“Əfqanıstanda terror təşkilatı İŞİD-in mövcudluğu ABŞ-ın layihəsidir. İŞİD üzvlərinin hamısı bəzi hədəfləri həyata keçirmək üçün xaricdən gətirilib və onlar Pentaqon tərəfindən dəstəklənirlər.”
Ovqat.com xəbər verir ki, bu önəmli açıqlamaları Əfqanıstanın eks-prezidenti Həmid Kərzai deyib.
Kərzai öz fikrini əsaslandıraraq deyib ki, əgər belə olmasaydı, 2002-ci ildən etibarən ABŞ ordusu Əfqanıstanda yerləşməsinə baxmayaraq, terror təhlükəsi getdikcə daha çox artmazdı: “ABŞ əsgərləri nəinki terrorizmin qarşısını aldılar, əksinə, onlar Əfqanıstana gələndən sonra İŞİD daha da gücləndi”.
İŞİD-in əsl məqsədinin Əfqanıstan olmadığını, bu torpaqlarından istifadə edərək bölgə ölkələrinin hədəfə alındığını bildirən Kərzai Rusiya və İranın da bundan narahat olduğunu deyib.
Eks-prezident ABŞ-ın Əfqanıstana qoşun yeritmək müqabilində Kabula verdiyi heç bir sözü yerinə yetirmədiyini də etiraf edib:
''ABŞ bizdən daimi hərbi baza istəyib, əvəzində iki söz vermişdi. Birincisi, Pakistan kimi xarici təhdidlərə qarşı Əfqanıstanı qoruyacaqdı. İkincisi isə, Əfqanıstanın daxili təhlükəsizlik problemini aradan qaldıracaq və ölkə iqtisadiyyatını gücləndirəcəkdi.
Ancaq təhlükəsizlik sazişinin imzalanmasından sonra verilən sözlərin heç biri yerinə yetirilmədi. Əksinə, Pakistanın Əfqanıstan torpaqlarına hücumları daha da artdı. ABŞ bizə verdiyi sözləri tutmadı və ya bu məsələdə uğursuz oldu”.
ABŞ-ın ötən aylarda ölkənin şərqində Nangarhar vilayətində "bütün bombaların anası" ilə təşkil etdiyi hücumun qəbuledilməz olduğunu vurğulayan Kərzai, dediyinə görə, məhz bu hadisədən sonra ölkədəki xarici qüvvələrin əfqan xalqının xeyrinə olmadığı qənaətinə gəlib və onların Əfqanıstanda qalmalarını istəmir: “ABŞ bu hücumla Əfqan xalqına və torpağına hörmətsizlik etdi və sübut olundu ki, o, ölkəni sınaq labaratoriyasına çevirməyə çalışır”.
Əfqanıstan müxalif qruplarından Hizb-i İslami Partiyası lideri Gülbəddin Hikmətyarın sülh prosesinə qoşulmasını məmnuniyyətlə qarşıladığını bildirən Kərzainin fikrincə, bunun Taliban üzərində də müsbət təsiri ola bilər.
Kərzai Talibana da müraciət edərək, sülhə çağırıb:
“Döyüşü buraxın, sülhə qoşulun! Bura öz ölkəmizdir. Birlikdə oturaq, Əfqanıstan konstitusiyasını təkrar gözdən keçirək”.
Paylaş: