Xəbər lenti

 

 

Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin dünən mətbu orqanlarda yayılan bəyanatında diqqət çəkən bir məqam vardı. Məhbus bankir məhkəmədə vəkilləri tərəfindən dəfələlərlə vəsatət qaldırılmasına baxmayaraq, heç birinin təmin edilmədiyini bildirib və bunu Beynəlxalq Bankla bağlı həqiqətlərin ortaya çıxmasında maraqlı olmayan qüvvələrin işi adlandırıb. O, həmçinin qeyd edib ki, əslində Beynəlxalq Bank həqiqətlərinin üzə çıxarılmaması ölkə başçısının iradəsinə qarşı çıxmaqdır: "Çünki Prezident bu məsələlərin ciddi araşdırılmasına göstəriş verib".

Maraqlıdır; Azərbaycan məhkəmə sistemi Prezidentin iradəsinə necə qarşı çıxa bilər? Məhkəmələri buna vadar etməyi bacaran güclü əl kimdir?

Ovqat.com-un suallarına cavablandıran Cahangir Hacıyevin vəkili Aqil Layıcov bu barədə konkret ad çəkə bilməyəcəyini dedi: “Amma fakt budur ki, əlimizdə Cahangir Hacıyevin mənimsəməkdə ittiham edildiyi  kreditlərin hara getdiyi, necə xərcləndiyi barədə kifayət qədər təkzibolunmaz sənədlər var. Məsələn, "Mekon" MMC və "Unioil" MMC şirkətlərinin götürdüyü 10 milyon dollarlıq kreditin "Elite Construction"ın səhmlərinin alınmasına sərf olunduğu bəllidir və bu, əlimizdəki sənədlərlə də təsdiq olunur. Yaxud, “Anika Eterprise”şirkəti üçün ayrılan kreditin əslində Albaniyadakı bir Neftayırma Zavoduna göndərildiyi də sirr deyil. Zavodun özü də bunu inkar etmir və məhkəməyə 40 milyon dəyərində Beynəlxalq Bankdan kredit aldığını təsdiqləyən sənəd göndərib. Məhkəməni isə mənimsənilməkdə ittiham olunan vəsaitin taleyi maraqlandırmır”.

Layıcovun sözlərinə görə, məhkəmənin tutduğu bu mövqe istər-istəməz insanların beynində fərqli fikirlərə yol açır: “Belə təsəvvür yaranır ki, “Beynəlxalq Bank” işi hansısa qüvvənin sifarişi əsasında özlərinin arzuladıqları istiqamətdə aparılır. Görünür, bəzi hüquq müdafiəçiləri də məhz bu arqumentləri əsas götürüb Cahangir Hacıyevi siyasi məhbus siyahısına salmaq istəyiblər”.

Həqiqətən də, nə özünün, nə müvəkkilinin belə bir təşəbbüsü olmadığını bildirən vəkilin fikrincə, bütün baş verənlər kompleks şəkildə həyata keçirilən siyasət təsəvvürü yaradır: “Bir tərəfdən Beynəlxalq Bank işinin məhkəməsində ən elementar hüquq normaları gözlənilmir və həqiqətən də, sifarişli proses görüntüsü ortaya çıxarılır. Digər tərəfdən isə hüquq müdafiəçiləri Cahangir Hacıyevin siyasi məhbus olub-olmadığını müzakirə edirlər. Nəticədə müvəkkilim süni şəkildə yaradılmış vəziyyətdə bu mübahisənin təşkilatçısı kimi görünür. Əslində isə bu vəziyyətin yaranmasında əsas rol oynayan yeganə amil məhkəmə işinin ədalətli aparılmamasıdır”.

Cahangir Hacıyevə yaxın olan bir başqa mənbə də “siyasi məhbus” məsələsinin mübahisə predmetinə çevrilməsini  Beynəlxalq Bank həqiqətlərinin üzə çıxmamasında maraqlı olan tərəflərin işi hesab edir. Adının açıqlamasını istəməyən mənbənin fikrincə, sabiq bankiri bu təşəbbüsdə maraqlı tərəf kimi göstərməklə faktiki olaraq Hacıyevi Azərbaycanı beynəlxalq təşkilatlara şikayət edən, bir növ, siyasi iradəyə qarşı çıxan şəxs qismində tanıtmağa çalışırlar: “Məqsəd Appelyasiya Məhkəməsi mərhələsində Cahangir Hacıyevi dillema qarşısında qoymaq, özünümüdafiə imkanından məhrum etməkdir. Görünür, onun ədalətsizlik qarşısında susması üçün bu cür məkrli oyunlar oynanılır”.

Xatırladaq ki, bir müddət əvvəl hüquq müdafiəçilərindən olan Oqtay Gülaliyevin facebook səhifəsində paylaşdığı bir statusda Cahangir Haciyevin məsələsini diqqətdə saxlayacaqlarını bildirməsi ciddi müzakirələrə səbəb olmuşdu. Xədicə İsmayıl və bəzi başqa həmkarları Oqtay Gülalıyevi Beynəlxalq Bank məsələsini siyasiləşdirməkdə, Cahangir Hacıyevi siyasi məhbus kimi təqdim etməkdə günahlandırmışdılar.

Sosial şəbəkələrdən ölkə mətbuatına sıçrayan və ciddi müzakirələrə yol açan məsələyə, nəhayət, Cahangir Hacıyev də reaksiya vermək məcbiriyyətində qalmışdı. O, məhbəsdən göndərdiyi bəyanatında bu müzakirələrdə rolunun və belə bir niyyətinin olmadığını etiraf etmişdi.




Ana səhifəyə qayıt        Baxış: 1 471          Tarix: 9-05-2017, 13:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma