“NATO Türkiyə olmadan, heç şübhəsiz, daha zəif duruma düşə bilər”.
Ovqat.com xəbər verir ki, bunu NATO-nun baş katibi Cens Stoltenberq Almaniyanın “Welt am Sonntag” qəzetinə verdiyi müsahibəsində deyib.
Jurnalistin Konstitusiya dəyişikliyi referendumundan sonra Türkiyənin hələ də etibarlı müttəfiq simasını qoruyub-qorumadığı sualına cavab verən Baş katib bildirib: "Türkiyə, Avropanın təhlükəsizliyi və NATO baxımından kilid ölkədir”.
Stoltenberq Türkiyənin İŞİD-ə qarşı mübarizədə oynadığı rola ciddi əhəmiyyət verdiklərini də etiraf edib:
"Ölkə Suriya və İraq kimi böhran bölgələrinə yaxın coğrafi mövqeyi və hərbi qabiliyyətləri səbəbiylə İŞİD-ə qarşı mübarizə və Alyansın cənub sərhədində sabitlik baxımından böyük əhəmiyyətə sahibdir”.
NATO-nun baş katibi Türkiyənin strateji əhəmiyyətə malik Qara dəniz bölgəsinə həmsərhəd olduğunu və Rusiya ilə əlaqələr baxımından əhəmiyyət daşıdığını xatırladıb və onun Aralıq dənizində də Avropa Birliyi ilə əməkdaşlıq etdiyini, “qoca qitə”də sığınacaq tapmaq istəyən Yaxın şərqlilərlə bağlı siyasətin həyata keçirilməsində mərkəzi bir rol oynadığını bildirib.
Stoltenberq: “Özünü müdafiə etmək Türkiyənin haqqıdır”
Türkiyənin Qərb tərəfindən ciddi tənqidlərə məruz qalmasıyla bağlı sualı cavablandıran Stoltenberqin cavabı da maraqlı olub:
"Lütfən, Türkiyədən başqa heç bir NATO ölkəsinin terroristlər tərəfindən bu cür sıx hücuma uğramadığını nəzərə alın. Özünümüdafiə və 2016-cı ilin iyulunda uğursuz çevriliş cəhdinin iştirakçılarını mühakimə etmək ölkənin haqqıdır. Amma bu, hüquqi dövlət prinsiplərinə görə edilməlidir"-NATO-nun Baş katibi belə deyib.
Cens Stoltenberqin bu açıqlamasını Türkiyə və Rusiya prezidentlərinin bir neçə gündən sonra baş tutacağı gözlənilən Soçi görüşündən əvvəl səsləndirməsi təsadüfi görünmür. Qərb, bu açıqlamayla Türkiyənin NATO üçün böyük əhəmiyyət daşıdığını bir daha Ankaraya xatırlatmaq istəmiş ola bilər. Nədən ki, Soçi görüşünün Rusiya-Türkiyə münasibətlərində ciddi dönüş yarada biləcəyi, aralarındakı bir çox anlaşılmazlıqlara aydınlıq gətirəcəyi nüfuzlu ekspertlər tərəfindən də etiraf edilir.
Paylaş: