Xəbər lenti

 

Son zamanlar Azərbaycanda ən ciddi müzakirə olunan məsələlərdən biri də Beynəlxalq Bankın restrukturizasiya üçün Nyu-York məhkəməsinə müraciət etməsi oldu. Bir çox iqtisadçı ekspertlər ABB-nın yarıdövlət bankı olduğunu əsas gətirib bu addımı xeyli təhlükəli hesab edirlər. Onların fikrincə, məhkəmə iddianı qəbul etməsə, bank borclarını qaytara bilməyəcək və bu da onun iflası kimi səciyyələndiriləcək. Dövlət bankı olduğu üçün onun iflası həm də faktiki olaraq Azərbaycanın defoltu deməkdir.

Bəs, görəsən, təhlükə həqiqətən də bu qədər böyükdürmü?

Eks-spiker Rəsul Quliyevlə söhbətimizə də məhz bu sualla başladıq. Onun Ovqat.com-a müsahibəsini təqdim edirik:

 

-Salam, Rəsul müəllim. Sizdən bir-iki suala cavab almaq istəyərdim. Bilirsiniz ki, Azərbaycanda ən ciddi müzakirə olunan məsələlərdən biri də Beynəlxalq Bankın ətrafında  baş verənlərdir. Bir çox iqtisadçı ekspertlər dövlət bankı olduğu üçün ABB-nin iflasını faktiki olaraq Azərbaycanın defoltu kimi qiymətləndirirlər. Həqiqətənmi təhlükə bu qədər böyükdür?

- İlk növbədə ABB (kağız üzərində yarımdövlət kimi görünə bilər) əslində dövlət bankıdır. ABB-nin borclu olduğu kreditorlar əgər başqa məhkəmələrə, məsələn, London məhkəməsinə müraciət etsə idilər, iflasdan qaçmaq mümkün olmaycaqdı. Ona görə ABB təcili surətdə Nyu-York məhkəməsinə müraciət edib ki, ABŞ-da qanunlar kompaniyalara qarşı daha liberaldır. Ancaq istənilən variantda kreditorların borcunu qaytarmaq lazım gələcək. Nyu-York məhkəməsi sadəcə borcların ödənilməsi prosesinə tərəflərin yenidən baxmasını təklif edə bilər. Bu da ABB-nin ömrünü bir qədər uzadar, amma iflasdan xilas edə bilməz. ABB-nin kapitalının və verdiyi kreditlərin bazası neftdən gələn pulların hesabına yaradılıb. İndi ancaq neftdən gələn pullarla kreditorların borclarını qaytarmaq olar, ancaq istənilən variantda neft iynəsinə oturmuş ABB-nin yaşamaq şansı sıfıra bərabərdir.

-Azərbaycan defolt elan olunarsa, xalqı nə gözləyir?

- Mən bu iddia ilə razılaşmıram. ABB-nin iflası Azərbaycanın defolt olması demək deyil. Defoltun baş verməsinin səbəbləri başqadır, daha dərin və təhlükəlidir. Defolt insanların əlində olan pul kütləsinin ölkənin daxilində satılan malların qiymətlərindən çox olduğu və həndəsi silsilə ilə pulun artması, malların çatışmadığı şəraitdə qiymətlərin, əvvəl hər gün, sonra hər saatdan bir artması nəticəsində baş verir. Hökümət məcbur olub malların qiymətlərinin qalxmasına yaşıl işıq yandırır. Və bir gün səhər açılır, insanlar yuxudan oyanıb, məsələn, çörəyin qiymətinin 10, yağın qiymətinin 20, ətin qiymətinin 30, maşının qiymətinin 100 dəfə artdığını görürlər. Defolt budur və 1993-cü ildə belə bir hadisə Azərbaycanda baş verib...

-Adətən, bütün dünya dövlətlərində defolt həm də hökumətlərin tarixə qovuşması, bir daha hakimiyyətə gəlməsini belə əngəlləyən haldır. Sizcə, gözlənilən bu durumda Azərbaycan hökuməti hansı addımı atacaq?

-Azərbaycanda defolt baş verərsə, xalqı fəlakət gözləyir. Əhalinin 90 faizi dilənçi vəziyyətinə düşəcək. Ölkədə regional xaoslar başlayacaq, inkişaf edib genişmiqyaslı və insan tələfatı ilə nəticələnən hadisələrə çevriləcək. Ölkədən qaçanların sayı 10 dəfələrlə artacaq. Azərbaycan hökümətinin başında dayananların bu xaosların qarşısını ala biləcək heç bir şansı yoxdur.

1993-cü ildə xalq Əliyev faktoruna inanırdı və buna görə də defolt fəlakətlə nəticələnmədi, ancaq Azərbaycanı tərk edənlərin sayı milyona çatdı. İndi insanların inana biləcəyi fiqur yoxdur, mən ola bilərdim, təəssüf, ölkədə deyiləm.

Defolt ssenarisi müxtəlif variantlarda inkişaf edə bilər. Məsələn, hökümətdə aşağı eşalonda olanlar (nazirlər) müvəqqəti hökümət yarada bilərlər, oğurladıqları pulların 70 faizini, daha yüksək siyasilərin və ətrafının mülkiyyətinin isə 100 faizini (mümkün olsa, həm də xaricdəki pullarını) müsadirəsindən gələn kapitalın hamısını defoltun nəticələrini ləğv etməyə yönəldərlər. Beləcə, əsas ərzaq mallarının qiymətlərini insanların alıcılıq qabiliyyətinə uyğunlaşdıra bilərlər.

Bir sözlə, bunlar hamısı çox mürəkkəb işlərdir. Bunları həyata keçirmək üçün kifayət qədər güclü intellekt və qətiyyət lazımdır. 24 ildir daima manqurtlaşdırılan ( o cümlədən müxalifətdə) insanların içərisindən belə ciddi işləri görə biləcək adamları tapmaq çox çətindir.

-Defoltdan çıxış yolları nələrdir?

-Defoltdan çıxış yolu ayağını yorğanına görə uzatmağın çox vacib olduğunu anlamaqdır. Bu gün heç kimə, o cümlədən idmançılara lazım olmayan İslam Oyunları adı altında az qala milyard dollara yaxınlaşan pulları havaya sovurmaqla defoltun qarşısını ala bilməzsiniz. Hökümət elə özünü aparır, elə bil, 2014-cü ildən bu günə qədər ölkədə heç bir şey baş verməyib. Mən heç vaxt insanların (hakimiyyətdə oturanların) bu səviyyədə nadan ola biləcəklərinə inanmazdım, ancaq inanmaq lazım imiş.

Hökümət təcili surətdə imari xərcləri dayandırmalı, ancaq insanlara lazım olan xərcləri saxlamalıdır. Əks halda, yaxın zamanlarda defolt bütün fəlakətləri ilə Azərbaycanı bürüyəcək.

-Azərbaycan müxalifəti yaranmış yeni situasiyaya hazırdırmı?

- Müxalifətin belə bir vəziyyətdə rolundan danışmağa dəyməz. Onların yazılarını oxuyuram, hökümətdən daha çox ölkədəki vəziyyətdən bixəbər adamlardır, hələ də köhnəlmiş şüarlarla yaşayırlar.

-Son zamanlar Rusiya da Azərbaycana qarşı mövqeyini açıq şəkildə ortaya qoyur. Moskva və onun əlaltısı olan Ermənistan yaranmış bu böhrandan necə istifadə edə bilər?

 -Əgər defolt baş verərsə, Azərbaycan Rusiya, İran və Türkiyənin maraqlarının toqquşduğu arenaya çevriləcək. Yenə 1993-cü ilə qayıdaq. 1993-cü ildə Əliyev hər 3 ölkəyə nələrisə söz verərək problemi həll etməyə nail oldu. Bir qədər güclənən kimi onların yox, öz şəxsi maraqlarını həyata keçirdiyini qırağa qoysaq, 1993-1996-cı illərə qədər müəyyən stabillik əldə edə bildi. Bu dəfə yeni bir şəxsiyyət ortaya çıxmasa, bu 3 ölkə Azərbaycanı öz maraqlarına uyğun böləcək. Amma ərazilərini yox, varidatını. Məsələn, tutaq ki, neftə Türkiyə sahib çıxacaqsa, qaza Rusiya sahiblənəcək. Ölkəyə ərzaq malları gətirmək isə İranın payına düşəcək. Yəni Azərbaycanı  belə bir qara perspektiv gözləyə bilər.




Ana səhifəyə qayıt        Baxış: 12 665          Tarix: 16-05-2017, 21:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma