
“Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır”.
Bu müddəa Azərbaycan Konstitusiyasının 16-cı müddəsinin 1-ci bəndində öz əksini tapıb. Maddə isə "Sosial inkişaf və dövlət" adlanır. Müddəa bu maddənin 1-ci bəndinə düşməyi bacarıbsa, deməli, çox-çox önəmli prinsipdir və sosial dövlətçiliyin ilk prioriteti sayılır.
Bəs, görəsən, dövlətimiz hər bir vətəndaşın “rifahının yüksəldilməsinin qayğısına” necə qalır?
Redaksiyamıza məktub göndərən Zəbrat qəsəbəsi, İstixana kombinatı, Yeni yaşayış massivinin sakini Elçin Bayramovun şikayətini oxuyanda bu suala birmənali cavab vermək olmur. 52 yaşlı Elçin bəyin yazdığına görə, onun və yoldaşının sosial yardıma ciddi ehtiyacı var. Dəfələrlə dövlətdən sosial müdafiələri üçün yardım istəsələr də heç bir nəticə əldə edə bilməyiblər. Onları get-gələ sala-sala bezdiriblər.
Elçin Bayramovun yoldaşı Mənzərə xanım ağır xəstədir. Əsrin ən böyük bəlalarından sayılan xərçəng xəstəliyi ilə mübarizə aparır. Əslində buna mübarizə aparmaq da demək olmaz. Ailənin gücü sadəcə evlərində qazdan istifadə etməməyə çatır.
Elçin Bayramovun bildirdiyinə görə, bunu da onlara hansısa həkim məsləhət görüb. Deyib ki, qazda qaynayan su xərçəng xəstələri üçün zərərlidir. Elçin Bayramov da o gündən indiyədək yoldaşına çayı kömür sobasının üzərində qaynadır.
Cəmi 47 yaşlı Mənzərə xanım isə xərçəng xəstələri üçün vacib olan kimyaterapiyaları isə ala bilmir. Çünki kimyaterapiya üçün hər dəfə ən azı 500 manatından keçməlidir. O isə dövlətdən cəmi 45 manat təqaüd ala bilirlər. Deməli, bir kimyaterapiya üçün 1 illik təqaüdünü yeməyib-içməyib yığmalıdır. Di gəl ki, Mənzərə xanım bu müalicəni hər ay almağa məhkumdur, əks halda vəziyyəti ağırlaşa bilər.
Beləcə, dərdlərinə şəfa tapmaq üçün döymədikləri qapı qalmayıb. Heç bir problemləri olmayanların aldıqları ünvanlı sosial yardımlar isə Bayramovlara çox görülüb. Əlləri hər yerdən üzülən ailə indi ölkə rəhbərliyinə ard-arda məktub yazıb dərdlərini bəyan etməklə təsəlli tapırlar. Eşitdiklərinə görə, məktublar öz ünvanına çatsa, ölkənin möhtərəm şəxsləri onların taleyinə biganə qalmaz və əllərindən gələni əsirgəməzlər. Amma nədənsə yazılan məktubların heç birindən xəbər çıxmır. Bayramovlar inanırlar ki, onların məktublarının ünvanına çatmasına hansısa əllər mane yaradırlar.
Elçin Bayramov Konstitusiyasıya görə, hər bir vətəndaşın dövlət qayğısıyla təmin edilmək hüququnun olduğunu bildirir. Bütün səylərinə baxmayaraq, bu hüquqlarını ala bilməməsi onda təəccüb və təəssüf hissi yaradır.
Bayramovları eşitdikcə və gün-güzaranlarıyla maraqlandıqca adamın beynində qəribə suallar yaranır: əcəba, Zəbrat Azərbaycanın tərkibindədirmi? Tərkibindədirsə, niyə Konstitusiyanın 16-ci maddəsi bu qəsəbədə yaşayan Bayramovlara şamil olunmur? Yoxsa, onların özləri Azərbaycan vətəndaşları deyillər?
Sonuncu sualı həmsöhbətimizə də ünvanlayıram. And-aman edir ki, Azərbaycan vətəndaşıdır. Bunu təsdiq etmək üçün əlini cibinə salıb pasportunu axtarır. Pasport yerinə isə cibindən heç bir işə yaramayan əlillik və qaçqınlıq kitabçasını çıxarır. Biz də onun və yoldaşı Mənzərə xanımın əlillik və qaçqınlıq kitabçasının şəkillərini çəkib dövlət adamlarımıza göstərməyə qərar veririk.
Evə qayıdıb Bayramovlar barəsində yazı hazırlayarkən, ağlıma bir sual gəlir: Görəsən, Azərbaycanda nə qədər bu cür ailələr var və ünvanlı sosial yardımlar bu ailələrə verilmirsə, bəs, kimə verilir?
İnternetlə axtarışlarımda konkret nə qədər vətəndaşın sosial yardım aldığını tapa bilmədik. Sadəcə onu aydınlaşdırdıq ki, sən demə, ölkəmizdə neft bumu bitən kimi ilk zərbə sosial yardıma ehtiyacı olan adamlara dəyib. 2015-ci ildən etibarən, sosial yardım alanlar ixtisara salınmağa başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildirdiyinə görə, 2015-ci ilin noyabrda bu yardımı alan ailələrin sayı əvvəlki oktyabr ayı ilə müqayisədə 4291 ailə və ya 3,8 faiz azalaraq, 108094-ə enib. Həmçinin yardım ödənilən ailə üzvlərinin sayı 19947 nəfər (4,1 faiz) azalmaqla 466131 nəfər təşkil edib.
Ötən il isə yenə həmin Nazirlik yaxın zamanlarda ümumiyyətlə sosial yardımı ləğv edəcəyini bildirib. “Yaxın 6-7 il ərzində ünvanlı sosial yardımın ləğv edilməsi nəzərdə tutulur. Bununla bağlı ünvanlı sosial yardımlar alan ailələr üçün özünüməşğulluq proqramlarının icrasına başlanılıb. Ötən il özünüməşğulluq sisteminə keçidlə bağlı proqramların icrasına 6 milyon manat ayrılmışdı və bu proqramların icrası 8 minə yaxın insanı əhatə edib”-Səlim Müslimov Report.az-a açıqlamasında belə deyib.
Bu yerdə başqa bir sual meydana çıxır: Ümumiyyətlə, Azərbaycan Konstitusiyasının Səlim Müslimovun idarə etdiyi nazirliyə dəxli var, ya yox? Vardırsa, Səlim müəllim hansı ölkənin naziridir – Azərbaycanın, yoxsa...?
Paylaş: