
Dünən maraqlı bir xəbər yayıldı. Belə məlum oldu ki, beynəlxalq hesabatlarda adı korrupsiyaya bulaşmış dövlətlər sırasında ən yüksək pillələrdə çəkilən Azərbaycanda, sən demə, işə piyada gedən nazir də varmış – Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov. Düzdür, həmin nazirin pulsuzluqdan maşın ala bilmədiyi iddia edilməsə də, hər halda bu cür təqdimatın təmiz, dövlət əmlakına gözucu ilə belə baxmayan məmur imici yaratmaq məqsədi daşıdığı da ortadadır.
Bu məlumatı oxuyanda bir neçə il əvvəlki Qubaya səfərimi xatırladım. Kəndlərin birində ucu-bucağı görünməyən sahənin hasara alındığını görüb yerli sakinlərdən buranın qoruqmu olduğunu soruşmuşdum. Onlar isə “xeyr, bura bir nazirin malikə torpaqlarıdır”-deyə cavab vermişdilər. Qəlbimdə “Ekologiya və Təbii Sərvətlər Nazirliyi hara baxır” sualı yaranmışdı. Sonradan həmsöhbətlərimin iddialarını eşidəndə xeyli təəccüblənmişdim. İddiaya görə, mənim qoruq sandığım bu ərazilər elə işə piyada gedən nazirə aid imiş.
İddiaların nə dərəcədə əsaslı olduğunu deyə bilmərəm. Amma ETS naziri Hüseyn Bağırovun qazanc mənbəyi barədə həmin zamanlar mətbuatda xeyli materiallar yayılırdı. Bu gün piyada nazirimizin sərvətləri haqqında Google-də axtarış aparanda təsadüfən həmin yazılardan biri qarşıma çıxdı. Hardasa, 8 il bundan əvvəl “Azadlıq” qəzetində dərc olunan “Hüseyn Bağırovun `ekoloji korrupsiyası`” sərlövhəli yazını nöqtəsinə, vergülünə toxunmadan Ovqat.com oxucularıyla paylaşmaq qərarına gəldik:
Azərbaycanda bizneslə məşğul olmağa haqqı çatanlara imkan verilmir, əvəzində qanunla bizneslə məşğul olması yasaqlanan məmurlar bu işlə məşğul olur. Anti-korrupsiya Komissiyası özü rüşvət yığıb korrupsiyanı çiçəkləndirir. Ekologiyanı isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin özü viran qoyub təbii sərvətləri talayır. Məsələ burasındadır ki, məmurlar yeri gələndə bizneslə məşğul olduqlarını, Anti-korrupsiya Komissiyası isə korrupsionerləşdiklərini dansalar da, ekoloqlar nəinki qanunsuz əməllərini gizlədirlər, əksinə qabaqdangəlmişlik edərək özlərini ekologiyanın cəfakeşi adlandırıb qanunsuzluqlarına huquqi don geyindirməyə və bunu planlaşdırılmış tədbir adlandırmağa çalışırlar.
Yaşıllıqların köçürülməsi adı altında hektarlarla yaşıllıq məhv edilir
Hələ bu azmış kimi 2010-cu ili “ekologiya ili” elan edib, insanların gözündən pərdə asmağı da yaddan çıxarmırlar. Məhz 2010-cu ildə ağaclara divan tutulmasına qanuni don geyindirildi. Yaşıllıqların köçürülməsi adı altında hektarlarla yaşıllıq məhv edilir və ağaclar kökündən çıxarılır, heç yerdə əkilmir. Əvəzində isə məhv edilmiş yaşıllıqların yeri satılaraq yeyilir. Belə ünvanların sayını və yerini “Azadlıq” qəzeti olaraq ötən saylarımızda göstərmişdik. Indi yenidən onları sadalamağa ehtiyac duymuruq, ona görə ki, əldə etdiyimiz başqa məlumatlar və apardığımız araşdırmalar ekologiya cinayətlərinin necə amansız, özü də planlaşdırılmış şəkildə baş verməsindən xəbər verir.
Su təmizləyici qurğular, qurumuş bulaqlar, sovrulmuş milyonlar
Əvvəlcə milyonlarla azərbaycanlının aldadılması və milyonlarla manatın sovrulması faktlarına nəzər salaq. 2009-cu ildən etibarən ölkə başçısının sərəncamı əsasında regionların içməli suyla təmin olunması üçün yeni bir layihəyə start verildi və ETSN ixtiyarına verilmiş bu məsələnin reallaşması üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrıldı. Ilkin mərhələdə ETSN-nin əməkdaşları telekameralar qarşısında var-gəl edərək bulaqlar quraşdırmağa, su təmizləyən aparatları işə salmağa başladılar. Hətta nazir Hüseynqulu Bağırov özü bəzi rayonlarda bulaqların açılması mərasimində iştirak etdi və üstəlik bir stəkan sudan içib nümayişkəranə şəkildə “oxay” da dedi. Sonra da qeyd edildi ki, bu su təmizləyici avadanlıqlar sayəsində Kürün suyu lildən, mikrob və bakteriyalardan təmizlənəcək. Bu hadisədən bir neçə ay keçəndən sonra regionlarda yaşayan insanlar və ümumilikdə əhali anladı ki, onlar aldadılıb. Çünki bu gün Ərəbistan səhrasında bulaqlardan su gəlir, bizim həmin bulaqlardan yox. ETSN-nin adının çəkilməsini istəməyən əməkdaşı isə bu məsələ ilə bağlı bizə daha maraqlı məlumat verdi. “Ay qardaşlar, bu bulaqlar sadəcə olaraq gələn suyu təmizləməkdən ötrüdür. Yəni bu bulaqlar nə suyu dartıb gətirəndir, nə də onlar Kürün lilini təmizləyən”. Indi insanlar aldadılıbsa bunun günahı aldadanlarda deyil, aldananlardadır. Aldada biliblərsə, deməli bacarıblar. Bacarana isə baş qurban.
Viran qalmış Ləhic bağları, yoxsa ETSN-nin qum əməliyyatı
ETSN-nin sərgüzəştləri bununla bitmir. Başqa bir araşdırmamız isə daha acınacaqlı məsələlərdən xəbər verir. Abşeron rayonunun Ləhic bağları haqqında çoxları eşidib və ona mahnı və şerlər qoşulub.
Bu gün Ləhic bağlarının hər qarışı müharibədən sonra xaraba qalmış yerləri xatırladır. Dibinin qumu talan edilib aparılmış daxmalar üzülüb əldən düşmüş təpələrin üzərində əyilmiş formada dayanmış, olub-qalan bir neçə ağac və kolun kənarındakı qum qaşınıb götürüldüyündən kötükləri fəzadan asılı vəziyyətə düşüb. Daş hasarlarla əhatə olunmuş boş ərazilərdən qumun intensiv daşınması, viran qalmış sahələrdə zorakılıq izlərini görməməzliyə vurmaq mümkün deyil. Ləhic bağlarında tarixdən oxuduğumuz “feodal çəpərləməsini”nin bütün əlamətləri var. Hazırda qum dəllalları orada öz işlərini görməkdədirlər. “KaMAZ”, “TATRA” markalı yük maşınları qum doldurduqca ərazidən bir-bir çıxır. Son üç ildə isə heç kimdən çəkinmədən və qorxmadan qeyri-qanuni olaraq Ləhic bağlarından bazara qum daşınır. Orda işləyənlərin hər biri lazımı adamlara haqqını verərək rahat şəkildə bağın qumunu öz məqsədləri üçün istifadə edirlər. Orada işləyənlərdən nə etdiklərini soruşduqda isə cavabları belə oldu: “Bu bağlarda işləyən hər bir maşının ekologiyada dəqiq siyahısı var, vaxtı çatanda onların işçiləri gələrək pullarını yığıb gedirlər, əvəzində bizə qumun yığılıb aparılmasına mane olmayacaqlarına təminat verirlər”. Bəli məhz ETSN-nin qanunsuzluqları nəticəsində bu hallar baş verir. Hansı ki, ekologiya və təbii sərvətlər nazirinin 2008-ci ildə verdiyi müstəsna qərara əsasən geniş yayılmış bütün faydalı qazıntı yataqlarının işlənilməsinə nəzarət məqsədilə nazirlikdə xüsusi komissiya yaradılıb, qum da daxil olmaqla Respublika ərazisində bütün faydalı qazıntı yataqlarının talan edilməsinə bu komissiya özü rəhbərlik edir. Ləhic bağlarında siyahı üzrə yük maşınlarından pul yığan da elə bu komissiya üzvlərinin özləriymiş.
Belə çıxır ki, 2010-cu ili “ekologiya ili” adlandırmaqdansa, “ekologiyanı viran qoymaq ili” adlandırmaq daha məqsədə uyğun olar. /"Azadlıq" qəzeti
Paylaş: