Bir müddət əvvəl Çinlə ABŞ arasında ticari savaş xəbərləri yayılanda bəlkə də ağlımıza da gəlməzdi ki, bu gərginlik Azərbaycan iqtisadiyyatına da təsir edə bilər. Nədən ki, ABŞ Çindən və Qərb ölkələrindən aldığı bəzi sənaye məhsullarının gömrük vergisini qaldırmış, Çin də ona cavabən eyni addımları atmışdı. Azərbaycan isə nə sənaye ölkəsidir, nə də bizim iqtisadiyyatımızın bu iki ölkənin sənayesilə uzaqdan-yaxından hansısa bir əlaqəsi var. Elədirsə, dünyanın o başında bir-birinin “qanına susayan” super güclərin bizə nə dəxli ola bilərdi?
Sən demə, biz bu gərginlik mərkəzindən nə qədər uzaqda yerləşsək belə, ticari savaşların bizdən də təsirsiz ötüşməyəcəkmiş.
“Hürriyyət”in xarici mətbuata istinadən verdiyi məlumata görə, son zamanlar dünya neft bazarında “qara qızıl”ın ucuzlaşması iki dövlət arasında yaşanan ticari savaşlarla əlaqələndirilir.
Ekspertlərin fikrincə, ABŞ-ın Çinə tətbiq edəcəyini bildirdiyi yeni ticari sanksiyaların təsiri digər bazarlarla birlikdə, neft qiymətlərində də geriləməyə səbəb olub. Mütəxəssislər hələ də həyata keçirilmədiyi halda bu cür təsirlərə yol açan sanksiyaların qüvvəyə minməsi halında qiymətlərin daha da ucuzlaşacağına inanırlar.
Qeyd edək ki, bu gün Nyu-york birjalarında Qərbi Teksas tipli “WTI” markalı neft 62 dollara qədər ucuzlaşıb. London birjasında isə “Brent” markalı neft hazırda 67.40 dollar civarında oynayır. Bu rəqəm son 3 ayda qeydə alınan ən aşağı göstəricidir.
Nyu-york birjasında “WTI” markalı neftin ucuzlaşması ötən cümə günündən başlayıb. Məlumata görə, həmin gün 2.3% ucuşlaşma qeydə alınıb və “WTI” nefti ötən həftəni 63 dollarla qapanıb. ABŞ prezident Trampın Pekini ticari rəqabətdə ilk "ilk diz çökənin Çin olacağı" barədə xəbərdarlığı da narahatlığı artırıb və qiymətlər daha da aşağı düşüb. Ucuzlaşma prosesinin davamlı olacağı və sanksiyaların tətbiqi ilə daha da sürətlənəcəyi gözlənilir. Azərbaycan iqtisadiyyatının neftdən asılılığını nəzərə alsaq, prosesin bizə də mənfi təsir göstərəcəyi şübhəsizdir.
Heydər Oğuz
“Hürriyyət”
Paylaş: