Afinaya səfər edən Türkiyə prezidenti Tayip Ərdoğanla yunan həmkarı Prokopis Pavlopulos arasında Lozanna müqaviləsi ilə bağlı mübahisə yaranıb.
Publika.az xəbər verir ki, yunan prezidentinin “Lozanna müqaviləsi müzakirə olunmaz” sözlərinə Ərdoğan sərt cavab verib.
Türkiyə prezidenti müqavilənin köhnəldiyini bildirib.
“Lozannada həll olunmamış məsələlər var. Bu, 94 il əvvəl imzalanmış razılaşmadır. 94 il ərzində planet xeyli dəyişib. Yunanıstan və Türkiyə arasında bu dövrdə yeni problemlər yaranıb. Məsələn, müqavilədə Yunanıstanda müsəlman azlığı barədə müddəa yer alıb, amma Avropa məhkəməsi “türk azlığı” sözünə istinad edir. Qərbi Trakyadakı müsəlmanlar hələ də öz müftilərini seçə bilmirlər. Frakiyada müsəlmanlar Lozanna razılaşmasına uyğun olaraq öz dinini yaşaya bilirlərmi? O halda Lozanna razılaşmasının icra olunduğunu necə demək olar? Deməli, icra olunmur”, - Ərdoğan deyib.
Yunanıstan prezidenti isə Lozanna müqaviləsinin iki xalqın milli torpaqlarının sərhədlərini çəkən razılaşma olduğunu deyib. Onun sözlərinə görə, bu, ikitərəfli münasibətlər baxımından heç bir boşluq buraxmayan bir müqavilədir.
Qeyd edək ki, bu, Türkiyə prezdentinin Lozanna razılaşması ilə bağlı ilk bəyanatı deyil. Ərdoğan ötən ilin sentyabrında kənd icra nümayəndələri ilə görüşü zamanı razılaşmanın bir “zəfər” olmadığını bildirib.
“1921-ci ildə Sevr, 1923-cü ildə Lozanna razılaşmasını bizə sırıdılar. Bumu zəfər? Bəziləri Lozannanı “zəfər” adlandıraraq udmağımıza çalışdılar. Qışqırsan səsimizin eşidiləcəyi adaları verdik. Oralar bizim idi. Oralarda hələ də məscidlərimiz var. Məhz həmin razılaşmada masaya oturanların günahı var idi. Həmin masaya oturanlar o razılaşmanın haqqını verə bilmədilər. Verə bilmədikləri üçün hazırda bunun çətinliyini yaşayırıq”, - prezident bildirib.
Lozanna razılaşması 1923-cü il iyulun 24-də isə Türkiyə ilə Qərb dövlətləri arasında imzalanıb. Türkiyənin indiki sərhədlərini, regiondakı statusunu müəyyən edən bu razılaşma tarixin sonrakı mərhələlərində baş verəcək bir çox hadisə üçün də platforma rolunu oynadı. Yunanıstandan başqa, heç bir dövlətin Sevr müqaviləsinin şərtlərini tanımaması Lozanna konfransının çağırılmasına səbəb olmuşdu. Səkkiz ay davam edən mübahisələrdən sonra nəhayət 1923-cü il iyulun 24-də tarixi Lozanna müqaviləsi bağlandı. Bununla, yüz illərlə davam edən türk-yunan ixtilafı qismən həllini tapdı və iki dövlət arasındakı sərhəd dəqiqləşdirildi. Egey dənizindəki xırda adalar bölüşdürüldü. Bir milyona yaxın yunan Türkiyədən Yunanıstana, 500 min türk isə Yunanıstandan Anadoluya köçdü. Lozanna razılaşması faktiki olaraq Türkiyəni Dardanel və Bosfor boğazlarındakı haqlarından məhrum etdi. Türkiyə bu qiymətli keçidlər üzərindəki haqlarını yalnız 1936-cı ildə imzalanmış Montrö sazişi ilə geri ala bildi.
Amma Lozannada həllini tapmayan nüanslar da oldu. İraqla Türkiyə sərhəddindəki Mosul vilayətinin statusunun qeyri-müəyyən qalması, Kipr məsələsində razılığın əldə edilməməsi sonradan regionda ciddi münaqişələrin formalaşmasına gətirib çıxardı.
Afinada hesab edirlər ki, Lozanna müqaviləsinin yenidən baxılması haqqında Ərdoğanın bəyanatlarının arxasında ərazi iddiası dayanır. Lozanna müqaviləsi məhz Egey dənizində yerləşən adalar üzərində Afinanın suverenliyini möhkəmləndirir.
Paylaş: