Xəbər lenti

 

“Türkiyə öz sərhədlərində təhlükəsizlik tədbirlərini artırmağa başladığı anda ABŞ PKK/PYD-nı satdı, müttəfiqinə xəyanət etdi. Ona daha əvvəl verdiyi silah yardımlarını da kəsdi. Beləcə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müharibə ABŞ-ın işinə yaramadığı ortaya çıxdı".

Ovqat.com xəbər verir ki, Rusiyanın rəsmi xəbər agentliyi “Rossiya Segodnya”-nin Baş direktoru Dmitri Kiselyov “Zeytun budağı” əməliyyatını şərh edərkən belə deyib.

Dövlət televiziya kanalı “Rossiya”da canlı efirdə danışan ünlü jurnalist Suriyada siyasi həll yollarının axtarılmasının vacibliyinə toxunub. O, ABŞ-ın da ilk baxışdan bunu istədiyini, amma əməldə fərqli siyasət yürütdüyünü bildirib.

"Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qətnamələri və şəxsən Rusiya Prezidenti Vladimir Putinlə bağlanmış müqavilələrə baxmayaraq, ABŞ Suriyada ayrı bir dövlət yaratmaq istəyir"-deyən Kiselyov Türk ordusunun da bu mərkli planı ortadan qaldırmaq üçün hərəkətə keçdiyi qənaətindədir.

 

R.Xəlil ABŞ zabitilə

Maraqlıdır ki, Suriyadakı kürd separatçıları da ABŞ-ın onları aldatdığına, satdığına inanmağa başlayıblar. Bunu PYD rəsmilərindən olan Redur Xəlilin dünən mətbuata verdiyi açıqlamalardan da sezmək mümkündür. R.Xəlil ABŞ-ın Türkiyə hücumlarına sərt reaksiya verməsini tələb edib və “əks halda müttəfiqliyimiz sona çata bilər”-deyib.

ABŞ rəsmiləri də zaman-zaman PKK/PYD ilə ittifaqlarının sona çata biləcəyini vurğulayırlar. Bu yaxınlarda Pentaqon yetkililəri açıq şəkildə bildirmişdilər ki, əgər PYD qüvvələri İŞİD-lə mübarizəni bir kənara buraxıb Afrindəki qardaşlarının köməyinə gedərlərsə, təkbaşına buraxılacaqlar.

Artıq ABŞ mətbuatı da PYD qüvvələrinin Türkiyə ordusuna qarşı intihar hücumlarını əsas gətirib kürd separatçılarını terrorçuluqda və Tramp hökumətini isə terror dəstək verməkdə ittiham edirlər.

 

Maykl Doran

Eynilə ABŞ-ın ünlü strateqlərindən olan Maykl Doran da bir müddət əvvəl Hudzon İnstitutunda verdiyi konfransda Vaşinqtonun Suriya siyasətini bərk tənqid etmiş və bunun günahını əvvəlki prezident Barak Obamada görmüşdü. Doranın sözlərinə görə,  Obama Suriyada İŞİD-ə qalib gəlmək üçün Türkiyədəki separatçı terror təşkilatı PKK-nın Suriya uzantısı olan PYD/YPG ilə işləməyə üstünlük verdi və bunu Ankaradan gələn bütün xəbərdarlıqlara baxmayaraq etdi: “Halbuki, PKK-nın İran və Rusiya ilə də yaxın münasibətləri var, amma bu, nəzərə almadı. Gələcəkdə ABŞ əsgərləri bölgəni tərk edəndə həmin terror təşkilatının digər cəbhəyə - İran və Rusiyaya yönəlməkdən başqa çarəsi qalmayacaq. Bu vəziyyətdə bizim Suriyada sonsuza qədər qalmaqdan başqa alternativimiz yoxdur və regionun gələcəyində qətiyyən mühüm olmayan bir ünsürü yeganə tərəfdaşımız olaraq seçməməli, digər tərəfdaşlarla da çalışmalıyıq. Əks təqdirdə, türkləri özümüzdən uzaqlaşdırmış olarıq ".

Suriyanın şimalında hər gün kürd separatçılarının əleyhinə dəyişilən dəngələr və bu dəngələrdən doğan gərginliklər yaxın zamanlarda ABŞ-la PKK/PYD arasında böyük uçurumlar yaranacağından xəbər verir.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 307          Tarix: 30-01-2018, 11:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma