Xəbər lenti

 

 

"Bağdad bu günə qədər nə etmiş ki, indi də qalxıb İraqın ərazi bütövlüyünü qorumağa çalışır?"

Ovqat.com xəbər verir ki, faktiki olaraq İraqın ərazi bütövlüyünü şübhə altına alan, ölkə suverenliyinə lağla yanaşan bu açıqlamanı Şimali İraq kürd muxtariyyətinin baş naziri Nəçirvan Bərzani dilə gətirib.

O, rəsmi Bağdadın Şimali İraqda keçirilməsi nəzərdə tutulan referendumu ölkənin ərazi bütövlüyünə zidd tədbir kimi qiymətləndirməsini tənqid edərkən onu da bildirib ki, İraq üçün ən böyük təhlükə problemlərə ciddi yanaşmamaqdan irəli gəlir və ölkə bunun ağır bədəllərini ödəyəcək.

Bərzani Bağdadı PKK-ya yardım etməkdə də günahlandırıb: "Təəssüf ki, Bağdaddakı bəzi qüvvələr PKK-ya Şenqalda qalması üçün hər cür kömək edir. Bu səhv və İraqın mənfəətinə olmayan siyasətdir. Bu cür siyasətlər bəzi dəhşətli nəticələrə gətirib çıxara bilər”.

PKK-nın Şenqalda məskən salması ən çox Türkiyəni narahat etdiyindən Nəçirvan Bərzaninin Bağdadı bu məsələdə günahlandırması təsadüfi görünmür. Məqsəd, təbii ki, Türkiyə ilə İraq arasında onsuz da gərgin olan münasibətləri daha da qızışdırmaq və bu regional mübarizədə özünə istinad nöqtəsi qazanmaqdır.

Bununla belə, kürd siyasi iradəsinin bu cür parçalanması, silahlı qüvvələrinin müxtəlif himayədar axtarışları ABŞ-ın Yaxın Şərqdə qurmağa çalışdığı Kürdüstanın perspektivini də şübhə altında qoyur. Sirr deyil ki, siyasi hakimiyyət uğrunda vuruşan Bərzani əşirəti ən ciddi dəstəyini Türkiyədən aldığı kimi, Təlabanilər İranın himayəsinə sığınıblar. PKK isə bir çox hallarda Təlabani əşirəti tərəfindən ciddi şəkildə müdafiə edilir, onun idarəsi altında olan Kərkükdə, Süleymaniyyədə bürolar açır, konfranslar keçirir. Suriya kürdləri arasında da PKK-nın hegemon güc olduğunu nəzərə alsaq, əşirətlər arasındakı hakimiyyət mübarizəsinin bu xalqı tamamilə ikiyə böldüyünü təsəvvür etmək çətin deyil.

Bu bölünmüşlük yaxın keçmişdə kürd xalqı arasında qardaş qırğınlarına belə, səbəb olmuş, xüsusilə, 1980-90-cı illərdə davam edən vətəndaş müharibəsində minlərlə insan itkisiylə tarixin yaddaşına həkk edilmişdir. Region dövlətlərinin geopolitik və geostratejik maraqlarının çarpışması onların himayəsinə sığınan kürd qruplarını da yenidən aktivləşdirir və belə görünür ki, getdikcə şiddətini artıran gərginlik, bölgəni mütləq sona - qanlı vətəndaş müharibələrinə doğru sürükləyir. Hər an çıxması gözlənilən bu vətəndaş müharibəsi Yaxın Şərqi yenidən şəkilləndirmək istəyən Qərb imperialistlərinin, xüsusilə ABŞ-ın “Kürdüstan” projesini puça uğradacağından bölgə güclərinin də maraqlarına cavab verir. Nəçirvan Bərzaninin dediklərinə inansaq, Bağdadın Şenqalda PKK-nı dəstəkləməsi bu mənada başa düşüləndir.

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 1 536          Tarix: 15-05-2017, 09:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma