Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
“Türkiyə ilk gündən bəri Suriya hökumətiylə koordinasiyasız hərbi əməliyyatlar aparırdı. Bu səbəbdən də “Fərat qalxanı” qeyri-legitim idi və biz Ankarayla bu əməliyyatlarda əməkdaşlıq etmirdik. Legitim əsası olmadığına görə “Fərat qaxanı”nın bitməsi yaxşı oldu ".
Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev belə deyib.
Kosaçevin fikrincə, Türkiyə ilə Rusiyanın əməkdaşlıq parametrləri və məqsədləri Suriya hökuməti ilə koordinasiya edilən Astana üçlüyü formatında reallaşır: "Şübhəsiz, bu əməkdaşlıq Suriyadakı terrorist qrupların tamamilə yox edilməsinə qədər davam etməlidir".
Xatırladaq ki, rəsmi Ankaranın ötən ilin yayında başlatdığı “Fərat qalxanı” əməliyyatı dünən keçirilən Türkiyə Milli Təhlükəsizlik Şurasının sürpriz qərarıyla bitmiş elan olundu. Bu barədə kütləvi informasiya vasitələrinə açıqlama verən ölkənin baş naziri də faktı bir daha təsdiqlədi.
Rəsmi Ankaranın bu qərarını gözlənilməz edən başlıca amil isə ölkə rəhbərliyinin bir müddət əvvələ qədər əməliyyatı dayandırmayacağını, Raqqa və Münbiçi terrorçulardan təmizləyənədək sürdürəcəyini israrla bəyan etməsiydi. Halbuki, Rəcəb Tayib Ərdoğanın bu israrlı çıxışlarından qabaq ölkənin baş nazirinin müavini Niman Kurtulmuş əməliyyatın bitdiyini bildirmiş və Ərdoğanın ilk reaksiyası da onun bəyanındakı “səhvi” düzəltmək üçün verilmişdi. Türkiyə prezidenti həmin açıqlamasında deyirdi:
"Ortada bir anlaşılmazlıq var. Bizim hədəfimiz bu bölgənin İŞİD-dən təmizlənməsidir. İŞİD-in mərkəzi əl-Bab deyil, Raqqadır. Raqqa təmizləndiyi andan etibarən, hədəfimiz tamamlanmış olacaq. Dolayısıyla, əl-Babdan sonra da dayanmaq yoxdur".
Dünənki MTŞ-nın toplantısında qəbul olunan qərar isə məhz Niman Kurtulmuşun arqumentinə daha yaxın əsasa söykənirdi. Belə ki, Niman Kurtulmuş məlum çıxışında “Fırat qalxanı”nın son hədəfi kimi əl-Babın alınmasını göstərmiş və missiya artıq yerinə yetirildiyi üçün əməliyyatın da sona çatdığını bildirmişdi. MTŞ-nın dünənki qərarında isə belə deyilirdi:
"Ölkəmizin sərhəd təhlükəsizliyini təmin etmək, DEAŞ (İŞİD-red.) terror təşkilatının ölkəmizə yönəlik təhdid və hücumlarının qarşısını almaq, didərgin salınmış Suriyalı qardaşlarımızın ölkələrinə dönüşlərinə imkan yaratmaq və “Fırat qalxanı” hərəkatı bölgəsində stabillik və güvən içərisində həyatlarını sürdürmələrini təmin etmək məqsədilə həyata keçirilən əməliyyatın müvəffəqiyyətlə nəticələndiyi ifadə edilmişdir".
Göründüyü kimi, MTŞ-ın sözügedən qərarı İŞİD-i tamamilə məhv etməyi deyil, Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin etməyi son hədəf olaraq götürürdü.
Sual oluna bilər: Bəs, nə oldu ki, “Fərat qalxanı”nın hədəfi birdən-birə kiçildi?
Zənnimizcə, Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçevin bu gün səsləndirdiyi fikirlər yuxarıdakı suala kifayət qədər aydınlıq gətirir. Onun sözlərindən belə çıxır ki, Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi hərbi əməliyyatlar bölgənin digər aparıcı aktyorları tərəfindən qeyri-legitim hesab olunur və Ankara, yəqin ki, ciddi beynəlxalq təzyiqlərlə üzləşirdi. Nəticədə bölgədə təklənən Türkiyə hərbi əməliyyatları da dayandırmaq məcbiriyyətində qalmışdır. Əl-Babın İŞİD-dən azad edilməsindən sonra Ankaranın Münbiç və Raqqaya yönəlmək istədiyi zaman rus və ABŞ ordularının dərhal hərəkətə keçib kürd separatçıları ilə türk əsgərləri arasında sədlər yaratması da bu ehtimalı təsdiqləyir.
7 ay ərzində davam edən və 71 türk əsgərinin şəhadətinə səbəb olan “Fərat qalxanı”nın bu nəticəsindən sonra beyinlərdə müxtəlif suallar yaranır: görəsən, türk ordusunun böyük fədakarlıqlar bahasına İŞİD-dən təmizlədiyi bölgənin taleyi bundan sonra necə olacaq? Həmin ərazilər kimin nəzarəti altına düşəcək?
Nə yazıq ki, bu sualların cavabı hələ də bəlli deyil. Ankara azad etdiyi o ərazilərdə Suriyadan Türkiyəyə sığınan qaçqınları yerləşdirmək istəyir. ABŞ-ın dəstəyini alan PYD isə həmin yerləri öz sərhədlərinə qataraq, İraq sərhəddindən Aralıq dənizinə qədər uzanan ərazilərdə “Kürdüstan” dövləti qurmağa çalışır. Rusiyanın qoltuğuna sığınan Bəşər Əsəd rejimi isə əl-Baba öz torpaq bütövlüyünün açarı kimi baxır.
Bütün bu müxtəlif maraqların çarpışdığı coğrafiyanın taleyi isə heç də yaxşı görünmür.
Heydər Oğuz
Strateq.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar