Xəbər lenti
Bu gün, 19:23
Bu gün, 18:30
Bu gün, 17:45
Bu gün, 16:14
Bu gün, 14:30
Bu gün, 11:47
Dünən, 23:00
Dünən, 16:41
Dünən, 14:19
Dünən, 12:48
Suriyanın İdilib vilayətinə kimyəvi bomba atılıb. İlkin məlumata görə, hücum nəticəsində ən az 58 adam ölüb, 215 nəfər yaralanıb.
Ovqat.com xəbər verir ki, hədəf seçilən məkan Türkiyə sərhədlərindən 30 km aralıda yerləşən Xan Şeyhun qəsəbəsidir.
Qəsəbənin adı bir müddət əvvəl Rusiya, Suriya, İran və PYD-nin birgə hazırlamaqda olduqları hərbi əməliyyatların hədəfləri arasında keçirdi. Suriyanın “əl-Məsdər” qəzetinin iki gün öncə yazdığı xəbərə görə, “Əsəd dostları”nın birlikdə planlaşdırdıqları əməliyyat Hamadan başlayıb İdilibin Xan Şeyhun qəsəbəsinə qədər davam edəcəkdi.
Maraqlıdır ki, PYD qüvvələri də bu faktı gizlətməmiş, yaxın günlərdə ABŞ və Rusiyanın dəstəyi ilə Raqqadan İdilibə yönələcəyini açıqlamışdılar. “Əl-Məsdər” qəzetinin və PYD-nin silahlı qanadının komandiri Sipan Hemonun açıqladığı bu məlumatlardan sonra vilayətin ən önəmli bölgəsi Xan Şeyhuna kimyəvi bomba atılması təəccüblü görünmür.
İlkin təsbitlərə görə, atılan bombanın tərkibi sarin qazı imiş. Bir zərrəsi belə insan ölümünə yol açan sarin qazından bomba hazırlanması 1993-cü ildə BMT tərəfindən qadağan olunub. BMT-nin Kimyəvi Silahlar Konvensiyasına görə, sarin qazıyla hazırlanan bombalar kütləvi qırğın silahlarıdır.
Beynəlxalq qanunlarla qadağan olunduğundan onlarla insanın ölümünə, yüzlərləsinin isə ağır yaralanmasına səbəb olan bu hücumun məsuliyyətini heç kim boynuna götürmür.
Təxminlərə görə, bomba ya Suriya, ya da Rusiya təyyarəsi tərəfindən atılıb. İddia ilə bağlı açıqlama verən Rusiya bu gün həmin ərazidə, ümumiyyətlə, heç bir hava əməliyyatı keçirmədiyini bəyan edib. Suriya isə ikibaşlı bəyanatla kifayətlənib. Rəsmi Dəməşqin yaydığı bəyantda hava hücumu tam istisna edilməsə də, bu günə qədər düşmənlərə qarşı hər hansı kimyəvi bombadan istifadə etmədikləri, bu gündən sonra da etməyəcəkləri vurğulanır.
İdilibə kimin bomba atıb-atmadığını müəyyənləşdirmək hələlik çətin olsa da, Fransa BMT Təhlükəsizlik Şurasını bu məsələylə bağlı təcili toplantıya çağırıb. Nəzərə alsaq ki, Təhlükəsizlik Şurasının 5 üzvündən biri Rusiya, digəri ABŞ-dır və hücumda onların da adı hallanır, toplantıdan hansısa bir nəticə gözləməyə dəyməz.
Suriyadakı bütün beynəlxalq güc mərkəzlərinin və kürd separatçılarının İdilibi hədəf seçməsi isə təsadüfi deyil. Hələbin rus və Suriya ordusu tərəfindən təmizlənməsindən sonra “mülayim müxalif”lər əsasən İdilibə sığınmışdılar. Türkiyənin sərhədlərində yerləşən bu vilayət həm də Aralıq dənizinə xeyli yaxın məsafədə yerləşir. Lazkiyə vilayətinin şimal hissəsinin kiçik bir dilimiylə Araqlıq dənizindən əlaqəsi kəsilən İdilibin kimin əlində olması bu ölkənin geopolitik mövqeyinə aydınlıq gətirəcək. İdilib PYD-nin əlinə keçərsə “kürd zolağı”nın qərb ayağının Aralıq dənizinə qədər uzanması prosesi tamamlanacaq. Həmin vilayət Bəşər Əsədin əlində qalarsa isə, həm Lazkiyə, həm də Hələb vilayətinin təhlükəsizliyi tam təmin olunacaq. Yox, əgər Türkiyəyə bağlı “mülayim müxaliflər” sözügedən ərazilərə sahib olarsa, həm qardaş ölkənin torpaq bütünlüyünü təhdid edən “Kürdüstan” proyektinin qarşısı böyük ölçüdə alınacaq və bu bölgənin iqtisadi bel sütunu olan neft nəqli tamamilə Ankaradan asılı vəziyyətə düşəcək, həm də Hələbin yenidən geri qaytarılması üçün istinad nöqtəsi qorunmuş olacaq.
Bu qədər mühüm geoplotik əhəmiyyətə malik olan İdilib əhalisinin əksəriyyəti sünnilərdən təşəkkül tapdığından Rusiya-İran-Suriya ittifaqının bu ərazilərdə hərbi əməliyyatı istənilən nəticəni verməyə bilər. Xüsusilə də məzhəb müharibələrinin kəskinləşdiyi indiki şəraitdə vilayət sakinlərinin sonuna qədər öz yurdlarını qoruyacağı ehtimalı da hərbi həll yolunu xeyli çətinləşdirir.
İstənilən işğal siyasətində fəthi asanlaşdırmağın ən qısa yolu 3 tərəfdən təzyiq edərkən, 4-cü qapını açıq buraxmaqdır. Əks halda, qaçmağa yeri olmayan insanlar sonuna qədər döyüşər, bu da hədəfə götürülən ərazinin fəthini çətinləşdirər, böyük itkilərə səbəb olar. Bir çox ekspertlərin fikrincə, beynəlxalq güclərin Türkiyənin “Fərat qalxanı” əməliyyatına laqeyd qalması da 4-cü açıq qapı siyasəti ilə bağlıdır. Məqsəd İdilibdəki sünni əhalini sıxışdıraraq, Türkiyənin təmizlədiyi ərazilərə qaçmasını təmin etməkdir.
Bu durumda Ankaranı ən çox narahat edən İran sərhəddindən Aralıq dənizinə qədər “Kürdüstan” layihəsi tam ortadan kəsilərək mümkünsüz haka gəldiyindən, İdilibin Bəşər Əsəd Suriyasının tərkibinə daxil olacağı gözlənilir. Görünür, Türkiyənin də birdən-birə “Fərat qalxanı” əməliyyatını dayandırdığını elan etməsinin əsas səbəblərindən biri də bununla bağlıdır.
Taleyi yenidən yazılan Suriya üzərindəki oyunlar aspektindən İdilibə atılan kimyəvi bombaya baxanda bir çox daşlar öz yerinə oturur. Belə aydın olur ki, bu bomba bir neçə gündən sonra başlayacaq İdilib əməliyyatının ilk sədasıdır və dirənəcəyi ehtimal olunan əhalinin gözünü qorxutmağa, müqavimətini qırmağa, istənilən istiqamətə sürülməsinə razı salmağa xidmət edir.
Heydər Oğuz
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar