Fevralın 19-u axşam saatlarında Tehranın Pasdaran küçəsində Qonabad dərvişləri ilə hüquq-mühafizə qüvvələri arasında baş verən qarşıdurmada 3 polis və 1 “Bəsic” muzdlusu öldürülüb, onlarla dərviş yaralanıb, ən azı 60-ı həbs edilib.
Ovqat.com xəbər verir ki, məlumatı Günaz.TV yayıb.
Məlumata görə, hadisə Tehrana gələn dərviş liderlərindən olan Nemətullah Riyahinin həbs edilməsindən və dərvişlərin yaşadığı məhəllənin hökumət qüvvələri tərəfindən mühasirəyə alınmasından sonra baş verib. Məsələdən xəbər tutan dərvişlər hadisə yerinə gələrək polis komandanları ilə sakitcə danışaraq, həbs edilən Nemətullah Riyahinin dərhal azadlığa buraxılmasını tələb ediblər. Lakin problemin dinc yolla həlli nəticəsiz qaldıqdan sonra polislər dərvişləri təhdid edərək, onları dağıtmağa cəhd ediblər. Polisin dərvişlərə qarşı zorakılığı isə qarşıdurmaya səbəb olub.
Gecə saatlarında və fevralın 20-si sübh saat 04:00 radələrinə qədər davam edən qarşıdurmada polis, dərvişləri dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə edib. Lakin vəziyyətin kəskinləşdiyini görən hökumət qüvvələri etirazçı dərvişlərə odlu silahdan atəş açaraq onlardan bir neçəsini yaralayıblar. Nəticədə onlarla dərviş yaralanıb, ən azı 60-ı həbs edilərək naməlum istiqamətə aparılıb. Hökumət qüvvələrinin zorakılığı ilə üzləşən dərvişlərdən biri avtobusla, digəri isə avtomobillə polis qüvvələrinin üstünə sürüb. Nəticədə, 3 polis və 1 “Bəsic” muzdlusu həlak olub, bir neçəsi yaralanıb. Avtobusu və avtomobili idarə edən dərvişlər tutulub.
Etirazlar gecə saalarında daha genişlənib. Ətraf məhəllərin əhalisi dərvişlərə dəstək məqsədilə etirazlara qoşularaq İranın dini lideri axund Əli Xamneyiyə qarşı şüarlar səsləndiriblər. “Diktatora ölüm”, “Seyid Əli! Abır-həyan olsun, utan xəcalət çək, məmləkətdən əl çək” və "Allahu əkbər" şüarı səsləndirən etirazçılar, rejimin dərvişlərə və dinc əhaliyə qarşı repressiyalarına son qoyulmasını tələb ediblər. Hadisə yerinə əlavə polis qüvvələri cəlb edildikdən sonra etirazlar bu gün sübh saatlarında nisbətən səngiyib. Hazırda Tehranın həmin məntəqəsində vəziyyətin gərgin olduğu bildirilir. Qeyd olunur ki, bu, hökumət qüvvələrinin son həftələrdə Tehranda yaşayan dərvişlərə və onların rəhbərlərinə qarşı üçüncü basqısı sayılır.
Xatırladaq ki, 90 yaşlı Nurəli Tabəndə (Məczubəlişah), məşhur şiə-sufi təriqətlərindən olan Nemətullahi sülaləsinin indiki başçısıdır. Son həftələrdə hökumət qüvvələri iki dəfə onu həbs etməyə çalışsalar da, tərəfdarları yaşadığı evin ətrafında toplaşaraq, rejimin öz niyyətini yerinə yetirməsinin qarşısını alıblar. Nurəli Tabəndə isə onun tərəfdarı olan dərvişlərə müraciət edərək onları sakitliyə və rejimin əlinə bəhanə verməməyə çağırıb.
Paylaş: