Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti (FNKA AzerRos) 2018-ci ilin martında keçiriləcək prezident seçkisində Vladimir Putinin namizədliyini dəstəkləyəcək.
"Report" "FNKA AzerRos"a istinadən xəbər verir ki, qurumun Federal Şurasının iclasında bununla bağlı qərargahın yaradılması haqqında qərar qəbul olunub.
"Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyatının qərargahını yaratmaqla təşkilat prezidentliyə namizəd Vladimir Putini tam dəstəkləməyə hazır olduğunu göstərir, çünki rusiyalıların dövlət başçısının ölkənin sabit inkişafına, beynəlxalq arenada maraqlarının qorunmasına, çoxmillətliliyin və sülhün qorunmasına yönəldilmiş kursuna olan geniş dəstəyini görürük. Rusiyanı doğma evinə çevirən bütün azərbaycanlıların prezidentliyə namizəd Vladimir Vladimiroviç Putinə dəstəyini açıq elan etmək imkanı var", - təşkilatın məlumatında deyilir.
Bildirilib ki, qərargahın tərkibində ictimaiyyət nümayəndələri, yaradıcı ziyalılar, alimlər, iş adamları olacaq.
Eyni zamanda Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyatının Federal Şurası Azərbaycanlıların regional, yerli və ictimai birliklərə müraciət edərək Vladimir Putinin namizədliyini dəstəkləməyə çağırıb.
Bundan əlavə, Rusiyanın müxtəlif bölgələrindəki Azərbaycan ictimai təşkilatlarının rəhbərləri yanvar-fevral-mart aylarında Vladimir Putinin namizədliyinin dəstəklənməsi üçün tədbirlər keçirmək niyyətindədir. /Report/
Bəs, görəsən, hansısa milyarderlər klubunun bir millətin adından bu cür siyasi qərarlar verməsi nə dərəcədə doğrudur? Düzdür, bu gün Rusiyada Vladimir Putin alternativsiz namizəd kimi görünür. Amma sabah nəyin necə olacağını kəsdirmək mümkün deyil. “AzərRos”-un bu cür qərarları Rusiyada yaşayan insanlarımızın həyatına nə cür təsir göstərə bilər?
Ovqat.com bu suallarla Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğluna müraciət etdi.
ADP lideri “AzərRos” verdiyi bu qərarın Azərbaycan xalqının iradəsini ifadə etmədiyini, qurumun uzaqbaşı Rusiya vətəndaşları olan azərbaycanlılar adından hansısa bəyanat verə biləcəyini dedi. Onun sözlərinə görə, “AzərRos”-un bu təşəbbüsü də əslində Azərbaycan diasporasının iradəsini ifadə etmir:
“Çünki Rusiyadakı Azərbaycan diaspora təşkilatı ləğv olunub, onların yerinə indiki “AzərRos” adlı milyarderlər ittifaqı yaradılıb. “AzərRos”-u yaradan Rusiyadır və ondan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edir. Ötən prezident seçkilərində həmin qurumdan və onun Azərbaycandakı uzantılarından istifadə edən Moskva, nəhayət, 20 milyard dollarlıq layihələri rəsmi Bakıdan zorla qopartdıqdan sonra geri addım atdı. Nəticədə itirən Azərbaycan iqtisadiyyatı oldu”.
Sərdar Cəlaloğlunun fikrincə, “AzərRos” Putinin öz əsəri olduğuna görə, onu dəstəkləməsində qeyri-adi heç nə yoxdur: "Təhlükəyə qalanda isə, bu təşkilat onsuz da Azərbaycan üçün ən ciddi təhlükələrdən biri kimi yaradılıb".
Paylaş: