Xəbər lenti

 

Almaniya Baş Naziri Angela Merkel Rusiya Prezidenti Vladimir Putinlə Rusiyanın Soçi şəhərində görüşüb.

Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, görüşdə Almaniya və Rusiya münasibətləriylə yanaşı, Suriya, İran və “Şimali axını-2” layihəsi müzakirə olunub.

Görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edən Angela Merkel Rusiya ilə yaxşı əlaqələr içində yaşamağın Almaniyanın da strateji maraqlarına uyğun olduğunu bildirib:

“Cəmiyyətlərimizin həmfikir olduğu bir çox əlaqələr və əməkdaşlıq sahələri var. Amma həm də çox dərin və ciddi fərqlər də mövcuddur və biz buna qatlanmaq məcburiyyətindəyik. Yenə təkrar edirəm, əgər problemləri həll etmək istəyirsinizsə, bir-birinizlə danışmalısınız".

 İki ölkə arasında ticari əlaqələrin durmadan artdığını və qarşılıqlı iqtisadi münasibətlərin önəmini vurğulayan Rusiya lideri Vladimir Putin də Almanya ilə Rusiyanın hər zaman önəmli tərəfdaş olduğunu bildirib: “Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 23 faiz artıb və bu rəqəm bu ilin əvvəlində yenidən 13 faiz yüksəlib”.

Rusya Prezidenti Vladimir Putin də çıxışında “Şimal axını-2” layihəsinə toxunub və buna yalnız iqtisadi layihə kimi baxdıqlarını qeyd edib. Layihəyə mane olmağa çalışanların öz iqtisadi maraqları olduğuna eyham vuran Putin ABD-ın “ Şimal axını-2” nin ləğvi üçün Almaniyaya təzyiq etdiyi iddialarını qiymətləndirkən deyib:

"Donald Tramp yaxşı iş adamıdır və Amerikanın mayeləşdirilmiş qazının (LNG) Avropa bazarına tədarükünü təşviq edir. Onu başa düşürəm. Ancaq biz də “Şimal axını-2”-nin Rusiya üçün faydalı olduğunu düşünürük və həyata keçməsi üçün mübarizə aparacağıq".

 Putin Avropa bazarında ABŞ qazının rus qazından 25-30 faiz baha olduğunu qeyd edərək iki dövlət arasındakı ziddətlərin başlıca səbəbini bu amillə əsaslandırıb:

"ABŞ-ın “Şimali axın-2”-yə mənfi münasibətinin səbəbini anlayırıq. Bu dünyagörüşü Barak Obama hakimiyyətindən indiki ABŞ rəhbərliyinə irs qalan nadir strategiyalardan biridir".

 Almaniya Baş naziri Angela Merkel isə “Şimal Axın-2”-yə bir kommersiya layihəsi kimi baxdıqlarının altını cızaraq, bu məsələdə Rusiya ilə müəyyən görüş ayrılığında olduqlarını da gizlətməyib:

"Ancaq layihənin fərqli faktorları da var. Xüsusilə, layihə inşa edildikdən sonra Ukraynanın tranzit rolunun davam etməsi bizim üçün strateji əhəmiyyət kəsb edir. Bu məsələdə tərəflərə dəstək verməyə hazırıq".

 

İstər alman, istərsə də rus liderinin “Şimal axını-2” layihəsindən bu cür ehtiyatla danışması təsadüfi deyil. ABŞ-ın nüfuzlu mətbuat orqanı “The Wall Street Journal”da dünən nəşr olunan bir xəbərə görə, Tramp Almaniyanın “Şimal axını-2” layihəsinə verdiyi dəstəkdən imtina etməsi üçün Merkelə ciddi təzyiqlər göstərir. Xəbərdə, həmçinin, o da bildirilirdi ki, ABŞ prezidenti bu tələbin əvəzində, polad və alüminium idxalına gətirdiyi yeni gömrük rüsumlarıyla əlaqədar Avropa Birliyinə güzəştə getmək və bunun üçün danışıqlara başlamaq niyyətindədir.

Dəyərinin 10 milyard avro həcmində olması gözlənilən “Şimal axın-2” layihəsində ildə 55 milyard kubmetrlik rus qazının Baltik Dənizi vasitəsilə Almaniyaya sövq edilməsi nəzərdə tutulur. Başda ABŞ olmaqla, Ukrayna, Polşa və Baltik ölkələrinin inşasına qarşı çıxdıqları layihənin tərəfdaşları arasında Qazpromla yanaşı, Shell, OMV, Engie, Uniper və Wintershall kimi şirkətlər də yer alır.

Hər iki liderin dediklərindən belə çıxır ki, onlar ABŞ-ın Ukrayna böhranında müxtəlif bəhanələrlə dayandırmağa çalışdığı “Şimal axını-2” layihəsini öz kommersiya maraqlarına uyğun hesab edirlər. Bu isə təkcə ABŞ-ın deyil, həm də Avropaya inteqrasiya yolunda böyük bədəllər ödəyən Ukraynanın “ofsayt”a salınması deməkdir.

Xatırladaq ki, 2013-cü ilin noyabrında Ukrayna Avropa Birliyinə inteqrasiya barədə müqaviləni imzalamaqdan imtina etmiş və Rusiyaya yönəlmişdi. Bu da Ukraynada böyük etirazlara səbəb olmuş, aylarla davam edən Maydan hərəkatı, nəhayət, 2014-cü ildə qələbə çalmışdı. 80 nəfərin ölümü, yüzlərlə insanın yaralanmasına səbəb olan bu hadisədən sonra Rusiya Ukraynadan keçən “Şimal axını” layihəsini dayandırmışdı. Avropaya qaz nəqlini nəzərdə tutan bu proyektin əvəzinə “Şimal axını-2” layihəsi gündəmə gətirilmişdi.

“Şimali axını-2” layihəsi Avropaya satılacaq  rus qazının Baltik dənizinin altından keçirilməsini öngörür. “Qazprom”un avropalı ortaqları “E.ON”, “BASF/Wintershall”, “OMV”, “ENGIE” ve “Royal Dutch Shell” şirətlərilə 2015-ci ilin sentyabrında bağladıqları ilkin razılıq sazişi həmin vaxt Ukraynanı xəyal qırıqlığına uğratmışdı. Başda ABŞ olmaqla, Şərqi Avropanın əksər dövlətləri buna kəskin etirazlar etmiş və Qərbi Avropa şirkətlərinin hərəkətlərini qınamışdılar.

Ukraynanın rus qazından məhrum edilməsiylə nəticələnən bu anlaşma imzalanan zaman Slovakiyanın o dövrdəki Baş naziri Robert Fikonun dilə gətirdiyi bəzi sözlər həmin etirazların ən gözəl ifadəsidir. Məlumata görə, ukraynalı həmkarı Arseniy Yatsenyuk ilə keçirdiyi birgə mətbuat konfransında danışan  Fiko “Şimali axını-2” kəmərinin Slovakiya və Ukraynanı milyardlarla dollar zərərə salacağını bildirərək, bunu xəyanət adlandırmışdı:

"Bizi axmaq yerinə qoyurlar. Aİ üzvü Slovakiyaya xəyanət edirlər və Avropa Şurasının Ukrayna ilə bağlı siyasi qərarlarına qarşı çıxırlar".

Göründüyü kimi, bütün təzyiqlərə baxmayaraq, “Şimal axını-2” layihəsi hələ də Almaniya və Rusiyanın siyasi gündəmindən düşməyib.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 940          Tarix: 19-05-2018, 14:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma