərbaycanın həmin sənədə imza atmamasını tamamilə başqa səbəblə əlaqələndirir: “Bu sazişi Azərbaycanın imzalamadığı fikri düzgün değildir. Aİ-ı o sazişi hiç vaxt imzalamazdı, çünki Azərbaycan ittifaqın irəli sürdüyü hiç bir şərti yerinə yetirməyib”.




Ana səhifəyə qayıt        Baxış: 4 873          Tarix: 26-11-2017, 01:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma