Xəbər lenti

 

Son zamanlar Azərbaycanda baş verən bir çox hadisələr 7 il bundan əvvəl Suriyada yaşananlarla eyniyyət təşkil edir. Bu bənzərliklər  isə beyinlərdə “Azərbaycanda da “bahar” düyməsinə basıldımı”  sualı meydana gətirir.

Bir çoxları bəlkə də ölkəmizdə keçirilən etiraz aksiyalarının kiçik miqyasını, xaricdən başlayan dalğanın Azərbaycana ciddi təsir göstərmədiyini əsas gətirib irəli sürülən bu qiyamət ssenarisiylə razılaşmaya bilərlər. Amma onu da unutmaq olmaz ki, 2011-ci ildə başayıb Suriyanı cəhənnəm atəşinə sürükləyən hadisələr də ilk başlayanda genişmiqyaslı deyildi. Hətta bizdə baş verənlərdən daha zəifdi. Buna baxmayaraq, bu kiçik qığılcımlar barıt çəlləyinə bənzəyən Suriyada böyük yanğınlara səbəb oldu.

İstərsəniz, fikirlərimizi daha rahat anlamaq üçün 2011-ci il Suriyasıyla indiki Azərbaycan arasındakı bəzi bənzəriklərə nəzər salaq.

  1. Gedişatda bənzərlik

İlk “ərəb baharı” küləkləri Suriyada 2011-ci ilin əvvəllərində əsməyə başladı. Milyonlarla insanı didərgin salan, yüzminlərlə dinc əhalinin ölümüylə nəticələnən və nə zaman bitəcəyi bilinməyən sözügedən vətəndaş müharibəsinin başlanğıc tarixi rəsmi olaraq 15 mart 2011 günü kimi göstərilsə də, ilk qığılcımlar daha əvvəl çaxılmışdı.

İctimai rəyi şiddətə hazırlayan ilk hadisə Həsəkə şəhərində baş vermişdi. 26 yanvar 2011-ci il tarixində Həsən Əli Akle adlı bir vətəndaş ölkədə hökm sürən sosial  ədalətsizliyə etiraz edərək özünü yandırmış, ağır yaralı kimi xəstəxanaya aparıldıqdan 3 gündən sonra ölmüşdü.

Sirr deyil ki, bu gün Azərbaycanda da hər gün intihar xəbərləriylə sarsılırıq. İntihar edənlərin arasında özünə od vurub yandıranlar da az deyil. Sözsüz ki, istər Suriyada, istərsə də Azərbaycanda yaşanan bu intihar hadisələri hansısa güc mərkəzləri tərəfindən təşkil olunmasa da, hər iki ölkədəki çarəsizliyin, dövlət orqanlarına bağlanan ümidlərin tükənməsinin göstəricisidir və bütün inqilabi proseslər məhz bu çarəsizlikdən, ölümü belə gözə almaqlardan başlayır.

Yeddi il öncə başlayan Suriya böhranıyla bugünkü Azərbaycan reallığı arasındakı digər bənzərlik toplumun bu sosial vəziyyətə verdiyi reaksiyalarda özünü göstərir. Böhranın ilk günlərində Suriyada da narazı kütlə eynilə bizdəki kimi meydanlara çıxıb öz etiraz səslərini ucaltmağa səy göstərir, amma siyasi rejimin müxalifətsiz toplum yaratmaq siyasəti ucbatından arxasınca gedəcəkləri real təşkilat və lider tapa bilmirdilər. Nəticədə bir çox yerlərdə ortaya çıxan təşkilatlanmamış etiraz aksiyaları da Suriya polisinin sərt müdaxilələri ilə yatırılırdı.

Bu gün Azərbaycanda müxalifətin təşkil etdiyi aksiyalara gələn dinc etirazçıların bir sıra basqılarla üzləşməsi cari planda hakimiyyətə qarşı təşkilatlanmış aksiyaların keçirilməsinin qarşısını alsa da, perspektiv planda etirazçı kəsimi başıpozuq, xaotik mübarizəyə sürükləyir.

 

Suriyada da etiraz aksiyaları kütləvi deyildi

Necə ki, bənzər prosesin biz Suriyada da haqqında bəhs etdiyimiz intihar hadisəsindən sonra yaşandığını görürük. Ölkə əhalisini dərindən sarsan bu intihar sosial şəbəklərdə günlərlə ictimai müzakirəyə çevrilmiş, hadisəyə və ümumiyyətlə, Suriyada hökm sürən ədalətsizliklərə qarşı ilk etiraz aksiyası olaydan 19 gün sonra keçirilmişdi. Bu gün müxalifətin mitinqlərinə çox az adamın gəlməsiylə qürurlanan və bunu sevinərə-sevinə tele-ekranlarda məsxərəyə qoyan iqtidar mənsublarının nəzərinə çatdırmaq istərdik ki, 2 fevral 2011-ci il tarixində Dəməşqin Bab Tuma səmtində keçirilən ilk aksiyaya da təxminən, 15 nəfər qatılmışdı. Amma bu kiçik qığılcım Suriyadakı barıt çəlləyinin partlaması üçün kifayət etmişdi. Sosial media və şəbəkələrdə etiraz aksiyalarının davamlı keçirilməsi təbliğ olunmuşdu və xalq 4, 5 fevral tarixində meydana çağırılmışdı. Siyasi hakimiyyətin repressiyalarından qaçaraq xaricə sığınan müxalif liderlərin bu çağırışı Suriyada da heç bir nəticə verməmiş, nə fevralın 4-də, nə də 5-də planlaşdırılan aksiyalar baş tutmamışdı.

Bənzər proseslərin Azərbaycanda da getdiyi ortadadır. Dədə-baba ocağından pərən-pərən salınmış müxaliflər və incidilmiş vətəndaşlarımız hakimiyyətin aqressiv siyasəti nəticəsində Qərb ölkələrində özlərinə sığınacaq tapmağa məhkum edilirlər. Bir daha cəhənnəm kimi gördükləri ölkələrinə departasiya edilməmələri üçün hətta heç bir siyasətə qoşulmamış mühacirlər belə, özlərinin siyasi kimliklərini yarada bilmək üçün sığındıqları xarici ölkələrdə hakimiyyətə qarşı ən kəskin çıxışlar etmək məcburiyyətində qalırlar. Əksər hallarda bu kəskin çıxışlar söyüş, təhqir kampaniyasına çevrilir.

Hakimiyyətin zorən radikallaşdırdığı mühacirlər də xalqı davamlı mitinqlərə, meydan savaşlarına çağırır, Azərbaycan hakimiyyətinin müqəddəsləşdirdiyi insanların şəkillərini yandırırlar. Yeddi il əvvəl Suriyada olduğu kimi. Xatırladaq ki, həmin dövrlərdə Suriyada Bəşər və Hafiz Əsədlərin də portretlərinə qarşı bu cür hərəkətlər edilirdi.

Bu cür kiçik aksiyalar  2011-ci ilin 17 fevralına qədər sürmüşdü. İlk böyük hadisə isə 17 Fevralda Həmidiyyə bazarının yaxınlığında baş vermişdi. Özü də müxaliflər tərəfindən planlaşdırılmadan.

Suriya polisinin də dəyənəyi vardı

2011-ci ilin Suriyasında da milli əsəbin gərilməsi haqsızlıqdan, zorakılıqdan cana doymuş xalqı elə vəziyyətə gətirmişdi ki, gözlənilməz bir qığılcım barıt cəlləyinə çevrilmiş ölkəni alovlandıra bilərdi və bu təsadüf özünü çox gözlətmədi. Təqvimlər 17 fevral 2011-ci ili göstərəndə bir yol polisinin Həmidiyyə bazarındakı dükan sahibini döyməsinə etiraz edən kiçik sahibkarlar "Suriya xalqını bu qədər alçaltmaq olmaz" şüarıyla ayağa qalxdı və yolları bağladı. Eynilə Azərbaycandakı qaçqınların, evi sökülənlərin, qazı kəsilənlərin, işdən çıxarılanların etdiyi kimi. Artıq Suriya xalqı polis dəyənəyindən qorxmur, aksiyalarını bir başa ölkənin Daxili İşlər Nazirliyi binası qarşısında keçirirdilər. Həmin vaxt Nazirlik qarşısına toplanan yüzlərlə adam dövrün daxili işlər naziri tərəfindən zorla sakitləşdirildi. Polis məmuru haqqında cinayət işi açılacağı vədi verilsə də, bu söz elə söz olaraq da qaldı. Beləcə, Suriya insanının öz nazirlərinin, dövlət adamlarının sözlərinə zərrə qədər də etibarı qalmadı.

 

“Ərəb baharı”nın təsiri

Daha sonra suriyalılar ərəb baharının əsdiyi digər ölkələrdən də təsirləndilər. 17 fevral nümayişindən qısa müddət sonra xalq Misirdəki prosesəri dəstəkləmək üçün küçələrə axışdı. “Misirə dəstək” mitinqini 22 fevralda “Liviyaya dəstək” aksiyası əvəz etdi. Hər iki aksiyada iştirak edənlərin sayları isə biz düşündüyümüz kimi çox deyildi-cəmi 200 nəfər. "Xalqını öldürən qatildir" şüarları səsləndirən nümayişçilərə bu dəfə polisin müdaxiləsi xeyli sərt oldu. Mitinq zorakı metodlarla dağıdıldı, 14 etirazçı həbs olundu.

Fövqəladə vəziyyət və cümə namazları

Xalq arasında getdikcə vüsət alan bu narazılıq Suriyanın dövlət orqanlarında da öz əks-sədasını verməyə başladı. Onlarda da eynilə bizdəki kimi saxta seçilməsinə baxmayaraq, ilk rəsmi etiraz parlamentdən gəldi. Hələbdən seçilən müstəqil deputat Əbdülkərim əs-Seyyid parlamentin 23 fevral sessiyasında ölkədəki fövqəladə vəziyyətin ləğvi məsələsini qaldırdı. Parlament sədri bu təklifi səsə qoydu və 249 deputat bu tələbi rədd etdi.

Narazı qüvvələrə mitinq keçirməyə icazə verilmədiyindən istər-istəməz xalqın etirazçı kəsimi məscidlərdə səslərini eşitdirməyə çalışdılar. Çünki Suriyada fövqəladə vəziyyət elan olunsa da, hökumət hər həftə keçirilən cümə namazlarını yasaqlaya bilməzdi; əks halda bu, daha ciddi narazılığa yol açardı. Beləcə, cümə namazları etirazçıların əlində icazəsiz mitinqləri əvəz etməyə başladı.

Azərbaycanda son zamanlar dindar kəsimin müxaliflərlə yaxınlaşması da bizim etirazçılar qarşısında eyni imkanı yaradır və zənnimizcə, bu təsadüfən düşünülməyib. Zira bizim hakimiyyətin də Əsəd rejimi kimi cümə namazlarını qadağan etmək şansı yoxdur və planlaşdırılacaq (əgər indiyədək planlaşdırılmayıbsa) inqilabın ilk beşiyi də məhz məscidlər və ya digər din ocaqları ola bilər.

Yeni mərhələdə məscidlərdə rüjeymi böyüyən Suriya böhranı 15 marta qədər bu cür davam etdi. 15 martda kütləvi hal alan etiraz aksiyasıyla növbəti mərhələnin zirvəsinə qədəm qoyuldu. Derada keçirilən kütləvi mitinq zamanı 15 uşağın polislər tərəfindən göz altına alınması ilə proses sürətləndi və kütləvi etirazlar sürətlə digər şəhərlərə sıçradı. Deradan sonra paytaxt Dəməşqin Duma rayonu başda olmaqla, Tartusun Banyas  rayonu və Lazkiyə də etiraz aksiyalarıyla çalxalandı. Bu bölgələri İdlib, Həsəkə, Qamışlı, Xama və Xüms təqib etdi. Yüzlərlə yaşayış yerində cümə namazının ardından Dəməşq rəhbərliyi etiraz edilməyə başlandı. Ölkəni vətəndaş müharibəsinə aparan prosesin ilk 6 ayında ordunun sərt müdaxilələri yüzlərlə insanın həyatını itirməsinə səbəb oldu. Amma bütün bunlar Suriya böhranını nəinki ortadan qaldırdı, əksinə daha da dərinləşdirərək, böyük vətəndaş müharibəsinə sürüklədi.

 

  1. Problemlərin səbəb bənzərlikləri

İqtisadi “islahatlar” və sosial ədalətsizlik

İndiki Azərbaycanda və 7 il əvvəlki Suriyada gedən proseslər kimi, bu  gedişata yol açan problemlər də bənzərdir. Ciddi bənzərikdən biri, sözsüz ki, iqtisadi sahədə başlamışdı. Bəşər Əsəd rejiminin yarıtmaz islahatları ölkə iqtisadiyyatını olduqca çətin vəziyyətə salmışdı. Ata Əsəd dövründə yarısosialist dövlət kimi fəaliyyət göstərən idarəetmə orqanları oğul Əsədin hakimiyyətə gəlməsiylə bazar iqtisadiyyatına keçid mərhələsinə qədəm qoydu. İlk əvvəl Bəşərə böyük ümidlər bəsləyən Suriya xalqı daha sonra oğul Əsədin bütün siyasi və iqtisadi islahatlarının yalnız bir ovuc məmurun işinə yaradığını gördülər. Eynilə Azərbaycan kimi, bir qrup insanın zənginləşməsi isə ölkə vətəndaşlarının getdikcə daha çox kasıblaşmasına yol açdı. Artıq kəndlərdə belə kasıb əhalinin yaşamasına imkan yox idi. Başını götürən kəndlərdən qaçıb Şama yerləşirdi. 2010-cu ildə tamamilə iqtisadi durğunluq keçirən Suriyada hər il 250 min gənc iş ümidiylə Şama gəlirdi. Suriyanın iqtisadiyyatı isə hər il bu qədər gənci işlə təmin etməyə yetmirdi.

Qoca məmurların hakimiyyət hərisliyi

Üstəlik, Hafiz Əsədin dövündən qalan məmur təbəqəsi də qocalmasına baxmayaraq, tutduqları vəzifələri buraxmaq istəmirdilər. Bir çoxları onsuz da ölkənin bütün sərvətlərini ələ keçirməklə yanaşı, nəzarət etdikləri dövlət orqanlarına da öz qohum-əqrəbalarını doldurmuşdular. Zavallı Suriya xalqı nə iqtisadi sahədə, nə də dövlət orqanlarında özünə yer tapa bilmirdi. Bu da istər-istəməz sosial gərginliyi artırırdı.

Rüşvətxorluq və korrupsiya

Suriyada da bizdəki kimi rüşvətxorluq və korrupsiya dövlət siyasətinə çevrilmişdi. Ən kiçik sənəd, işədüzəlmə, haqqını alma kimi hallar yalnız rüşvət yoluyla əldə olunurdu. Xalqın isə rüşvət verəcək halı yox idi. Beləcə, Suriyada bütün idarəetmə mexanizmi ictimai nifrət qaynağına çevrilmişdi.

 

Etnik, məzhəbi mozika və regionçuluq

Suriya da bizdəki kimi, etnik və məzhəbi mozikadan ibarət idi. Hakimiyyətdə isə bütün etniklər və məzhəblər ədalətli təmsil olunmamışdılar. Eyni sözləri regionlar barədə də demək mümkündür. Suriyada da hakimiyyətdə təmsilçilik əsasən Əsədin doğulduğu lazkiyəlilərin payına düşürdü. Buna baxmayaraq, Lazkiyə əhalisinin də vəziyyəti ürəkaçan deyildi və böhranın ilk siyasi aksiyalarına qoşulan vilayətlər arasında  Lazkiyə də vardı. Hakimiyyətdə regional baxımdan ədalətsiz təmsilçilik bu ölkədəki sosial tələblərlə başlayan etiraz aksiyalarını separatçı mübarizəyə çevirdi.

Suriyada da polis və silahlı qüvvələrin gücünə hakimiyyəti əldə saxlanılacağı düşünülmüş və onların zülmünə göz yumulmuşdu. Hadisələrin sonrakı inkişafı bu ümidin sabun köpüyündən başqa bir şey olmadığını ortaya qoymuşdu.

Geopolitik maraqlar

Suriya da Azərbaycan kimi dünya nəhənglərinin ələ almağa çalışdığı ölkə idi və bu da onun üzərində geopolitik mübarizəni şiddətləndirirdi. Ölkə əhalisinin vəziyyətinin pisləşməsi isə bir çox vətəndaşın könüllü şəkildə xarici qüvvələrin mərhəmətinə bel bağlamağa sürükləyirdi.

Suriyada da real iqtisadi və siyasi islahatları həyata keçirmək əvəzinə, bunun görüntüsüylə insanları aldadır, iqtidara bağlı media qurumları yalançı vədlərlə vəziyyətdən çıxmağa çalışırdılar. Vədlər isə qarın doyurmurdu.

Məğlubiyyət sindromu

Suriya xalqı da bizim kimi məğlubiyyət sindromu yaşayırdı. Ərəb ölkələrinin Fələstin uğrunda İsrailə dəfələrlə uduzması azmış kimi, sionistlər Suriyaya aid Qolan təpələrini almış və öz dövlətinə birləşdirmişdilər. Qolan təpələri isə suyla zəngin bölgədir və xüsusilə Suriyanın cənub-qərbinin su ehtiyatı burdan təmin olunurdu. Bəşər Əsədin həmin təpəni nə vaxtsa alacağı isə 2005-ci ildən sonra heç real görünmürdü.

Suriyalılar üçün ən dəhşətli hadisə isə 2005-ci ildə baş vermişdi. Həmin ilin 14 fevralında Livanın Baş nazirinin öldürülməsində Suriya günahlandırılmış və 24 ildən bəri Livanda bulunan Suriya ordusu dərhal ölkədən çıxarılmışdı. Bu isə Suriyanın İsrail qarşısında ən böyük məğlubiyyəti kimi milli hafizəyə yazılmışdı. Bütün bu məğlubiyyətlər xalqın Bəşər Əsədə olan-qalan inamını da sarsıtmışdı.

 

Maraqlıdır ki, Azərbaycanda da son zamanlar buna bənzər hadisələr yaşanır. Rəsmi Bakının bütün etirazlarına baxmayaraq, ABŞ  qondarma “Qarabağ respublikasının” rəhbərini dünən öz ölkəsində əsl dövlət xadimi kimi qarşıladı. Bu isə Azərbaycan xalqının beynində məğlubiyyət sindromunu daha da gücləndirir.

7 il əvvəlki Suriya ilə indiki Azərbaycan arasında bənzərlikləri xeyli uzatmaq olar. Oxucuları daha artıq yormaq istəmədiyimizdən apardığımz paralellikləri burda saxayırıq. Ümidvarıq ki, Azərbaycan hakimiyyəti bütün bu deyilənlərdən nəticə çıxaracaq və ictimai narazılıqları səngitmək üçün real iqtisadi, siyasi və hüquqi islahatlara gedəcək. Ən başlıca addım isə ölkənin bütün sahələrində durğunluq yaradan köhnə kadrlarla vidalaşmaqdır. Zənnimizcə, incə düşünülmüş kadr siyasəti ölkə insanında yenidən ümid hisləri yarada biləcək.

Suriya və Azərbaycan arasında apardığımız bu paralelliklərdən müdrik xalqımız da nəticə çıxarmalı və bir çox təxribatlara qarşı ayıq olmalıdır. Əks halda, bu cəhənnəm atəşində yanan harınlamış məmurlardan daha çox, bütövlüklə Azərbaycan ola bilər. Necə ki, Suriya böhranının ən böyük zərbəsi xalqa dəydi.

Heydər Oğuz

“Hürriyyət”

 

 




Ana səhifəyə qayıt        Baxış: 4 477          Tarix: 17-03-2018, 15:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma