Xəbər lenti

 

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradacaq.

Təhsil Nazirliyinə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin etmək tapşırılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə iki ay müddətində Azərbaycan İlahiyyat İnstitutunun nizamnaməsini Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir. /APA

Qeyd edək ki, prezidentin BDU-dən ayırıb yeni yaradılmış İlahiyyat İnstitutuna birləşdirdiyi eyni adlı fakültə 1992-ci ildə yaradılıb. Fakültənin yaradılmasının başlıca məqsədlərindən biri 70 illik sovet rejiminin unutdurduğu dini elmlərin öyrədilməsi, digəri isə sovet ateizminin dini təbliğatı məhdudlaşdırması sayəsində istər-istəməz mövhumatçılığa sürüklənən xalqımızı xarici teoloji təsirlərdən uzaq tutulması idi. Xüsusilə İran və Səudiyyə Ərəbistanından yayıla biləcəyi ehtimal olunan radikal cərəyanların dini duyğularımızdakı boşluqdan istifadə etmələrinin qarşısını almaq üçün Elçibəy hakimiyyəti dövründə bu fəaliyyət Türkiyəyə həvalə edilmiş və bütün dinlərin fəlsəfi əsaslarının öyrədilməsi hədəflənmişdi. Elə bu səbəbdən də fakültə ayrıca qurum kimi yox, BDU-nin nəzdində yaradılmışdı.

Nə yazıq ki, Elçibəy hakimiyyətinin qısa zamandan sonra devrilməsi təhsil müəssisələrimizin yenidən rüşvətxor müəllimlərin nəzarətinə keçməsiylə nəticələnmişdi. Bundan ən çox əziyyət çəkən müəssisələrdən biri də İlahiyyat fakültəsi olmuşdu. Nədən ki, Türkiyə Diyanət Vəqfinin təşəbbüsü ilə yaradılan fakültə istər-istəməz BDU rəhbərliyinin iradəsinə tabe etdirildiyindən universitetdə baş alıb gedən rüşvətxorluqlar “İlahiyyat”dan da təsirsiz ötüşməmişdi. Xüsusilə BDU tərəfindən təyin olunan müəllimlərin rüşvətxorluqları ötən illər ərzində dəfələrlə gündəmə gətirilmiş, amma heç bir tədbir görülməmişdi. Bu isə Azərbaycan hakimiyyəti ilə yanaşı Türkiyə dini qurumlarını da ciddi narahat edirdi. Rəsmi Bakı ən azı Türkiyənin narahatlığını nəzərə alıb lazımi addımlar atmalı idi.

BDU rəhbərliyinin İlahiyyat fakültəsi üzərində qurduğu fırıldaqlar bununla da bitmirdi. Fakültə TQDK kitabçalarına “Tərcümə-ərəb” və “Tərcümə-fars” ixtisaslarını öyrədən müəssisə kimi təqdim olunduğundan bir çox abituriyentlər aldadılaraq onun tələbəsinə çevrilirdilər. İddialara görə, fakültənin bir çox tələbələri əslində şərqşünaslıq ixtisasını seçmək istərkən bu tələyə düşürdülər. Əsl həqiqətlər isə tədris ili başlayanda məlum olurdu. Məlum olurdu ki, adı çəkilən ixtisaslar əslində İlahiyyat fakültəsi imiş və fakültə “Dinşünaslıq”,  “Tərcümə-ərəb” və “Tərcümə-fars” adlı 3 qrupa ayrılırmış. Tələbələr də məzun olanda şərqşünas yox, dinşünas adı daşıyacaqlar.

Ötən il ciddi səs-küylə yadda qalan fakültənin bağlanacağı belə, təxmin olunurdu. Təhsil Nazirliyinin BDU İlahiyyat fakültəsinə “dinşünaslıq” ixtisası üzrə qəbul planı verməməsi də bu söz-söhbətlərin, dedi-qoduların artmasına yol açmışdı.

Bu gün prezident İlham Əliyevin imzaladığı sərəncam ötən il yaranan bir çox suallara aydınlıq gətirdi. Məlum oldu ki, dinşünas ixtisasının tələbə qəbulu proqramına salınmaması heç də fakültənin bağlanması məqsədi daşımırmış. Məqsəd ilk növbədə fakültəni BDU-dan ayıraraq rüşvətxorluq və ikibaşlılıqdan xilas etmək imiş.

Digər tərəfdən, bu qurum İlahiyyat İnstitutuna tabe etdirildiyindən artıq abituriyentlərin də sadəlövhlüyündən istifadə olunmayacaq. Kim özünü ilahiyyata həsr etmək istəyəcəksə, fakültənin qapılarını döyə biləcək. Beləcə, İlahiyyat fakültəsi 1992-ci ildə düşünüldüyü kimi əsl elmi araşdırma və dinşünaslıq mərkəzinə çevriləcək.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 425          Tarix: 10-02-2018, 23:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma