Çexiyanın paytaxtı Praqada yaxalanan PYD/PKK-nın həmsədri Saleh Müslimin niyə həbs edildiyi bəlli oldu.
Ovqat.com-un Anadolu Agentliyinə istinadən verdiyi məlumatına görə, kürd separatçılarının ən tanınmış liderlərindən olan Saleh Müslim haqqında Türkiyə bu ayın 13-də qırmızı bülletenlə beynəlxalq axtarış verib. S.Müslimin də bu axtarış çərçivəsində saxlanıldığı bildirilir.
Məlumata görə, separatçı lider müvəqqəti saxlanılıb və çex məhkəməsinə göndərilib. Məhkəmə Türkiyədən onu niyə axtarışa verməsi barədə sənədlər istəyib. Türk hüquq-mühafizə orqanlarının bu sənədləri yaxın günlərdə çex məhkəməsinə təqdim edəcəkləri xəbər verilir.
Amma bu hələ Saleh Müslimin Türkiyəyə təhvil veriləcəyi mənasına gəlmir. Məlumata görə, onun taleyinə məhkəmə qərar verəcək və hakimlərin Ankaranı sevindirməsi o qədər də asan olmayacaq.
Türkiyənin Saleh Müslimi geri ala bilməsinin qarşısında iki mühüm problem dayanır. Bunlardan biri çex məhkəməsinin Saleh Müslimin terrorçu olduğuna qərar verib-verməyəcəyinin bilinməməsidir. Nədən ki, Türkiyə PYD-ni nə qədər PKK-nın Suriya qanadı olduğunu irəli sürsə də və iddiasını inkarolunmaz faktlarla əsaslandırsa da, bu məsələdə beynəlxalq aləmin düşüncəsi yekdil deyil. Xüsusilə ABŞ PYD ilə PKK-nı bir-birindən ayırır, hətta Türkiyəyə PKK ilə mübarizə etmək üçün PYD-nin imkanlarından yararlanmağı məsləhət görür. Eyni şəkildə bir çox Avropa ölkələri də məsələyə ABŞ-la eyni mövqedən yanaşır. Çexiyanın isə PYD-PKK-ya nə cür münasibət bəsləməsi bəlli deyil. Belə vəziyyətdə Çexiya məhkəməsinin hansı arqumenti əsaslı sayacağı xeyli müəmmalı görünür.
İkinci ən mühüm problem Türkiyə ilə Çexiya arasında cinayətkarları təhvil vermək haqqında hər hansı müqavilə yoxdur. Çexiya məhkəməsi Salih Müslimi təhvil vermək istəsə belə, bunu hansısa qanunvericilik aktı ilə əsaslandırmalıdır. Belə bir hüquqi zəmin olmadığından, Çexiya üzv olduğu Avropa İttifaqı vasitəsilə terrorçunu təhvil verməlidir. Avropa İttifaqını formalaşdıran və onun lokomotivliyini edən Almaniya, Hollandiya, Fransa və s. kimi ölkələrin isə Türkiyə ilə münasibətləri çox da ürəkaçan deyil. Həmin ölkələrin Ankaranın tələblərinə müsbət cavab verəcəyi hələlik xeyli çətin görünür.
Bəs, Türkiyə ilə Avropa İttifaqı arasında yeni böhran yaradacağı güman olunan Salih Müslim kimdir, Türkiyə niyə onu axtarışa verib?
Bu suala cavab verməmişdən əvvəl xatırlatmaqda yarar var ki, PYD/PKK lideri Salih Müslim bir müddət əvvəl Türkiyə rəsmiləri ilə Ankarada görüşən, kürd məsələsini müzakirə edən şəxsdir. Həmin vaxt öz ayağıyla Ankaranın qucağına gələn Salih Müslimə toxunmayan Türkiyə hakimiyyəti “Zeytun Budağı” əməliyyatına başladıqdan 3 həftə sonra onun barəsində beynəlxalq axtarış elan etdi.
Salih Müslimin kimliyinə gəlincə, 1951-ci ildə Hələbdə dünyaya gələn bu adam Suriyada böyüyüb başa çatan kürd liderlərindəndir. Suriyalı olsa da, onun mütəxəssis kimi formalaşmasında Türkiyənin böyük zəhmətləri var. Belə ki, 1970-ci ildə İstanbulda yaşayan S.Müslim 1977-ci ildə bu şəhərdə ali təhsilini tamamlayıb. Başqa sözlə, indiyədək Türkiyənin çörəyini bu adam peşəcə mühəndisdir.
1998-ci ildə siyasətə ilk addımını atıb və Suriya Kürdüstan Demokrat Partiyasına qoşulub. O, hazırda Suriya Demokratik Birlik Partiyasınin lideri kimi PYD bayrağı altında separatçı fəaliyyətini davam etdirir.
İnsafən, Salih Müslim öz separatçı davasına böyük qurbanlar verməyi bacaran siyasi liderlərdəndir. O, 2013-ci ildə Tel abyadda İŞİD-lə gedən mübarizədə oğlu Şervan Müslimi itirib. Müslimin kürd separatçıları arasında bu qədər sevilməsinin də əsas səbəbi bu fədakarlığından irəli gəlir.
Salih Müslim Suriyada ən güclü kürd lideri kimi tanınır. Məlumata görə, 2010-ci ildə İraqa qaçan Salih Müslim, 2011-ci ildə tekrar Suriyaya qayıdıb və vətəndaş müharibəsində əsas qərarverici liderlərdən biri olub.
Türkiyədə təhsil aldığından Anadolu türkçəsini mükəmməl bilir və əksər hallarda mətbuata açıqlamalarını bu dildə verir.
Paylaş: