Xəbər lenti

  

Azərbaycan Beynəlxalq Bankı ətrafında müzakirələr davam edir. Ölkənin ən nüfuzlu iqtisadçı analitiklərindən olan ADR sədri Qubaq İbadoğlu da dünən facebook səhifəsində bu məsələylə bağlı öz mövqeyini bildirib.

Onun analizini Ovqat.com oxucularına çatdırırıq:

 

“Nyu-York məhkəməsinin ABB ilə bağlı qərarı valyuta bazarına təzyiqi artıra, manatı zəiflədə bilər.

Nyu-York məhkəməsi "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-nin müraciətini təmin edərək bu maliyyə qurumunun aktivlərinin ABŞ-dakı xarici kreditorların iddia tələblərindən qorunması barədə qərar qəbul edib. Burda başlıca məqsəd ABB-nin ABŞ-dakı xarici öhdəliklərinin restrukturizasiya prosesinin tanınmasına və kreditorlar tərəfindən iddia tələblərinin qarşısının alınmasına nail olmaqdır. Məlum qərardan sonra ABB-nin xarici kreditorlar öhdəliklərinin könüllü restrukturizasiyası prosesində bankın aktivləri ilə bağlı tələblərini irəli sürə bilməyəcəklər. Bundan sonra da davam edəcək restrukturizasiya planı üzrə ABB-nin bir sıra xarici maliyə institutlarından xarici valyutada cəlb etdiyi borclar dövlətin öhdəliklərinə daxil ediləcək.

Məlumat üçün qeyd edim ki, indiyə qədər Azərbaycan dövləti ABB-nin 9,93 milyard manat dəyərində toksik aktivlərini alıb, bankda 1,3 milyard dollarlıq və 70 milyon manatlıq depozit yerləşdirib, nizamnamə fondunun artırılması üçün banka 600 milyon manat vəsait ayırıb. Hələ bundan sonra da dövlət ABB-nin 3,3 milyard dollarlıq xarici borc öhdəliklərini üzərinə götürəcək. Fikrimcə, ABB-nin xarici borc öhdəliklərinin dövlətin üzərinə götüməsi aşağıdakı fəsadlar yaradacaq.

Birincisi, bu fakt ümumilikdə milli iqtisadiyyatın durumuna pis təsir göstərək.

İkincisi, bu qərar valyuta bazarına təzyiqi artıracaq və manatın məzənnəsinin zəifləməsi üçün ciddi əsaslar yaradacaq.

Üçüncüsü, baş verənlər Azərbaycana investisiya qoyuluşunun və kredit əldə edilməsinin riskini yüksəldəcək, xüsusən də özəl mülkiyyətdə olan bank, sığorta və digər maliyyə institutlarının xaricdən valyuta ilə ucuz və uzunmüddətli sərmayə cəlb olunmasını çətinləşdirəcək.

Dördüncüsü, bir qrup tərəfindən mənimsənilmiş vəsaitə görə yaranmış borcun vergi ödəyiciləri və ya neft gəlirləri hesabına ödənilməsi dövlət maliyyəsinin səmərəsizliyini artıracaq.

Nəhayət, gedən proseslər indiki şərtlərlə özəlləşdirməyə hazırlanan ABB-nın gələcək sahiblərini indidən məlum edir və bank bazarında inhisarçılığı daha da gücləndirəcək”.




Ana səhifəyə qayıt        Baxış: 1 944          Tarix: 16-05-2017, 07:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma