"ABŞ-ın Hindistan mərkəzli siyasətə üstünlük verən Cənub Asiya strategiyası bizə müqavimət göstərmək üçün yeni regional əməkdaşlıq arayışından başqa seçənək buraxmadı. Pakistan yalnız İslamabadın deyil, digər regional güclərin mənfəətinin əleyhinə olan bu strategiyaya qarşı çıxmaq üçün Rusiya, Çin, İran və Türkiyə ilə əlaqələr saxlayır ".
Ovqat.com xəbər verir ki, bu fikirləri Pakistan Xarici İşlər Nazirliyinin adını gizli saxlayan yetkilisi Anadolu Agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Çin və Rusiya rəsmilərinin artıq açıq şəkildə Pakistanın terrorla mübarizə çalışmalarına dəstək verməsi də bunun nəticəsidir.
Qeyd edək ki, rəsmi İslamabadı öz siyasi təmayülünü dəyişdirəcək qədər qəzəbləndirən ABŞ prezidenti Donald Tramp olub. Prezident 21 avqustda Virciniya əyalətindəki Fort Myer hərbi bazasında etdiyi çıxışında ABŞ-ın Əfqanıstandan sürətli çəkilməsinin "nəzərdə tutulan və qəbul edilə bilməz" nəticələrini önləmək üçün mübarizəsini davam etdirməsinin lazım olduğunu vurğulamış və Pakistanı "terrorist təşkilatlara sığınacaq verən liman” adlandırmışdı. Dolayısıyla, bundan sonra Əfqanıstanda Hindistan mərkəzli siyasət yürüdəcəklərinə eyham vurmuşdu.
Adı açıqlanmayan Pakistan diplomatının fikrincə, Trampın bu siyasəti bölgəni cəbhələşməyə və rəsmi İslamabadı məcburən əks qütbdə tərəfdaş axtarışına sürükləyir. Diplomatın sözlərinə inansaq, İslamabad yeni “dost” arayışında ilk addım kimi də Türkiyə, Rusiya, Çin və İran ilə təmas qurub və potensial tərəfdaşlarından müsbət siqnallar alıb.
Pakistanın bu mövqeyinin Cənubi Asiyada mövcud dəngələrin dəyişəcəyindən xəbər verir. Nədən ki, xüsusilə, ötən əsrin sonlarına doğru Pakistanın ABŞ-la müttəfiqliyi sayəsində SSRİ ciddi itkilərə məruz qalmış və məcburən Əfqanıstandan çıxmışdır. Fəqət bundan sonra da Əfqanıstana sülh gəlməmiş, əksinə, ölkə daha çox qan-qadalı günlər yaşamışdır. Görünür, ABŞ da Pakistanla bölgəyə sülh gəlməyəcəyini anladığından müttəfiqini dəyişdirmək məcburiyyətində qalmışdır.
Əfqanıstanda uzun illərdən bəri suların durulmamasının başlıca səbəbi Pakistanın bu ölkədə yürütdüyü siyasətlə əlaqələndirilir. Belə ki, Pakistan Əfqanıstanın bir dövlət kimi mövcudluğunu öz ərazi bütövlüyünə təhdid olaraq görür, bu ölkənin milli dövlətçilik prinsipi üzərində yox, dini dəyərlər əsasında qurulmasını arzulayır. Tarixə nəzər saldığımız zaman rəsmi İslamabadın Əfqanıstanda hətta dini hökumətlərin varlığına da şübhə ilə yanaşdığını görə bilərik. Bu tərəddüdlü mövqeyin səbəbini anlamaq üçün 7 May 2017 tarixində Strateq.az saytında qələmə aldığımız “Pakistanla Əfqanıstan arasındakı 70 illik müharibə:İki müsəlman dövləti qarışdıran ingilis barmağı – TƏHLİL” ( http://strateq.az/manshet/166064/pakistanla-əfqanistan-arasindaki-70-illik-muharibə.html ) sərlövhəli yazımızın bir hissəsini təqdim edirik:
“Pakistanın ilk müstəqillik günlərindən indiyə qədər davam edən sərhəd anlaşmazlığı nəticəsində Əfqanıstan BMT-də öz müsəlman qonşusunun suverenliyini belə, indiyə qədər tanımayıb. Baxmayaraq ki, istər Gülbəddin Hikmətyar, istərsə də 10 illki Taliban hakimiyyəti dövründə Əfqanıstan hökuməti tamamilə Pakistandan asılı olub. Fəqət iki dövlət arasındakı “Peştunistan” problemi o qədər dərindir ki, Əfqanıstanın İslamabada bağlı hökumətləri belə, bu məsələdə güzəştə gedə bilməyiblər. Sözsüz ki, bunun başlıca səbəblərindən biri həm Hikmətyarın, həm də Taliban hakimiyyətindəki idarəçilərin böyük əksəriyyətinin milliyyətcə peştun olmasıdır.
Məsələ burasındadır ki, əhalisinin 42%-dən çoxu peştun olan Əfqanıstanda bu milli mənsubiyyətə aid olanlar uzun illərdən bəri ölkənin aparıcı siyasi gücünü təşkil ediblər. Məlumata görə, 18-ci əsrin ortalarında dövlətləşmə prosesinə qədəm qoyan Əfqanıstanda əsas siyasi güc mərkəzi peştun əsilli Dürrani əşirəti olub. Bu əşirətin 200 ildən artıq sürən hakimiyyəti Əfqanıstanda peştunları həm iqtisadi, həm də siyasi cəhətdən möhkəmləndirib. O qədər ki, peştunlarsız Əfqanıstan siyasi idarəçiliyini təsəvvür etmək mümkün deyil.
Peştunların əksəriyyəti isə Pakistanda yaşayır. Əfqanıstanda 15 milyon, Pakistanda isə 25 milyon peştun olduğu bildirilir. Pakistan müstəqilliyini elan etdikdən sonra peştunların birləşməsi xəyala çevrilib.
Bu da azmış kimi, rəsmi İslamabad Əfqanıstanın bir dövlət kimi güclənməsində də maraqlı deyil. Güclü Əfqanıstan faktoru Pakistandakı 25 milyon peştunların milli hislərini gücləndirə və separatizmi körükləyə bilər. Nəticədə Pakistanın parçalanması qaçınılmaz olar. Eynilə Azərbaycan-İran münasibətlərində olduğu kimi. Rəsmi Tehran necə ki, Azərbaycanın demokratikləşib milli qüvvələrin hakimiyyətə gəlməsini həmişə öz ərazi bütövlüyünə təhlükə kimi görübsə, İslamabad da Əfqanıstana eyni mövqedən yanaşıb və özünə bağlı olmayan hakimiyyətləri terror zərbələriylə devirməyə çalışıb”.
Bu baxımdan ABŞ-ın Əfqanıstan məsələsində Pakistan müttəfiqliyinə son qoyub Hindistan mərkəzli siyasətə meyllənməsi başadüşüləndir.
Heydər Oğuz
Ovqat.com
Paylaş: