
Azərbaycan bir sıra demokratik göstəricilərinə görə axsa da, stabilliyini qoruyub saxlaya bilib. Bu, hətta mövcud hakimiyyətə qarşı olan beynəlxalq təşkilatlar tərəfindən də etiraf olunur. Təsadüfi deyil ki, ABŞ Dövlət Departamentinin bir müddət əvvəl öz vətəndaşları üçün yaydığı bəyanatda ölkəmizin adı turistlərin təhlükəsizliyi baxımından Rusiya və Türkiyədən daha yaxşı yerdə göstərilirdi. Hətta bizim başbilənlər bu təsnifatla da razılaşmır, Azərbaycanı daha ön kateqoriyaya layiq olduğunu irəli sürürdülər. İnsafən, haqsız da deyildilər. Müsafirsevər xalqı ilə seçilən Azərbaycanda qonaqların təhlükəsizliyinə qarşı indiyə qədər hər hansı ciddi insident yaşanmayıb.
Sözsüz ki, ölkədə əmin-amanlığın, stabilliyin qorunmasında polis əməkdaşlarının da xidmətləri böyükdür. Bu isə yüksək dövlətçilik təcrübəsinə və tərbiyyəsinə malik Daxili İşlər naziri Ramil Usubovun işinə ciddi yanaşmasından irəli gəlir.
Bununla belə, əmin-amanlığımızın keşiyində dayanan polis orqanlarımızın tam ideal işlədiklərini söyləmək də mümkün deyil. İş olan yerdə, əlbəttə ki, problemlər də ortaya çıxır və biz, ölkəmizin rifahını düşünən cəmiyyət olaraq, bu problemləri yüksək səslə dilə gətirməli, DİN rəhbərliyinin öz sistemlərindəki əyər-əskiyi düzəltməsinə köməklik göstərməliyik. Çünki bu ölkə hamımızındır və hüquq mühafizə orqanlarındakı çatışmazlıqlardan nə zamansa özümüz də əziyyət çəkəcəyik.
Məqsədimizin yanlış anlaşılmaması üçün dilə gətirdiyimiz bu önsözdən sonra əsl mətləbə keçirik.
Xəbər verdiyimiz kimi, bir neçə gün bundan əvvəl Xətai rayonunun Neapol dairəsində dələduzluq hadisəsi yaşanmışdı. Elvin və Coşqun Mehtiyev Akif oğlu adlı iki qardaş həmin dairədə yerləşən ət dükanlarının birindən 130 baş xırdabuynuzlu heyvan alıb pulunu verməmişdilər. Qəssab Məmmədov Sumbat Əyyub oğlu da başılovlu polis orqanlarına müraciət etmişdi. Hadisənin araşdırılmasının yubandığını sezən qəssab problemi mətbu orqanlarda işıqlandırmaq qərarına gəlmiş və Ovqat.com-a pənah gətirmişdi. Biz də onun şikayətini araşdırmış və Müdafiə Nazirliyinin yüksək rütbəli zabitinin adı ət dələduzluğunda hallanır sərlövhəli yazımızı qələmə almışdıq. Şikayətdə ittiham olunan qardaşların atasıyla da əlaqə saxlamışdıq, o da faktı inkar etməmişdi.
Bütün dəlillərin ortada olduğu, ittiham edilən tərəfin bilindiyini nəzərə alıb məsələnin tezliklə öz həllini tapacağına inanmışdıq. Elə həmin ümidlə də bu gün qəssab Məmmədov Sumbata müraciət etdik. Aldadıldığını iddia edən Sumbat müəllim hadisə ilə bağlı 34 nömrəli Xətai polis bölməsinə şikayət etdiyini, amma indiyədək hər hansı tədbirin görüldüyündən xəbərsiz olduğunu, bununla bağlı heç kimin onunla maraqlanmadığını bildirdi. Dediyinə görə, həmin gənclər hələ də öz fəaliyyətlərindədir.
Sumbat müəllim bunun təsadüfi olmadığına inanır. Onun fikrincə, Elvin və Coşqunun atasının Müdafiə Nazirliyində işləməsi qardaşları toxunulmaz edir.
İnana bilmədiyimiz bu məlumatı dəqiqləşdirmək üçün Xətai rayonu, 34-cü polis bölməsinə zəng etdik. Bizimlə danışan polis əməkdaşı məsələylə bağlı işi aparan sahə müvəkkilinə müraicət etməyi məsləhət gördü. Biz də bu məsləhətə qulaq asıb sahə müvəkkili Uğur (familiyasını öyrənə bilmədik) müəllimin telefon nömrəsini tapdıq və ona zəng etdik. Uğur müəllim isə mətbuata heç bir açıqlama verməyəcəyini, məlumatı yalnız DİN Mətbuat xidmətindən ala biləcəyimizi bildirdi. Uğur müəllimin də məsləhətinə “ləbbeyk” deyib DİN Mətbuat xidmətini aradıq. Ordan isə bizi Nazirliyin web saytına yönləndirdilər. Web saytı isə öz növbəsində bu cür işlərlə məşğul olmadıqlarını bildirdilər.
Beləcə, əl-ayağımız hər yerdən üzüldü. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat azadlığımızdan necə yararlanacağımız sualına cavab tapa bilmədik.
Ümidvarıq ki, DİN-nin rəhbərliyi bu sualımıza cavab tapmaqda bizə kömək göstərəcək və fəaliyyətindəki bu xırda nöqsanı da aradan qaldıracaq. Ən azı ona görə ki, bu cür vəziyyət cənab nazirin iradəsindən kənar sui-istifadə hallarına rəvac verə bilər və Azərbaycan yalnız əcnəbilərin mal və can güvənliyinin təmin edildiyi məkan olmamalıdır. Öz ölkəmizin vətəndaşları da bu məmləkətdə dövlət zəmanəti altında yaşadıqlarını hiss etməlidirlər.
Ovqat.com
Paylaş: