Xəbər lenti

 

"Terror təşkilatı İŞİD-i Əfqanıstanda idarə edən İrandır. İraq və Suriyadan qaçan İŞİD üzvləri İran torpaqlarından keçərək Əfqanıstana yerləşirlər".

Ovqat.com xəbər verir ki, bu sensasion fikirləri Əfqanıstanın ünlü liderlərindən olan Gülbəddin Hikmətyar səsləndirib.

“Hizbi İslam” partiyasının sədri olan Hikmətyar paytaxt Kabildə keçirdiyi mətbuat konfransında onu da bildirib ki, İran Suriya və İraqda oynadığı İŞİD oyununu indi də Əfqanıstanda davam etdirir. Onun fikrincə, İran da Pakistan kimi ABŞ-a dəstək verən ölkələrin başında gəlir.

Qeyd edək ki, Əfqanıstandan qaçdıqdan sonra müxtəlid ölkələrdə, o cümlədən bir müddət də İranda yaşayan Gülbəddin Hikmətyar ötən il rəsmi Kabillə bağladığı sülh müqaviləsi nəticəsində öz ölkəsinə qayıdıb.

Hikmətyar ötən əsrin 70-90-ci illərində SSRİ-yə qarşı döyüşən əfsanəvi əfqan komandirlərindəndir. Onun 1977-ci ildə qurduğu “Hizbi İslam” partiyası daha ABŞ-dan dəstək alaraq, SSRİ-nin məğlubiyyətə uğradılmasında xüsusi rol oynayıb.

SSRİ-nin Əfqanıstandan çıxmasıyla qurulan milli hökumətin Baş naziri olan Hikmətyar hakimiyyətdə olduğu müddət ərzində başqa fikirlərə qarşı amansızlığı ilə ad çıxarıb.

Müşahidəçilərin fikrincə, Hikmətyarın siyasətdə ən mühüm xüsusiyyəti dini qrupları fitnə-fəsadla bir-birinə qarşı qoymasıdır. Məhz onun bu siyasəti sayəsində 1992-ci ildə Əfqanıstandakı silahlı qruplar arasında baş vermiş qarşıdurmalar nəticəsində Kabildə 50 min adamın həyatını itirdiyi qeyd olunur. İnsan Haqları Müdafiə Komitəsinin iddialarına görə, elə həmin ilin avqustunda Hikmətyar qüvvələrinin raket hücumları ilə əksəriyyəti mülki vətəndaşlardan ibarət olan ən azı 2000 əfqanın ölüb və yarım milyon insan Kabili tərk edib.

Hikmətyarın adı beynəlxalq narkotika ticarətində də hallanır. "Cənub-şərqi Asiyada heroin siyasəti" kitabının müəllifi Alfred McCoya görə, Hikmətyar MKİ nəzarəti altında narkotik nəqliyyatını idarə edib.

Bir sözlə, Hikmətyarın Hikmətyar olmasında indi qarşı çıxdığı ABŞ və Pakistanın müstəsna rolu olub. Halbuki, onun ötən il Əfqanistana qayıtması da yenə ABŞ-ın əfqan hökumətinə basqıları nəticəsində baş tutub. Vaşinqtonun vasitəçiliyi ilə Əfqanıstan prezidenti Əşrəf Qəni Əhmədzay sentyabrın 29-da “Hizbi İslam”la sülh müqaviləsi imzalayıb. Sənəddə Əfqanıstandakı İŞİD və Taliban qüvvələrinə qarşı ölkənin bütün silahlı qüvvələrinin birgə mübarizəsi və bu məqsədlə Hikmətyarın məhbəsdəki bütün tərəfdarlarının azadlığa buraxılması nəzərdə tutulur.

Keçirdiyi mətbuat konfransında bu məsələylə bağlı da açıqlama verən Hikmətyarın bildirdiyinə görə, hökumət indiyədək boynuna götürdüyü öhdəlikləri yerinə yetirməyib və “Hizbi İslam” üzvləri hələ də həbsdədir.

1947-ci ildə anadan olan Hikmətyar 70 yaşını arxada qoyub. Amma görünən budur ki, indiki ahıl çağında belə, o öz ənənəvi fitnəkar siyasətindən əl çəkməyib.




Ana səhifəyə qayıt        Baxış: 1 628          Tarix: 4-01-2018, 20:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma