Xəbər lenti

 

Hörmətli Heydər Oğuz, şeirlərinizi və məqalələrinizi maraqla oxuyuram. İmkanım olandan-olanana “Ovqat” saytına da baxıram. İnformasiya o qədər sürətə artır ki, hamısını izləmək olmur. Ona görə də sizin rəhbərlik etdiyiniz saytda mənim üçün diqqətcəkici olan yazıların çox az bir qismini oxuya bilirəm. Bu günlər gənc araşdırıcılar Colanla bağlı məndən soruşdular. Suryada baş verən  toqquşmalarda Kolanı tayfası hansı mövqedə olduğu ilə maraqlanırdılar. Mən Suriyada Kolanı tayfasından olan türklərin varlığından xəbərsiz oluğumu söylədim. Onlar mənə  Namiq Hacıheydərlinin bu mövzuda geniş və dəyərli bir araşdırmasının “Ovqat” saytında yayıldığını dedilər.

Namiq Hacıheydərlini şəxsən tanımasam da məqalələrini həvəslə oxuyuram. Araşdırdığı mövzular mənim üçün doğmadır. Kolanılar haqqında araşdırmasının diqqətimdən qaçmasına üzüldüm. Axtariş verib “Ən əski türk soylarından biri – Kolanılar” məqaləsini tapıb oxudum. Böyük zəhmət çəkib, onlarla ədəbiyyatdan istifadə  edərək gözəl bir araşdırma ortaya qoyub. Çox sağ olsun. 2014-cü ildə az tirajla Bakıda nəşr etdirdiyim “Colan türkmanları” kitabımı da tapıb oxuyub. Hətta ondan stat da gətirib.

Namiq Hacıheydərlinin məqaləsi bir il bundan əvvəl, yəni 2017-ci il aprelin 21-də oxucu mühakiməsinə verilib.  Müəllifin “Qismət olarsa, gələcəkdə kolanı soyu ilə bağlı ayrıca kitab – araşdırmalar toplusu hazırlamaq niyyətimiz var...” cümləsini oxumasaydım yəqin ki, bu yazını yazmayacaydım. Çünki, əlimdə tamamlanmamış xeyli yazım var. Düşündüm ki, indi yazmasam Namiq Hacıheydərli kitabında da yanlışlığa yol verər və başqa araşdırıcılar da yanlışlığı təkrarlayar.

Namiq Hacıheydərlinin “Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır. Tarixi qaynaqlarda və son yüz ilin arxiv materiallarında Kolanı adı keçən xeyli sayda bəlgələr var” fikri diqqətimi çəkdi. Bu fikrə gəlmək üçün araşdırıcı, görünür, onlarla qaynağı gözdən keçirib və yəqin ki,  əlində də tutarlı dəlilləri var. 

Ancaq onun “Təkcə bir faktı deyək ki, Suriya və İsrail ərazisində min illər öncədən kolanı türklərinin yaşadığı məlumdur və onların dilləri ilə Azərbaycan türklərinin danışdığı dil arasında çox az fərq var. Yəni kolanıların Orta Asiyadan Suriyaya və İsrail ərazisinə deyil, əksinə olaraq, kolanıların bu ərazilərdən Orta Asiyaya getməsi fikri daha ağlabatan görünür” fikirni təsdiqləyə biləcək bir qaynağa rast gəlməmişəm. Mən də Colan bölgəsində yaşayan türkmanlar haqqında məqalələr və kitab yazarkən qaynaqların bir qismini gözdən keçirmişəm.

Xarici dilləri bilmirəm. Xüsusən də Doğudakı ölü dilləri. Buna görə də məqalə yazarkən dəfələrlə o sahənin bilicilərində yardım istəyir, onlarla məsləhətləşirəm. Colan təpəliklərində yaşayan türkmanları Azərbaycan, Türkmənistan və Türkiyə oxucularına tanıtmaq istəyərkən gördüm ki, bölgənin adı Colan, Golan, Cevlan və Kolan kimi yazılır. Türkiyədə əsasən Golan yazılsa da, hərdən Kolan formasına da rast gəlinir. İngilisdilli qaynaqlar və onlardan istifadə edənlər bölgənin adını Golan kimi yazırlar.

Bölgə ərəb dünyasında yerləşdiyinə görə “bu yazı şəkilindən hansını seçməli?” sualı qarşısında qalanda iş yoldaşım, ərəb bili üzrə mütəxəssis, filologiya üzrə fəlsəfə doktoru Rza Xəlilova müraciət etdim. O, bölgənin adının Colan yazılmasını münasib saydı. Fikrini də onunla əsaslandırdı ki, ərəblər Colan yazır, yunan və bir sıra Avropa xalqlarında c hərfi olmadığına görə həmin səslə başlayan sözləri g hərfilə yazırlar. Rza müəllimə böyük hörmətim olsa da yenə işimi ehtiyatlı tutmağa çalışdım. Colan türkmanlarından olub da Dəməşqdə yaşayan (toqquşmalardan sonra təhlükəsizlikləri üçün doğma kəndlərinə köçmüş), ərəb dilində yazıb-yaradmış 30-a yaxın türkman araşdırıcı və şairlərinin kitabını çap etdirmiş İbrahim Salehlə əlaqə saxladım. O, da mənə bölgənin adını Colan kimi yazmağı məsləhət gördü.

“Colan türkmanları” kitabının hazırlanmasında mənə böyük və təmənnasız yardım etmiş, gənc dostum Hişam Şabana da məktub yazdım. O, mənə aşağıdakı məktubu göndərdi: “Miladdan öncə Colanda farklı topluluqlar yaşamış və ərəb kültürünün egemen olduğu bölgeler arasında önemli bir yerə sahib olmuşdur.  Colanın adı Eski Ahinin Tesniye ve  Yeşi kitablarında Golan olaraq keçir.  Bu isim klassik yunan (M.ö  5-4 yüzillərdə)  Goulanitis şəkilini almağa başlayır. Colanın ismini tarixçi Titus Flavius Josephunusun (MS. 37-100) “Yəhudilərin savaşları” adlı kitabında Golan olarak belirtilmişdir. Çeşitli islam dönəmində yazılan Ərəbcə şeirlərdə Cevlan şəkilində yazıldığına sık-sık rastlanırık. Osmanlı arşivlərindəki bəlgələrə bakdığımızda bölgənin Cevlan olaraq adlandırıldığını görməmiz mümkündür. Golsan sözü Aramicə otlaq alan,  anlamınıda gəlirkən Yunancadakı Goulanitis kəliməsi Çayırlı təpə anlamına  və Arapcada Cevlan  kelmesinin xəfif və rüzgarlı təpə anlamına gəldigi irəli sürülməsi diqqət çəkməkdadir. Hişam Şabani”

Hişam Şabaninin məktubunda adını çəkdiyi “Eski Ahinin Tesniye ve  Yeşi kitablar” bizim bildiyimiz Tövrat və İncildir. Ensklopedik qaynaqlarda da göstərilir ki, Tövratın səhih sayılan 39 kitabından birinə Yeşu adı verilmişdir. Yahudi teolojisində ana kitab kimi qəbul edilən beş kitab “Tovrat”dan sonra yer alan Yeşu kitabıdır.

Buradan da aydın olur ki, bölgənin adı Goulanitis və Cevlan kimi yazılırmış. Yəni istər qədim, isrtərsə də orta əsir qaynaqlarında bölgənin adının Kolan kimi yazıldığına rast gəlinmir.

Qaynaqların verdiyi bilgidən də anlaşılır ki, bölgədə 18-20-ci yüzillərdə yaşayanların əksəriyyəti duruzlar (dürzi) - yəni ərəblər imiş. Çərkəz adlandırılan Quzey Qafqazdan gedənlər 19-cu yüzilin ikinci yarısında burada yerləşdirilmişdi. Bölgədə Türkmanların 12-15 kənddə yaşadıqları göstərilir. Onların da hansı nəsillərə, hansı tayfaya bağlı olduğunu  “Colan türkmanları” kitabında vermişik. O, nəsillərin və tayfaların heç birini kolanı tayfası ilə bağlayacaq bir ipucu görmədik.

Mənə elə gəlir ki, söz oxşarlığı, yəni Colanın Kolan kimi yazılması Namiq Hacıheydərlini çaşdırmış.

Mən də istərdim ki, bayatların da, avşarların da, qacarların da, kolanıların da və b. tayfaların da 3-4 min illik tarixinə dair sağlam qaynaqlar tapaq və onları geniş təbliğ edək. Lakin əldə sağlam qaynaqlar olmayanda, söz oxşarlığı və ya yanlış bir qayna ən zəhmətsevər, vətənpərvər araşdırıcını da çətin vəziyyətə qoya bilər.

Namiq Hacıheydərli zəhmətkeş araşdırıcı, vətənsevər bir insandı. İstəmirəm ki, onun yazılarında yanlışlıqlar olsun.

Hörmətlə Əli Şamil

07.04.2018




Ana səhifəyə qayıt        Baxış: 2 290          Tarix: 9-04-2018, 14:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma