Xəbər lenti

 

Şimali İraqın Süleymaniyyə vilayətində vətəndaş qarşıdurması yaranıb.

Ovqat.com-un İraq mətbu orqanlarına istinadən verdiyi məlumata görə, dünən axşamdan başlayan qarşıdurmalarda ən azı 5 nəfər ölüb, 80 nəfər yaralanıb.

İnsident bir qrup müəllimin uzun müddətdir maaş ala bilməməyə etirazı ilə başlayıb. Qısa zaman ərzində etirazçılara xeyli vətəndaş da qoşulub. Əsəblərini cilovlaya bilməyən etirazçılar vilayətin müxtəlif qəsəbələrində qarşılarına çıxan bütün partiya binalarına od vurublar.

Peşmərgə və polis qüvvələri hadisələrə müdaxilə edib. İtkilərin də bu müdaxilə əsnasında yaşandığı bildirilir.

Qeyd edək ki, Süleymaniyyə Bərzani hakimiyyətinə müxalifliyi ilə seçilən Kürdüstan Yurdsevərlər Birliyinin və Goran Hərəkatının nəzarəti altındadır. Ötən payızda keçirilən müstəqillik referendumundan sonra İraq ordusunun Kərkükə müdaxiləsi sırasında döyüş meydanından çəkilib rəsmi Bağdada qarşı savaşmayan Yurdsevərlər Birliyinin bu addımı küdlər arasında ciddi bölünmələr yaratmış və Bərzani ilə Təlabani qüvvələrini dəfələrlə qarşı-qarşıya gətirmişdi. Şimali İraq yetkililərinin vətəndaşları səbrə və soyuqqanlılığa dəvət etməsindən sonra qismən səngiyən gərginliklərin qarşısını zamanında almaq mümkün olmuşdur.

Üzərindən bir neçə ay keçdikdən sonra milli məsələlərə bir də maaş kəsintisindən doğan sosial problemlər qarışınca gərginliklər son həddə çatmış, bunun nəticəsi olaraq dünən ortaya çıxan insidenti önləmək imkansız hala gəlmişdir.

Aksiyalarda qan töküldüyündən və ölüm halları olduğundan gərginliyin getdikcə alovlanmaq ehtimalı var. Təsadüfi deyil ki, dünən yalnız Süleymaniyyənin Ranyə qəsəbəsində qeydə alınan gərginliklər bu gün artıq Piremegrun qəsəbəsinə də sıçramışdır. Məlumata görə, etirazçılar hər iki qəsəbədə KYB və Goran Hərəkatıyla yanaşı, KDP (Bərzaninin partiyasıdır), Kürdüstan İslami Birlik, Komel təşkilatına aid qərargah binalarını da yandırıblar

Maraqlıdır ki, İraq mərkəzi hökumətinin əməkhaqlarını keçikdirməsinə etirazla başlayan aksiya iştirakçılarına ən ciddi dəstək də elə Bağdaddan gəlib. İraq Baş naziri Heydər İbadi Bərzanini etirazçıların səsinə qulaq asmağa və aksiya iştirakçılarına zor tətbiq etməməyə çağırıb. Əks halda, hadisələrə İraq ordusunun müdaxilə edəcəyini bildirib. O, eyni zamanda etirazçılara da şiddətdən uzaq durmağı məsləhət görüb.

Heydər İbadi həmçinin maaşları yaxın günlərdə ödəyəcəklərini də açıqlayıb. Onun sözlərinə görə, gecikmə sırf texniki səbəblərdən qaynaqlanır.




Ana səhifəyə qayıt        Baxış: 994          Tarix: 19-12-2017, 22:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma